Məsul katibi: Şəfa EYVAZ

Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Məhəbbət” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.

***

Mənə dözüm ver, qoca dünya, dözüm,
Mən dözə bilmirəm dərdinə sənin.
Kim dözüm itirib?
axtarım, gəzim,
Mən dözə bilmirəm dərdinə sənin.

Hər adamın öz yükü var çiynində,
Söz qananın söz yükü var çiynində,
Mən qəribin duz yükü var çiynində,
Mən dözə bilmirəm dərdinə sənin.

Bu dərzinin iynəsi nə, sapı nə?
Dərdi biçib tərs geydirib əynimə.
Dar biçilib, boğuluram içində
Mən dözə bilmirəm dərdinə sənin.

Buz tutur getdikcə dodağım, gözüm,
Öz tüstümə boğuluram mən özüm.
Mənə dözüm ver, qoca dünya, dözüm…
Dözmək istəyirəm dərdinə sənin!

Mən

Mənə ümid verib yarıda qoydun…
İçimdə dağıldı arzularım da…
Gözü yolda qaldı yetim ümidin…
Bir de bu ümidə bələnmərəm mən.

Qəlbimdə boy verən güllərim solub,
Həsrətdən yük tutan gözlərim dolub..
Bulud olub, yağış olub, qar olub
Keçdiyin yollara çilənmərəm mən.

Doğma gözdən yad baxışla gülümsə…
Diri cana qənim gəlmiş ölümsən.
Lap ac olsam, evsiz olsam, sürünsəm…
Səndən eşq-məhəbbət dilənmərəm mən.

***

Yağırsan yağışım
Damla-damla
Göy üzündən,
Gözlərimdən,
Baxışımdan…

Yağırsan yağışım
İsladırsan həzin-həzin
Yer üzünü,
Göy üzünü,
Üst-başımı…

Yağırsan yağışım
Silirsən pəncərəmdən
Əl izimi,
Ad yazımı,
Naxışımı…

Yağırsan yağışım
Gözləmirsən yığam gedəm
Bu yağışlı yer üzündən
Taleyimi,
Ürəyimi,
Ruhumu…

Bütün şəhər Sənə bənzəyən insanlarla doludu…
Və mən indi Sənə bənzəyən üzlər arasında
tamamilə tənhayam,
Bilirsənmi?
Bir həsrətə dözə bilməzkən
Hər saniyə Səninlə üz-üzə gəlmək…
İntihar etmiş məsumiyyətin
Göy üzündə asılı qalan
Son iniltisini duymaq kimidi…

***

Gülümsəyib keçmək lazımdı bəzən həyata,
Sadəcə gülümsəmək.
Tüpürüb ağrılarına,
Səni ağrıdanlara da
Qucaq-qucaq,
buket-buket gülümsəmək.

Əllərini tutmayan
Soyuq əllərə inad,
Ürəyindən gəlməyən
Bir “salam”ı
verməyə üşənən dillərə inad
Gülümsə!

Kədər səndən böyük ki deyil…
Əslində yazdıqların
Körpə ürəyinin iniltisidi.
Yad qulağa xoş gələn
hüznlü sətirlərin
Yaralı hisslərin əsintisidi.
Bütün bunları bilən varmı ki?!
Gülümsə!

Çəkdiyin acının tərənnümünə
Bər-bəzək geydirib “şeir” deyirlər.
Bəlkə də sən başqaları-
Elə lap yadlardan yad adamlarçün
Şairsən.
Sıyrılıb doğmalıq təbəssümündən
Saxta təntənəylə
Adının yanına “şair” deyirlər.
Ya elə olsun, ya da ki belə
Bütün cəbhələrdə sən hələ təksən,
İndi nə anlamı var ki
Nə deyirlər desinlər…
Gülümsə,
Şair, gülümsə!

Qorxu…

Qorxaq doğulduq bu həyata…
qorxaq.
daha gözümüz açılmadan
üsyan etdik həyata, qorxularla
səsimizlə…
qorxduq həyatın bizə hazırladıqlarından…
bəlkə daha doğular-doğulmaz,
əl-ayağımıza vurulan buxovlar qorxutdu bizi…
həyat bu olsa gərək…
bizi azadlıqdan ayıran bələk.
bəlkə də.

Qorxaq doğulduq həyata…
yetmədi, qorxaq böyüdük…
uşaqkən əllərimizə vurdular
öyrənmək istədiyimizə toxunduğumuzda,
istiyə toxunduq… oddan qorxduq,
yıxıldıq, yeriməkdən…
həyata ilk addımlar atdığımızda.

Qorxaq doğulduq həyata…
qorxduq.
qarşımıza çıxan təpələri dağ sandıq,
kiçicik baryerləri yüksək divarlar…
öyrəndik lazımsızları gözümüzdə böyütməyə
beləcə aldandı gözlərimiz də…
qorxaq böyüdük…

Qorxmamaq lazımdı halbuki…
qorxmamaq.
barmağımızı çatdıra bildiyimizə həyatımızla tutunmaq
savaşa bilmək əllərimizi yandıran odla,
mübarizə aparmaq dizimizi sıyıran
daşla-torpaqla…
yenmək qorxularımızı
irəliyə addımlamaq, ancaq irəli
hətta bəlkə həyatımız bahasına…
bacarmadıq…

Biz həyata qorxaraq doğulduq…
qorxaraq böyüdük…
qorxaraq öləcəyik
Əcəl adlı zəngin son sədasından…

nə idi qorxu, qorxmaq?!
Bəlkə də qorxmaq, qorunmaqdı yox olmaqdan…
kim bilir???