ÖLDÜRÜR

Bu şeir Ağdaş rayonunda, böyük şairimiz Maqsud
Şeyxzadənin anadan olmasının 85 illiyi ilə bağlı
məclisdə xanəndə Ağaxan Abdullayevin ilahi dərəcədə
gözəl çıxışından sonra yazılmışdır.

Ellər, məni ürəyimdən axıb gedən qan öldürür,
Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür.

Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm,
Məni bu gün yaşadığım müqəddəs bir an öldürür.

Atəş kimi qarsaladı “Segah”ın fəryadı məni,
Bu atəşdən yayınmağa yoxdu bir imkan, öldürür.

Bu nə səsdi, bəlkə bu gün həzrəti Davud dirilib,
Heyranların heyranıyam, məni bu heyran öldürür.

Allah belə ölümləri duyanlara çox görməsin,
“Şüştər” bu gün verib yenə qətlimə fərman, öldürür.

Məni sevən dostuma bax, çevrilib cəlladım olub,
Vallah, Zəlimxan ölməzdi, onu Ağaxan öldürür.

GƏTİRƏ

Bu şeir qarmonçalan Rəhmanın filarmoniyada
keçirilən yaradıcılıq gecəsində oxunmuşdur.

Çəkilə zülmət gecələr, vaxt üzümə dan gətirə,
Azadlığın səhər yeli cansıza da can gətirə.

Gözlədiyim o günləri öz vaxtında gətirməsə,
Qorxum budur, həsrət mənim gözlərimə qan gətirə.

Görüş yeri Təbriz ola, sevdamız bir dəniz ola,
Bu görüşlər ömrümüzə ən istəkli an gətirə.

Vurğun ilə Şəhriyarın səsi gələ qulaqlara,
Bir millətin tarixinə şərəf verə, şan gətirə.

Seyid, Cabbar şad xəbərə məzarından baş qaldıra
Qarabağdan məclisimə şikəstəni Xan gətirə.

Durna kimi səf-səf ola Azərbaycan gözəlləri,
Elin bayram günlərinə gül dərə, reyhan gətirə.

Kamil yenə qaboy çala, yandıra Habil kamanı,
Uzaq yollar yaxın ola, qarmonu Rəhman gətirə.

Ulu Tanrı, eşit məni, rəhm elə Rəhmanımıza
Bəlkə, onun barmaqları dərdlərə dərman gətirə.

Haqqın səsi bayraq ola, Bakı, Təbriz qucaqlaşa,
Bu xoş günün müjdəsini xalqa Zəlimxan gətirə.