“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
ŞAHANƏ MÜŞFİQİN HEKAYƏ ALƏMİ HAQQINDA DÜŞÜNDÜKLƏRİM
Peçenyeləri sevirəm… Hətta, o qədər sevirəm ki, bəzən heç alıb yemirəm də.
Aleksey Tatarinovun təbirincə desək, “ruhi xəstə, suisidallığa meylli” olan yazıçıdan hər qəribəliyi gözləmək mümkündür. Bu mümkünlüyün əlhavasına yazırıq hamımız elə…
Yazırıq, gülürük…
Yazırıq, ağlayırıq…
Yazırıq, öz gözümüzdən düşürük…
Yazırıq, qürurlanırıq…
lll
Peçenyelərə olan sevgimi anlatdığım cümləni yazının müqəddiməsi etməyim elə-belə deyil… “Ulduz” jurnalının aprel sayında Şahanə Müşfiqin “Bir qutu peçenye” haqqındakı hekayəsi yer alıb. “Dərgidə kitab”ın bu dəfəki “ev yiyəsi” Şahanədir, qonaqlarından biri də mən… Və gənc qələm dostum məni “Bir qutu peçenye”yə, “Yarımçıq dönər”ə qonaq edəndən sonra qəfildən “Nə yazım?!” dedi. Bilirəm ki, bu sualı mənə ünvanlamayıb… Ümumiyyətlə, heç kimə ünvanlamayıb… Bu sualın cavabı elə onun bura qədərki yazdıqlarındadır…
Düz bir il əvvəl, 2017-ci ilin aprelində də Şahanənin “Ulduz”da hekayəsi çıxmışdı; “Asflat çatı”… Atasızlığı öz kiçik düşüncəsiylə dünyanın olur-olmazlarından süzdürən balaca bir uşaq haqqındadı bu hekayə… O qədər duyğulanmışdım ki… Ona görə də 2017-ci ilin may “Ulduz”unda yazıçı Seyran Səxavətin “Sözün xətrinə” adı ekspert rəyindəki fikirlərlə razılaşmamışdım… Heç indi də razılaşa bilmirəm…
Növbəti may “Ulduz”u əlimdə deyil. Ekspert rəyinin nə olduğundan da xəbərsizəm… Sadəcə, Şahanənin açdığı süfrənin bir kənarında bardaş qurub əyləşmişəm.
lll
“Bir qutu peçenye” ana haqqında romansdır. Notlarının hər biri beynəlmiləldir; mənim anam haqqındadır, Şahanənin anası haqqındadır… Bütün dünyanın anaları haqqındadır…
Şahanə bu hekayədə oxucunun diqqətini “valideynsizliyə” çəkə bilir. Baxmayaraq ki, hekayənin qəhrəmanı olan ananın valideynləri sağdır, imkanları da pis deyil. Lakin onlar öz yoxluqlarını qızlarına yaşadırlar. Özü də adına “mental dəyərlər” dediyimiz yalançı bir məğrurluq üçün:
“… Heç birinin ailəsi bu gənc ailənin çətin vaxtlarında onlara dəstək olmamışdı. Oğlan tərəf qıza elçi gedəndə “oğlumuza şəhərdə ev alacayıq” – desə də, sonradan bu vədinə əməl etməmiş, qızın ailəsi isə “siz ev almırsınızsa, biz də cehiz vermirik” – deyib guya acıq etmişdilər…”
Olan isə gənc ailəyə olmuşdu… Onlar hələ onurğa sütunu bərkiməmiş ailələri üçün “valideynsizlik” ilə göz-gözə, burun-buruna dayanırlar…
Körpəsinin aclığı ananın dünyayla savaşa girmə səbəbinə çevriləndə də o, anasız-atasız idi; valideynlər nəvə xətrinə belə bu gənclərə əl uzatmaq istəmirlər. Oxucu gənc ananın çarəsizliyi qarşısında hikkələnir, qınayır, üzülür, ağlayır… Şahanə yazıçı manevri ilə oxucuya bir obraz naminə hisslərin dörd fəslini yaşadır.
Ananın ac körpəsinə canı yanması elə onun özünün can yanğısıdır; hansı ki, dünyanın ən möhtəşəm fədakarlığıdır. Nəhayət, yerə düşən bir qutu peçenye-bəşəriyyətin xilaskarı kimi obrazlaşdırılmış kiçicik nəsnə! Körpəsinin ağlamaq səsi altında ananın xoşbəxtliyin pik nöqtəsindəki sevinci!
… Həmin an qadının sevinci yerə-göyə sığmırdı. Peçenye qutusunu sinəsinə elə basmışdı ki, sanki qoynunda xəzinə gizlətmişdi…
lll
“Yarımçıq dönər”in ana obrazı isə “Bir qutu peçenye”nin ana obrazı ilə təzad yaşayır. O, 12-13 yaşlı oğlunu işləməyə göndərir, özü yeni sevgilisi ilə macəra yaşamaqdan doymur. Bazarda araba sürərək qəpik-quruş qazanan uşaq aldığı bir dönəri sonunadək yeməyə ürək eləmir; yarısını anasına saxlayır. Hələ anasının sevdiyi “Coca-cola”nı da alıb. Evə gedir… Əmin deyil ki, anası sevgilisinin yanından qayıdıb, evdə onu gözləyir. Sadəcə, o – balaca Taleh ümid edir… Ümid edir ki, evdə onun üzünə qapını bu dünyada sığındığı tək həqiqət; anası açacaq.
Hekayəni oxuduqca bir şeyi dərk etdim; həqiqət tək olduğu üçün biz onun kölgəsinə sığınırıq… Bu kölgə əjdaha kölgəsi olsa da!
lll
“Nə yazım?!” da ana haqqındadır…
Nadir sinfin ən nadinc, ən intizamsız şagirdidir. Müəllim həmişə ondan narazıdır. O, heç vaxt inşa yazmayıb; həmişə köçürüb.
“…Bu dəfəki mövzu onun kövrək uşaq qəlbini getdikcə üzürdü…”
Bax bu cümlə Şahanənin oxucuya göstərdiyi şifrəli xəritədir. Hekayədə adı çəkilməyən, haqqında danışılmayan ana obrazına doğru aparan təfəkküri cığırın xəritəsidir özü də…
Oxucu “mənzil başına” müəllimin Nadirin yazdığı bir neçə cümləni oxumasıyla çatır:
“Müəllim bizə ana haqqında inşa yazmağı tapşırıb. Bayaqdan fikirləşirəm, ancaq yazmağa heç nə tapmıram. Axı, heç vaxt görmədiyim adam haqqında nə yazım? Anam mən doğularkən ölüb. Mənim “ana” deyəndə anladığım tək şey qəbiristanlıqda bizi gözləyən soyuq məzar daşıdı”.
lll
Ümid edirəm ki, may “Ulduz”unun eksperti Rahid Ulusel Şahanə Müşfiqin hekayələrinə lazımi təhlil verib. Axı, ümid etmək qəbahət deyil…
Bir də, yadıma düşmüşkən, ən son yediyim peçenye limon dadırdı. Yasunari Kavabatanın “Kasıbların aşnası” hekayəsinin qəhrəmanını yadıma salmışdı…