QOŞA GEDƏK!

Kəmərinin gümüşünü
Ver çaylara, kəhrizlərə.
Ağ əlinin işığını
Əmdir mavi dənizlərə.
Xislətinin ipəyini
Sər dağların ətəyinə.
Öpüşünün ətrini bük
Qonçaların ləçəyinə.
Gülüşünü gül–gül çilə
Dərələrin ürəyinə.

Pıçıltını qoy bulağın dodağına.
Saçlarının dalğasını
Tök dənizin qucağına.
Hər baxışda göz qırpmağı
Öyrət uzaq ulduzlara.
Nəfəsinin ətrini çək
Həsrət çəkən yarpızlara.
Səp səsinin şüşəsini
Çiliklənən şəlaləyə.
Qoşa gedək gileylərin
Sinəsində cığır salaq.
cığır kimi qoşalaşıb
Dağ döşündə qoşa qalaq.

“VALEH QƏZƏL OXUYURDU” POEMASINDAN

-Gözəllərdə bir sirr də var,
Sevənləri ucaldarlar.
-Sonra gözəl qalmaq üçün
Ucalanı alçaldarlar.

-Gözəllərə munis olar
Gözəlliyə alçalanlar.
-Gözəllərin düşmənidir
Alçalmadan ucalanlar.

-Sevgisindən kam alanlar
Xoş günlərlə qucaqlaşıb.
-Gözəllikdən kam alanlar
Sevgisindən uzaqlaşıb.

-Onda gərək sevgisindən
Uzaqlaşıb qaçsın hamı.
-Sevgi yüksək olmayanda
Yüksəltməyir hər adamı.

-Birtərəfli sevgi yoxdur,
Sevgi, fərqdir, yalvarışdır.
-Bu sevginin həyat yolu
Bir addımdır, bir qarışdır.