MÜƏLLİFDƏN
Sovetlər İttifaqı dağılandan sonra arxivimi araşdırdım, gənclik illərindən yazmağa başladığım gündəliklərimi, çap olunmamış şeirlərimi varaqladım, keçdiyim yolları dəftər səhifələrində yenidən keçib həm fərəhləndim, həm də təəssüfləndim. Ona görə fərəhləndim ki, gənclik illərimdə də həqiqəti görmüş, ağı qaradan seçə bilmiş, duyğularımı, fikirlərimi qəlbimdə gizlətməmiş, müəyyən qədər yazıya köçürə bilmişəm. Ona görə təəssüfləndim ki, ömür yollarında büdrəmələrim də olmuş, duyğu və fikirlərimi açıq-aşkar və tam dəqiqliyi ilə yaza bilməmiş, zamanın tufanlarından ehtiyat etdiyim hallar da olmuşdur.
O dəhşətli illərdə çapa verə bilmədiyim, yalnız yazmaqla təsəlli tapdığım bu şeirlər qəlbimin fəryadı – yəni, o zamanın ağrı, acılarıdır. 1950-ci illərdən Sovetlər İttifaqı dağılana qədər yazılmış və arxivimdə gizlədilmiş bu şeirlərin bir qismi ilk dəfə “Nağıl-həyat” (1991), “Ümidə heykəl qoyun” (1993), “Körpü çaydan uzaq düşüb” (1996) kitablarımda, tam halda isə 7 cildlik “Əsərləri”min 6-cı cildində (2003 “Sandıqdan səslər” başlığı altında çap olunmuşdur. Burada verilən şeirlər onların yalnız cüzi bir qismidir.
NAĞIL – HƏYAT
Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli…
Sən duymaq düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.
Dilini bir ilə öyrəndim… nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı…
Başıma bəladır mənim öz dilim,
Dənizəm üzümə durub sahilim.
Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı…
Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar-qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.
Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.
Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, görüm, səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?
Danışma ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər görmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.
Nadanlar görmüşəm, öz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.
Atasmı söyən, yada baş əyən
Rəhbərlər görmüşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.
Quldurlar görmüşəm, özgə yer deyil,
Yurdunu talayıb asudə yatmış.
Tacirlər görmüşəm, simuzər deyil
“Malades” sözünə Vətəni satmış.
Dünyam biləndən, duyandan bəri
Mənim gözlərimdən düşüb həyat da.
Nağılda gördüyüm qorxunc şeyləri,
Həyatda görmüşəm, anam, həyatda.
Yanvar, 1964 – may, 1965
HÖRÜMÇƏK TOR BAĞLADI
Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı –
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollannda hər addımda yanıldı.
Uydurma tarix bizi anamızdan ayırıb
Yad anadan alınmış bələkdə qundaqladı,
Təməlimiz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsünən
Vəzifə kürsüsünün
Birinci pilləsində mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz
Şərəf bildik özgəyə qul olmağı, yoxsa, biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, ağalığı unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən.
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət qılıncının ağzı düşdü kəsərdən,
Qəbzəsində, qınında hörümçək tor bağladı.
Dilimiz yasaq oldu.
Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.
Ruhsuz yaşadıqca biz
Vicdanımız, eşqimiz
Üzümüzə ağ oldu.
Biz beləcə yaşadıq, yaşamadıq, süründük,
Əməlimizdə deyil, sözümüzdə göründük.
Ruhumuz qan ağladı,
Məscid qapılarında hörümçək tor bağladı.
Həqiqət dilə gəldi.
Dildə ilişdi, qaldı.
Həqiqətin üstünə yalanlar kölgə saldı.
Vuruşmadıq, banşdıq
Biz “azadlıq” adlanan bir uydurma nağılla.
Ölən düşüncələrə qəlbimiz yas saxladı.
Həqiqəti deməkdən elə qorxduq…
Ağılla
Həqiqət arasında hörümçək tor bağladı.
Oktyabr, 1968
QORXU
Mən qorxuram, sən qorxursan,
O da qorxur, bu da qorxur,
Biz qorxuruq.
Təzə fikir beynimizə gələn kimi
tez qorxuruq.
Başqasından qorxduğumuz bəs deyilmiş
Özümüzdən biz qorxuruq!
Qorxu, qorxu!
Bir qurd olub yeyir bizi içimizdən,
Nə gözləyir Vətən bizdən?
İradə yox,
kişilik yox.
Biz qorxuruq,
biz susuruq.
Fikir ölür,
can sustalır,
ürək donub,
ruh boğulur.
Qorxu bizim dilimizdə kilid olur,
Beynimizdə qıfıl olur.
Dərd budur ki, bu dərdi də,
Biz qanırıq, biz bilirik.
Qorxa-qorxa
Özümüz də özümüzçün
Biz qorxuya çevrilirik.
İyul, 1972
BELƏ QALMAZ
Sabir demiş, “Biz ərlərik”,
İş yerinə
“Özgəsinin sözlərini
əzbərlərik”.
Toz-torpağı yel sovurar,
Dənəsi də yelə qalmaz…
Vallah, billah, belə qalmaz,
belə qalmaz!
Bu inamla yaşamışam,
Bizim kimi zəvzəklərin
İgidliyi dözüm olsun,
“Heyvərəlik, boşboğazlıq”
bizim olsun.
Gələcəyin övladları iş görəcək.
Hamı dua əvəzinə “lənət” deyib,
Qəbrimizə tüpürəcək.
Deyəcəklər, ey babalar,
Yaş yetirib kal oldunuz,
Görə-görə kor oldunuz,
Dinə-dinə lal oldunuz.
Səbrinizə heyrətdəyik,
Siz dözümdə fil oldunuz.
Ey nəvələr, nəticələr,
Biz heç nəyik, biz heç nəyik…
Gecə-gündüz babamızm
əməlinə heyrətdəyik.
Heyrət edin sizsə bizim
səbrimizə…
“Lənət” deyib, siz tüpürün qəbrimizə…
Haqqımızı biz qanmadıq.
Biz bu günü yola verib
Gələcəyə inanmadıq!
Keçirdik öz əlimizlə
Boynumuzu biz xaltaya,
Sap olmadıq bir baltaya.
Ac olsaq da, “toxuq” – dedik.
Biz ucadan “bəli” deyə çox bağırdıq,
Qəlbimizdə “yox-yox!” – dedik.
Toz-torpağı yel sovurar,
Dənəsi də yelə qalmaz.
Vallah, billah, belə qalmaz,
Belə qalmaz!
1974
DİZ ÜSTƏ
O, çox əzəmətli, çox qüvvətlidir
Böyükdür,
Nəhəngdir və qüdrətlidir.
Bunu çox eşitdik, çox dedik düzü.
Çox deyib, alçaltdıq öz-özümüzü.
Onun böyüklüyü aydındır bizə.
Bir baxaq,
Bir görək,
bilək, biz nəyik?
O, böyük görünür gözlərimizə
Nədən ki, özümüz diz üstündəyik.
Kiçildik, biz ona böyük dedikcə
Yetər bu səcdələr, bu diz çökmələr.
Biz onun önündə iməklədikcə
Əzdi başımızı nallı çəkmələr.
Duraq ayaq üstə!
Axı, ərik biz.
Qalxsaq, o kiçilər, böyüyərik biz.
Avqust, 1976, Şəki
MÜSAVAT
Zülmətlə savaşlarda zəfər çaldığı gündən,
Qəlblərdə azadlıq odu yandırdı Müsavat.
Ulduz və hilal eylə ki, üç rəngə qovuşdu,
Boz qurdu könüllərdə oyandırdı Müsavat.
Meydan oxudu qan çiləyən dövrana qarşı,
Hər zalimə, hər nadana, hər hədyana qarşı,
Tüğyan elədi eyləki zülm insana qarşı,
Öz həddini zalimlərə qandırdı Müsavat.
İlhamını almış o, Vətən adlı gözəldən,
İman suyunu, çünki, o içmişdi düz əldən.
Xalq naminə haqq adlı vuruşlarda əzəldən
Ön cərgədə hər tilsimi sındırdı Müsavat.
Öndər dedi: – İstiqbal üçün dağ aşalım biz,
İstiqlala, istiqbala daim qoşalım biz,
Bir türk kimi islamlaşa, çağdaşlaşalım biz
Amalına bir xalqı inandırdı Müsavat.
Amalı təmiz, məqsədi aydm, üzü ağdır,
Ən ali məramında qərəzlərdən uzaqdır.
Tarix şüuru – xalqımı millət yapacaqdır
Haqdan dönəni haqqa tapındırdı Müsavat.
Düzlük şuarı daima çarpışdı yalanla,
Torpaqdan alıb qüdrəti, kökləndi zamanla.
Cənnət edəcək amala dönmüş bir imanla
Ünvanı Azərbaycan olan yurdu Müsavat.
Fevral, 1977
SƏBR ELƏDİK
Açan gündən gözümüzü
Ümidlərin laylasında
Xumar gördük özümüzü.
Arzumuzu vermədilər,
Bizə ancaq döz, dedilər.
Elə bildik, düz dedilər.
Hər gecənin gündüzü var,
Gələcək gündüz, dedilər.
Biz gözlədik.
Qəlbimizdə baş qaldıran
ümidləri əzizlədik.
Hey izlədik,
Uca-uca kürsülərdən
Vəz olunan nitqləri.
Həyatda yox,
qəzetlərdə göstərdilər
bizə yalnız xeyri-şəri.
Şirin-şəkər yalanları yeyə-yeyə
Biz inandıq gələcəyə.
O gəlmədi,
Düz əyildi,
Əyriliklər düzəlmədi.
Arzumuzun əvəzinə
Bizə yenə söz verdilər.
Həqiqəti görməməkçün
Dəyişdirib gözümüzü
Bizə başqa göz verdiler.
Baxıb saxta gözümüzlə
Hamar gördük çuxuru biz.
Saray bildik axuru biz.
Görəmmədik qat bağlayan paxırı biz.
Bu paxırı görənləri,
Xalq yolunda candan keçən ərənləri
“Xalq düşməni” damğasıyla
Ləkələyib məhv etdilər.
Haqq adına haqqı yıxıb sürütdülər.
Bozu ağdan seçənləri
zindanlarda çürütdülər.
Susub dözdük, döz, dedilər.
Sözdən boluq
Söz içində üz, dedilər.
Söz içində üzə-üzə
Səbrimizdən bəzək vurduq ömrümüzə.
Hər cəfaya dözə-dözə
Biz alçaldıq addımbaşı.
Qul etdilər vətənində vətəndaşı,
Ayaq altda palaz oldu ləyaqəti.
Biz ucalıq zənn elədik rəzaləti.
Səbr elədik.
Qara günü ağ söz ilə pərdələdik.
Zənn etməyin,
bədbəxtliyi özümüzə dərd elədik.
“Biz xoşbəxtik, bəxtəvərik” – sözlərini
Şüar kimi dilimizdə vird elədik.
Qırıb qalın meşələri
Pambıq əkdik.
Qanımızdan gülab çəkdik.
Yüz hektarın məhsulunu on hektara,
On nəfərin məhsulunu bir nəfərə
yaza-yaza,
Həm insanı, həm torpağı
Necə verdik biz güdaza.
Meydan verdik ağ yalana,
Həqiqət də tapdalana-tapdalana
Çəkildi dağlar dalma,
Bəlkə… orda daldalana.
Səbr elədik,
Özümüzə cəbr elədik.
Orden, medal yarışında
Dumanladıb beyinləri
DDT-ylə zəhərlədik
Yüz-yüzləri, min-minləri.
Bircə çəngə ağ pambığa
Qurban verdik gənc qızlan, gəlinləri.
Bu dünyaya göz açmamış körpələri
Bətndəcə zəhərlədik.
Yaşamadıq, baş girlədik
Yalan-yalan vədləri yeyə-yeyə,
Ümid ilə qarnımızı doyuzdurub,
Biz inamla yenə baxdıq gələcəyə.
Gələcəklər gəlib keçdi,
Ümidimiz doğrulmadı.
Şirin-şəkər yuxular da çin olmadı.
Amma yenə səbr elədik.
Qəlbimizi arzulara qəbr elədik.
Susmağı da qeyrət sandı qeyrətimiz.
Səbrimizin laylasında
xumarlandı qeyrətimiz.
Bu dözümə,
Bu zülümə
Heyrətdədir heyrətimiz!
Sentyabr, 1979
LAL – KAR
Dil açmada lallıq da gedər, karlığımız da.
Çün lallığımız doğmuş idi karlığımızdan.
Şəhriyar
Həm lal olduq, həm də
kar Lallıq karlıqdan doğar.
Niyə lal olduq, görən?
Bunu bilirsənmi sən?
Bunu bilək biz əvvəl,
Ötənlərə baş vuraq
Bunun üçün indi gəl.
Zaman-zaman əzildik
Məhkum olduğumuzu
Nə anladıq, nə bildik.
Bununçün da soydular
Dərimizi qatbaqat.
Haqqımızı kimsədən istəmədik, ey ustad.
Çünki onu qanmadıq.
Bu miskin halımızdan
Qızarıb utanmadıq.
Bütün dünya oyandı,
Biz hələ oyanmadıq.
Susduq, hər şeyə dözdük.
İçimizdən oyulduq.
Karlıqdan lal olmadıq,
Susduq-deyə lal olduq.
Sabirimiz demişkən:
“Bir əcayib şeyik biz”.
Tərs gəlib hər işimiz.
Bizim çaqqalımız da
Gəlir öz dağımızdan.
Bizim karlığımız da,
Bizim lallığımız da
Doğub susmağımızdan.
İyul, 1979, Şəki
BAŞQASININ YASINDA
Dərindir, qorxuludur sakit axan lal sular.
Bir kəlmənin içində bəzən neçə söz yatır.
Adi gözlə görünməz orda yatan duyğular,
Çözələsən, görərsən kül altında köz yatır.
İçimi göstərmədim cahil tutan güzgüyə,
Üzdə gülüb, içimdə müşkülümə ağladım.
Millətimin dərdini ünvanlayıb Özgəyə,
Başqasınm yasmda öz ölümə ağladım.
Dekabr, 1981