Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının üzvü, Prezident təqaüdçüsü.
Ucalıqlar sərdarı
Çarəsizliyin başı üstə
qosqoca türk bayrağı,
surətini görüncə
adamın sözü dilində,
dili ağzında titrər al-qumaş kimi.
Düşmənin qəsbkar xislətində
əsir-yesir qalan vətən torpağı
sərdarını bular-bulmaz
üstünə yeriyər
basılmaz ölümün
ardıyca o bayrağın…
Qosqoca türk bayrağı,
qızıl-qırmızı sinə dağı,
fələyin ünü yetməz yeniltməyə
qosqoca ucalıqlar sərdarını…
Daha gecdi…
Sahildən uzaqda
balıqçı təknəsi…
tərsinə çevrilib son lövbər anı,
mənim üzümdə qəhr olub
küləyin iniltisi.
Ürək inlədən qeybin səsi
hər addımda pıçıldayır:
daha gecdi sevinmək,
daha gecdi heyfslənmək.
Hər gün üzümə xilaf çıxır
tək-tək qırılan ümidlər,
su üzündə bərq vuran
ölü balıqlar tək üzür
qəlbimin qaranlıq içiylə.
Üzüm dostların ayaqları altında
qaxac olmuş bir balıqçı təəssüfü…
Tanrının yorğun ovqatında
ömür lövhəsində təbaşirlə çəkilib
mənim məşhur surətim,
yanında da bu uyarı:
daha gecdi gecələri üzülmək,
daha gecdi sabahları özləmək.
Ulu yolun sükutuyam
Mən Tanrının lal diliyəm,
hərə bildiyin anlayır.
Ağzımda sözüm quruyub,
hərə bir dildə oxuyur.
Səhranın kor bulağıyam,
dəvələr üfürüb içir.
Türkün vahim sorağıyam,
səsimdə yovşanlar bitir.
Ulu yolun sükutuyam,
izimdən fəryad boylanır.
İtmiş ruhumun quluyam,
kölgəmin könlü atlanır.
Məzarımın daşı diri,
yaramı gendən tanıram.
Hərdənbir boylanıb geri
dostumu düşmən buluram.
Ölümün üzünə gülümsəyin
Günahlar olmasaydı
cavab aramazdıq sorulara,
Tanrı sözsüz də anlar…
Qaralayıb gündəlikləri sözlə
həzz aldıq tarixin acılarından.
Utandıq abırsız anılarımızdan,
dəfn oldu abrımız
nimdaş əlbisələrdə.
Eyy… əfəndilər,
bir az da ölümün
soyuq üzünə gülümsəyin…
Rəhimsiz və fani bir eşqlə
ömrün sonundan
qaçmaq istəyənlərin tıxacı
zamanı dayandırıb.
Öfkəli dualar
tükətmiş sözlərin səbrini
ürəyimizdə və yaddaşımızda
çarmıxa çəkilib tərcümeyi-halımız.
Həyatın önündə gülə-gülə,
ölmün ardınca hüznlə addımlarıq.
Eyy… əfəndilər,
qanımızda islanmış köynəyimiz
quruyub nəfəsimizin istisiylə
kutsal bayrağa dönsün.
Adam özünü tanısın…
Yolsuz bir səyyaham,
öz kölgəmin izindəyəm.
Qəddim kimi əyilmiş bir soru
zamanı tovladıb güldürər üstümə,
ağladıb qəhr edər məni,
cənnət və cəhənnəm adına
Tanrıdan hesab istər.
Tələsirəm mənzilin səmtini tutmadan,
intəhasız yollar axıra çatsın.
Həyat dirini,
məzar ölünü,
adam özünü tanısın məzarda.
Tanrıya tövsiyəm var:
min illərin sınağında uduzan
alnımdakı mənasız cümləyə
qara bir nöqtə qoyulsun.
Açılsın bütün umacaqlarımız,
bitsin bu səbrin mistik əzabı.
Sən min yerə yozulan sözünün,
mən küskün canımın sahibi olum.