Yolçuluq onu yormuşdu. Zarafat deyil, gecə səhərə kimi yol gəlmişdi, həm də Qazax-Bakı qatarı ilə. Öz-özünə deyinirdi: “andıra qalsın kasıbçılığı, ağlı olan da plaskardda yol gedər? Yan-yörəndəkinin iyi-qoxu, xorultusu bir yana, üstəlik də vaqondan-vaqona keçənlərin tap-turupu, fısıltısı, xısıltısı adamı təngə gətirer”. Onu ən çox yandıran isə, yol yoldaşı Ehsan Kəpəzin yaradıcılıq “əsərləri”ni dinləmək məcburiyyətində qalması idi. Amma haqq üçünə, adamın yazdıqları şeirdən başqa nəyə bənzəsə də, kişi bütün yaradıcılığını əzbər bilirdi. Hətta bir anlıq yol yoldaşının fövqəladə yaddaş tutumuna həsəd də aparmışdı. Və içində pıçıldamışdı: “noolsun eee kişinin boyu Kəpəzin bir çınqılı qədər döyül, zato, bığları Kəpəzin ətəyində yerləşən kol-kosa meydan oxuyur. Hələ əlindəki sovetski papkanı demerəm, elə bil arxivdi, içində kim yoxdu, nə yoxdu, şeirlərini də ki elə həvəslə, ehtirasla deyir, şeirbilməzlər ağzıaçıq dinliyer şairi. Deməli, kişi yanılmıyıf Kəpəz təxəllüsünü götürəndə…”
….Bu dəfəki çəkilişə dəvət alanda əməllicə təəccüblənmişdi. Dövlət kanalı hara, müxalifətçi şair hara?.. Görəsən onu nə məqsədlə çağırırdılar Bakıya? Axırıncı dəfə efirə əyalət kanalında çıxmışdı. Onda da aparıcı dönə-dönə xahiş etmişdi ki, siyasi şeir söyləməsin, ümumiyyətlə siyasətdən danışmasın. Həmin vaxt içindən bir dəli söyüş də gəlmişdi dilinə. Lakin, aparıcı dostunun xatirinə elə söyüş qarışıq dilini udmuşdu. O çəkiliş ona Bayıl türməsindən də ağır gəlmişdi. Bayıla da elə şeirlərinin üstündə düşmüşdü. Əslində onu türməyə salmaqda məqsəd, onun şeirlərini buxovlamaq idi. Yenə də şeirləri ondan güclü çıxmışdı, hətta sahibinin də azadlığını qanadlarına götürüb, sağa-sola pərvaz etmişdi.
Uzun götür-qoydan sonra bu dəfəki çəkilişə razılıq vermişdi. Həm də onu verilişə dəvət edən inandığı, güvəndiyi bir dostu idi. Təbii ki, bu dostu da xahiş etmişdi ki, mövzudan kənara çıxmasın, mərhum şair dostu ilə bağlı xatirələrini söyləsin. Ortada bir müəmmalı məsələ var idi; işin-gücün bu vədəsində, üstəlik də pul-para yox, neyləsin? Düşünüb-daşınandan sonra iki tay un almaq üçün ayırdığı 50 manatı götürüb, “Allaha pənah”, – deyərək yola çıxmışdı.
Qatara birtəhər çatdi. Gəncəyə kimi rahat-rahat sabahkı günü planlaşdırdı. Deməli, ilk növbədə deyilən çəkilişdə olacaq, sonra uzun müddətdir sosial şəbəkədən tanıdığı, dostluq etdiyi, rəsmlərini sevə-sevə paylaşdığı rəssamla görüşəcək, sonra bir-iki istəyən-sevən dostlarla görüş və gecə yenidən qatarla evinə-eşiyinə dönəcəkdi.
Gəncədə qatara minən, şairi görən kimi ikiəlli onunla görüşən Ehsan Kəpəz, Haciqabula qədər onun nəinki qulaqlarını, gözlərini, hətta fikirlərini də mazol eləmişdi. Dəqiq yadında deyil nə vaxt yuxuya getdiyi. Bircə onu bilirdi ki, arada böyür-başdan deyinənlər olsa da, Ehsan yenə də susmurdu. Hətta bir-iki dəfə ondan kitablarını soruşmuşdu, o isə çantasını əlləri ilə bərk-bərk tutaraq, “yox, təəssüf ki, kitablarımdan üstümdə yoxdur” – deyə, cavab vermişdi. Axı cəmi bir kitab götürmüşdü. O da rəssam dostunun adına yazılmışdı.
Bakıya çatanda çox sevindi. Ehsan hələ yuxuda idi. Az qaldı ki, Biləcəridəcə düşsün və onun “əsərlərini” dinləmək əzabından qurtulsun. Amma deyəsən Kəpəzin də şeirə həvəsi qalmamışdı. Yuxulu idi…
Çəkiliş başa çatandan sonra Bakıda tanıdığı ünvan olan 28 May metrosunun yanına getdi. Ən məhşur məkanda – Cabbarlının heykəlinin altında dayanaraq, üzünü görmədiyi dostuna zəng etdi:
– Oo, şair, xoş gəlifsən! Həmişə böyük şəhərlərdə.
Rəssamın mehriban səsi, dost qarşılamağa tələsməsi onu sevindirdi. Düşündü; “kişi noolsun şəhərdə yaşayır, burdakılardan fərqli olaraq el-oba adətini yenə saxlayır, qonaqsevərdi”. Dedi:
– Xoş günün olsun, dərdiş, bə mən burdayam.
– Harda şair?
– Bu, Cəfər Cabbarlının heykəlinin yanında.
– Ayə, ay şair, orda nə işin var, heç olmasa Səməd Vurğunun yanına gəlsən…
Rəssam dostunun ərkli iradına o da zarafatla cavab verdi:
– Dərdiş, Səməd Vurğunun torpağınnan gəlif heykəlinin yanına getmədim, dedim qoy Cabbarlıya da azcanaz Qazax havası vursun.
– Ayə, daha gej döymu, o havanı o vaxt gətirməliydin eyyy, Cabbarlı “Qız qalası” poemasını yazanda.
– Düz deyirsən, dərdiş, onda gətirsəydim “ata qızına göz tikif”, deyif də aləmə car çəkməzdi.
– Yaxşı, şair, gəlerəm ora.
– Gözdüyürəm…
Aradan iyirmi dəqiqə keçməmiş, əlində qara planşet, bəstəboylu, bir az dolu, dən-dən saçları pərişan halda dağılmış bir nəfərin ona tərəf gəldiyini görüb, yaxınlaşdı.
– Salam əleyküm. Mən Bəxtiyaram.
Dostu sevincək əlini ona uzatdı və dedi:
– Xoş gördük, şair, xoş gəlmisən. Şeirlərini oxumuşam, eladı ha… Bəs necə tanıdın məni?
– Nəvlem, elə kompüterdə görmüşdüm, ordan yadımda qalıfsan. Təzə kitabımı da gətirmişəm səninçün
– Ay çox sağ ol. Vallahi məni sevindirdin. Amma kitabı belə verməzlər, gedək bir yerdə onu tərtəmiz yuyaq sonra. – Və birdən dayandı: – Şair, bə mən Orucam…
– Hası oruş, dərdiş?
Dostu dərin bir qəhqəhə çəkdi və:
– Şairsən dəəəə, həm də əsil şair. Deyirəm ki, oruc tutmuşam, amma istəyirəm bir üz-üzə oturaq… Şairin də üzündə təbəssüm oyandı. Hətta oruc tutan adama “Allah qəbul eləsin”, deməyi də unutmadı. – Amma, bu böyüklükdə şairin kitabını yumamaq elə orucu batil eləməkdi. Gəlsənə günaha batmayaq, dostu dedi.
– Nə deyirəm dərdiş.
Onlar qabaqlarına çıxan ilk yeraltı kafeyə yaxınlaşdılar. Kafe kiçik olsa da, sərin və sakit idi. İkilikdə söhbət etmək üçün əla bir məkan seçdiklərinə sevindilər. Üz-üzə əyləşdilər, ofisianta yemək sifariş etdikdən sonra, ordan-burdan söhbətə başladılar. Bir azdan söhbət butulkadakı şəffaf “can dərmanı”nın sayəsində daha maraqlı məcraya yönəlmişdi. Bayaqdan bəri kənd həyatından, ot biçimindən danışan şair artıq hakimiyyətin iç üzündən, ədəbiyyatda kor atı minib köndələninə çapanlardan söz açırdı. Hərdən öz əsas sənətini qoyub, ədəbiyyatı incəliyinə qədər çözən masa dostuna heyranlıqla baxsa da, “rəssamlıqda vəziyyət necədi”, deyə soruşmaq istəyir, lakin, dostu yenə də maraqlı ədəbi çözümləri ilə ona imkan vermirdi. Hətta şairin ilk kitabını əlinə alan rəssam, kitabın avtoqrafına da nəzər yetirmədən içindəki şeirlərə diqqət edir və “əhsən sənə” deməkdən yorulmurdu.
Məclis iki saata yaxın davam etdi. Dostlar deyə-gülə kafedən çıxanda rəssamın telefonuna zəng gəldi.
– Alo.
– …………..
– Sən Allah, bağışla, tamam yadımnan çıxıb.
– ……………
– Zəng çatmırdı?
– ………….
– Ola bilər. Orda yəqin ki şəbəkə tutmur.
– …………
– Hə yerin altındadı. Belədi dəəə, dünyanın hər yerində danışan “Azersell” Bakının göbəyində tutmur.
– ………..
– Gəlirəm, oldu.
Telefon söhbətindən sonra üzünü şairə tutdu:
– Bir vacib görüşüm var idi, telefona zəng çatmırmış… Şairə gələn zəngi eşidib: – Götür, götür, yəqin sənə də zəng çatmırmış, deyə, sözünü yarımçıq qoydu.
– Alo… alo, səsin asta gəler, dayan.. – Şair telefonu səsgücləndiriciyə qoydu.
– Alo, ayə, ay şair, bə belə olarmı, mən Cabbarlının heykəlinin yanında qalmışam, sənə də zəng çatmır…
Şair qeyri-ixtiyari yanındakı adama baxdı: – Sən Metin bəy döyülsən?
– Yooox, mən şair Bahəddin Barlıyam…
Metin bəy hələ də telefonun o başında şairi məzəmmət edirdi. Şairi isə kitabı düşündürürdü, axı onda cəmi bir kitab var idi, onu da Metin bəyə söz vermişdi. İndi Bahəddin Barlıdan kitabı necə geri qaytarsın…
İyul 2013
Mənbə: http://www.kultur.az