Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı

SƏNİN NƏYİN QALACAQ

= Bir varlı kimisi mənə lağ edib, – bu qədər
yaşadın, yığdığın var hanı, e?- dedi

Mənə gülmə varınla,
Quru səyin qalacaq.
Elə bilmə həmişə,
Bəxtin yeyin qalacaq!

Gəl güvənmə nəfinə,
Soğan doğrar kefinə.
Büküləndə kəfənə,
Üryan əyin qalacaq!

Bir bəd şişdi xislətin,
Sağkən olsun hörmətin.
Yığdığın var-dövlətin –
Hər bir şeyin qalacaq!

Bilmirsən şeir nədi,
Dərd yüklü şair nədi…
Sənin nə vecinədi,
Kim ləlöyün qalacaq!

Demə olar xeyirim,
Qafqazla söz cevirim…
Mənim üç-dörd şeirim,
Sənin nəyin qalacaq?!

* * *

Xəyal qanadına alaraq məni,
Qaytardı keçdiyim ömür yoluna.
Gördüm ki, dağ aşıb, düzlər keçmişəm,
Gördüm ki, az qalım yolun sonuna.

Gördüm ki, bu yolda sevincim, qəmim,
Qoşa addımlayıb, qoşa iz salıb.
Gördüm ki, bu yolun dolaylarında,
Günəş də ucalıb, çən də əl çalıb.

Gördüm ki, tutduğum əməllərimə,
Yaxşılıq həmdəmdi, yamanlıq uzaq.
Gördüm ki, həyatın keşməkeşində,
Büdrəyən çox kəsə olmuşam dayaq.

Gördüm ki, kimsəyə üz verib kədər,
Ürəkdən dərdinə şərik olmuşam.
Kimin dodağında gülüb təbəssüm,
Bütün sevincimlə qəlbə dolmuşam.

Gördüm ki, kimsənin donubsa qəlbi,
Od olub qəlbini qızındırmışam.
Gördüm ki, kimsənin müşkülsə işi,
Əlim çatmayıbsa – qəlbən yanmışam.

Gördüm ki, bu ömür yollarında mən,
Müqəddəs arzulu bir yol seçmişəm.
Gördüm ki, nadürüst, nakəs önündə,
Başım əyilməyib – məğrur keçmişəm…

Gördüm ki, yetməyə məkana – sona,
Ölçə bilmədiyim yolum var mənim.
Onu da gördüm ki, ömür payımın,
Düz altmış beşinə olmuşam qənim.

İndi düşünürəm yol gedə-gedə,
O ərən ili ki, qarşıma çıxa.
Basdığım illərin alıb qisasın,
Öz zəfər bayrağın sinəmə taxa!..

OLMASIN

Ay qadınlar, bayramınız mübarək,
Biz kişilər heç vaxt sizsiz olmasın!
Kaş həmişə sizi belə şad görək,
Hər gününüz al səhərsiz olmasın;
Biz kişilər heç vaxt sizsiz olmasın!

Qadın gülsə gözəlləşər bu dünya,
Gözəlliklə əməlləşər bu dünya,
Lap yenidən təməlləşər bu dünya,
Dodağınız təbəssümsüz olmasın;
Biz kişilər heç vaxt sizsiz olmasın!

Qoy Yaradan bəxtinizə yar olsun,
Hər arzunuz, diləyiniz var olsun,
Zülfünüzə sığal çəkən yar olsun,
Daş ürəklər məhəbbətsiz olmasın;
Biz kişilər heç vaxt sizsiz olmasın!

Çox gəzmişəm, görməmişəm bir qəşəng,
Yurdumuzun gözəlləri olantək…
Hər biriniz bir açılmış tər çiçək –
Bülbül olan qızılgülsüz olmasın;
Biz kişilər heç vaxt sizsiz olmasın!

– Ta görünmürsən, hardasan?- deyən “dostlara”

İlahi, nə yaxşı tanıtdın mənə,
Dövrəmdə su kimi axan dostları.
Elə hey şənimə badə qaldırıb,
Özünü gözümə soxan dostları.

Çoxunun yolunda olsam da bir şam,
Şükür ki, qaz kimi yolunmamışam.
Demə müşk sanmışam, ənbər sanmışam,
Sarımsaq dostları, soğan dostları.

Özümü dəhləyib daşa çəkmişəm,
Miniblər belimə qoşa – çəkmişəm.
Özüm də bilmədən başa çəkmişəm,
Yalandan gurlayıb çaxan dostları.

Hər dosta qəlbimdə bir yuva qurdum,
Dərdlərin dərdimə qatıb qovurdum…
Yüküm əyiləndə gen duran dördüm,
Cibimdə böyüyüb çıxan dostları.

Qafqaz Əvəzoğlu, mən yazıq, fağır,
Qonaqlıq verməkdən olmuşdum yağır.
Çox şükür, yaxşı ki, tanıdım axır,
“Sağılan” dostları, “sağan” dostları…