Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

XATIRLA MƏNİ
/”Könül dəftərim” – silsiləsindən/

Kor olsun talenin, qismətin gözü.
Görən necə qıydı, ayırdı bizi.
Baxma ki, “soyuqdur torpağın üzü”,
Hər nəfəs alanda, xatırla mənı.

Hər axşam al günəş qürub edəndə,
Hər payız durnalar köçüb gedəndə.
Hər kədər, hər qüssə, qəlbə yetəndə,
Hicranda qalanda, xatırla məni.

Gecələr təklikdən yuxun qaçanda,
Səhər pəncərəndən şəfəq saçanda.
İlk bahar yasəmən, nərgiz açanda,
Payızda solanda, xatırla məni.

Axşam ay çıxanda, ulduz doğanda,
Həsrət güc gələndə, qəhər boğanda,
Şimşəklər çaxanda, yağış yağanda,
Buludlar dolanda, xatırla məni.

Soyuq otağımda tənha qalanda,
Gözlərin şəklimə baxıb dolanda.
Xəyal, xatirələr saçın yolanda,
Sübh, əzan olanda, xatırla məni.

Qəmimi çatdırsın dağların mehi,
Qüssəmi anlatsın lalənin şehi.
Həsrətim şeirimin bəhri, təşbehi,
Yadına salanda, xatırla məni.

Hərdən sevənləri qoşa görəndə,
Saça taxmaq üçün çiçək dərəndə.
Çobanyastığından çələng hörəndə,
Xəyala dalanda, xatırla məni.

Xatırla Dövranı, yaşat bu gün də,
Siması dayansın hey göz önündə.
Hər bir ziyafətdə, toyda, düyündə,
“Vağzalı” çalanda, xatırla məni…

– BU GÜN ŞUŞANIN İŞĞALI GÜNÜDÜR –
BÜLBÜLÜM

Bu qədər ağlayıb qəlbimi oyma,
Sevda xiffətindən solan bülbülüm.
Elini şeydaya intizar qoyma,
Gözləri həsrətdən, dolan bülbülüm.

Nə vaxtdan Şuşaya güzar salmayan,
Xarı bülbülünün könlün almayan.
Gülxarsız gecəsi- gündüz olmayan,
Yuvası viranə, qalan bülbülüm.

Qonşu namərd oldu, kəsdi yolları,
Arxadan oxladı, mərd oğulları.
Unutdun dastanı, ər nağılların,
Uydun bayatıya, nalan bülbülüm.

Dağ belə dağ olmaz, dumansız, çənsiz,
Söylə, ruh neyləsin cansız, bədənsiz.
Neçə yaz açıbdır, Gülxarın sənsiz,
Əhdinə vəfası, yalan bülbülüm.

Güman var vüsala, bitəcək hicran,
Bizə də güləcək Yaradan, Mövlan.
Sizi cüt, qol- qola görəcək Dövran,
Gücünü eşqindən, alan bülbülüm.

HAQQIN DƏRGAHI

“Düşünçələrim” – silsiləsindən

Hər məzar bir qapı, Haqq dünyasına,
Torpaq qapılara qıfıl, baş daşı.
Buradan keçərlər can bahasına,
O an başa çatar bir ömrün yaşı.

Başlanar əbədi axirət yolu,
Əməli bələdçi olar insana.
Olarlar səssizcə imanın qulu,
Məhşər xofu düşər, burda hər cana.

Haqqdan uzaq düşən bənizlər solar,
Tutqun bulud kimi üzləri gülməz.
Hamı bir geyimdə, bərabər olar,
Kimsə bir kimsəyə hökm edə bilməz.

Sirat üstün açar suçun, günahın,
Tük qədər vəbal da gözdən yayılmaz.
Sözü keçməz bəyin, xaqanın, şahın,
Ruha sahib çıxar ibadət, namaz.

Əməli salihlər hüzur taparlar,
Gəzərlər İrəmdə qumrular kimi.
İmanlı ruhları zöhrətək parlar,
Olarlar ey Dövran, behişt sakini.