Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri
SÖZ
Söz yerdən göyədək ucalan bir taxt,
Canımı söz üçün oda yaxmışam.
Yeni bir fikirlə toqquşduğum vaxt,
Heyrətdən lal kimi donub baxmışam.
Sözüm var, üz edib üzə tutmağa..
Yaxşını yamandan uca tutmağa.
İnsan tapmayanda əl uzatmağa,
Sözün ətəyindən tutub qalxmışam.
Dəniz tək dalğalı olduğum olub,
Çəmən tək saralıb solduğum olub.
Buludun yerinə dolduğum olub,
Şimşəyin yerinə özüm çaxmışam.
Mən sözdən yarandım, mən özüm sözəm,
Düz yol məndən keçib, mən həmin izəm.
Dəyəri ölçülməz suyam, təmizəm –
Sevdalı bir gözdən sızıb axmışam.
Sehr sözdə olur, sirr sözdə olur,
Ən qiymətli gövhər, dürr sözdə olur.
Bu qəfəs dünyada hürr sözdə olur,
Sözə əsir düşüb, azad çıxmışam.
* * *
Buluda bel bağlama, göz yaşın olan yerdə,
Gözün qələm gəzməsin, yaddaşın olan yerdə.
Ürəyinə yüklə sən həyat adlı hər yükü,
Kimsədən ağıl umma, öz başın olan yerdə.
ULU EŞQİN KÖZÜNDƏ
Yenə də çəkilmişəm tənhalığa bu axşam,
İlham mələkləriylə vuruşan anlardayam.
Bir kimsə xəbər tutmur ağrı-acılarımdan,
Qəlbimdən əllərimə süzülən qanlardayam.
Əhvalatlar, dramlar, faciələr müfəssəl,
Hisslərin çılğınlığı qələmimə sığışmır.
İp atır Ay saçıma, ulduzlar ondan əfzəl
Çəkir baxışlarımı, göz ilməkdən yığışmır.
Yaradanın sirrindən kim baş çıxara bilər,
Yaşam üçün ölüm bir əyləncə vasitəsi.
Bədən adlı geyimi soyunan əbədi ruh,
Yenə yeni bir sirrin sorağının təşnəsi…
Səngimək bilmir hələ köksümdəki sancılar,
Geniş üfüqlər gəzir ruhum göyün üzündə.
Od, atəş axtarıram, pərvanə tək sancılam,
Bəlkə rahatlıq tapam ulu Eşqin közündə.
***
Tanrım, qul olsam da varlıyam səndən,
Baxma ki, dilimdə min bir ahım var.
Sənin mənim kimi günahkar bəndən,
Mənim sənin kimi bir Allahım var!
ARAM OLURAM
Mən mən olmağı unutdum,
Daha dönüb şam oluram.
İpimin ucu tutuşdu,
Od-alova ram oluram.
Dünən, bugün, sabah kimi,
Hər damlada bir ah kimi,
Əriyirəm günah kimi,
Azaldıqca tam oluram.
Ulduzum axdı yüzəcən…
Sükutam başdan dizəcən.
Bomboş küçəydim, təzəcə
Ev oluram, dam oluram.
Canımı Eşqə dilədim,
Çeşməni dərya elədim.
Ruhumu elmə bələdim,
Gördüm yenə xam oluram.
Göz doymaz dünya rəngindən,
Tanrı bəxt verdi- ləngindən,
Aldıqca həyat cəngindən
Hər nəfəs, aram oluram.
DÜNYAYA MƏLƏKLƏR GƏTİRİB MƏNİ
Adil Allah, nəyə görə bu adı,
Mənim taleyimə yaraşdırıbsan?
Məgər mən sənin tək ədalətliyəm?
Bəlkə hesabları qarışdırıbsan?!
Verdiyin acını hey şirinlədim,
Nə şikayət etdim, nə də inlədim.
İçimdə hər zaman səni dinlədim,
Qəlbimi haq üçün alışdırıbsan.
Arzular, xəyallar itirib məni,
Dünyaya mələklər gətirib məni,
Özünə qızlığa götürüb məni
Bu zalım həyatla barışdırıbsan.
ZƏFƏRİ GÖZLƏYİRƏM
Dur bitsin bu ağı, qalx bitsin bu hüzün,
Vətənin önündə ağ olsun qoy üzün,
Gəl də tut, əsgərim, verdiyin o sözü,
Mən də öz gücümü gücünə qataram.
Dözərəm ağrısı, əzabı çox olsa,
Dözərəm ən qanlı, ən iti ox olsa…
İnamım sarsılsa, ümidim yox olsa,
Hüzuru mən necə taparam, taparam…
Tökülən o qanlar getməsin qoy hədər.
Zəfərlə dön geri qurtarsın bu kədər.
Qalxaram o zaman lap boyuna qədər
O açıq alnından öpərəm, öpərəm.
ƏSGƏRLƏRƏ
Gəlir qar, yağış, doluyla,
Vuracaq güclü qoluyla,
Gedir türklərin yoluyla
Boyuna qurban olduğum.
Alışdırır ürəkləri,
Yorur qoşun, bölükləri..
Xatırladır Göy Türkləri
Soyuna qurban olduğum.
Söz deyəndə də bərk deyir,
Əməldə bitir əkdiyi.
Düşmənin üstə çəkdiyi
Hoyuna qurban olduğum.
Boz qurd olub saldırdığı,
Bayraq edib qaldırdığı,
Azadlığa çaldırdığı
Toyuna qurban olduğum.
ÖMÜR
Birinci onillikdə –
Gecə ilə gündüzün fərqini heç hissetmədim,
İkinci onillikdə –
Gecələr də gündüzlər kimiydi –
hər şey gözəldi..
Üçüncü onillikdə – gecələri sağ,
gündüzləri sol əlimə aldım,
əllərim uyuşdu deyə,
ikisini bir ələ almaq istərkən
gündüzü salıb qırdım…
Dördüncü onillikdə gecəni nəfəs kimi çəkdim,
gündüzdən qalan qırıqları çəkdim üzümə…
Gecələr içimdəki gecəyə gömüldüm,
gündüzlər üzümdəki qırıqlarla təbəssüm etdim…
səs etdim, ün etdim…
amma günümü gün
etmədim…
Beşinci onillikdə –
oyanmadığım gündüzləri,
yatmadığım gecələri yuxuda görürdüm.
Çünki, sadəcə…
artıq nə gündüz vardı, nə gecə…
BU ÖMRÜ SÜRÜYÜB APARACAĞAM
Göydə şimşəklərə çaxma demirəm,
Desəm göy qurşağı inciyər məndən.
Gözümün yaşına axma demirəm,
Axıb süzüləcək incə yerindən.
Göz yaşı gözümün nurun artırır,
Bilirəm nə üçün ağlayıram mən.
Üzümün, gözümün təbəssümünü,
Yarın görüşünə saxlayıram mən.
Ruhun libasını bu gün bu yerdə,
Kimi nazik geyər, kimisi qalın.
Bu ömrü sürüyüb aparacağam,
Elə başı açıq, ayağı yalın.
Sevinmə, qalmaram əldə-ayaqda,
Dönmərəm hər könlün rübabına mən.
Sarıllam vüsala aparan yolda
Bir eşqin ən dadlı şərabına mən.
Bilirəm, dediyim xoşuna gəlir,
Onun bəyəndiyi gözüm üstədir.
Bir gün sevgilimə deyəcəyəm ki, –
Könlüm cənnətinin ətrin istəyir.
TANRIM, DÖN BİR MƏNƏ BAX
Tanrım, dön bir mənə bax,
Nə ev oldum, nə oba.
Üzümdə güllər açdı,
Can evimsə xaraba.
Şimşəyinəm hönkürüm,
Buludunam, qoy yağım.
Solumda ağrı çoxdu,
Qurbanın olsun sağım.
Bir bax, Eşqin havası
Kül etdi axır məni.
Verdiyin qələm deyil,
Qopuzdu, yaxır məni.
Çaldıqlarım təzəydi,
Dəyişdi xəzan oldu.
Olmaz, olmaz, dedilər,-
Qadından ozan, – oldu…
Ruhumdakı bu yanğı
Axı nədi? – bilmirəm.
Kirpiklərim düşməndi,
Yuxu nədi bilmirəm.
Alnımı boş qoydun ki,
Öz adını yazasan?!
Tanrım, dön bir mənə bax
Özünü arzulasan…
DÜNYA TƏZADLAR ADASI
Bir ucundan mələk tutub,
bir ucundan şeytan tutub
aparırlar bu dünyanı
ta əzəldən əbədə.
Gələn gedər, gedən gələr…
Varlıqların kəmiyyəti
keyfiyyətin üstələr…
Nəfsilə yaşayanların
canları günah geyər,
Nəfsini öldürənlərin
ruhuna savab gələr…
“Qüvvə”liyəm deyir çoxu –
bilinmir ağ, ya qara?…
Gözlərindən oxuyuram
Bütün bəşər “aman!”da…
Kimin nəfsi arxayındır
bu qarışıq zamanda?…
Dünya mənəm, dünya sənsən,
qulağında sırğa elə bir kərə –
nütfə kürə, dünya kürə, yer kürə…
Mütləqi var, ötərisi,
əbədisi, keçicisi…
Cismanisi, ruhanisi –
boşdur birlik ideyası,
dünya – təzadlar adası…
Allah deyir – sirr saxlamaq ibadətdir, ay ömrüm.
Desəm,
yəqin hamı kimi olmayacaq ölümüm…
Süpürəcək bu dünyanı
saçlarımın nəsimi…
Görkdü mənə gözlərindən toru silmiş
Həllac Mənsur, Nəsimi…
Kimlər kimə biyətdədir,
söyləməz dil, – nəbadə…
Bir ucundan mələk tutub,
bir ucundan şeytan tutub
aparırlar bu dünyanı
ta əzəldən əbədə.
İSTƏDİM
Əritdim könlümdəki qışın buz heykəlini,
Sevdim Yaradanımın hər gözəl əməlini…
Buraxdım bu dünyanın daş kimi bərk əlini,
Səxavətli bir qəlbə dolmaq, dolmaq istədim.
Yanıb yaxılım dedim, Ağcaqum düzü kimi,
Bir dərvişin dilində Haqqın haq sözü kimi,
Qəflətdə yatanlara bəsirət gözü kimi,
Hikmət, ziya, nur, işıq olmaq, olmaq istədim.
Toxunduğum göynətdi hey barmaq uclarımı,
Təbib gəzdim sağaltsın dodaq uçuqlarımı…
Bəxtimin yolları tək dolaşıq saçlarımı,
Açıb dəli küləyə yolmaq, yolmaq istədim.
Qaranlıq düşüncələr içində yoruldum, ah,
Savab bildim sevgini, sevməyin nəyi günah?!
Bağışla Adiləni, ey qiblə, ey Qibləgah,
Eşqə sarı üz tutub namaz qılmaq istədim.
Bu gün mahnıları da dağlara pay eləmək,
Şeirləri yağış tək çöllərə səpələmək,
Qarışıq buludları qara torpağa örtmək,
Ağappaq bir sevgidə ölmək, ölmək istədim.