Mən səni həyatda daşa dəyişdim,
Torpağa dəyişdim, məzara döndün.
Mən öz baharımı qışa deyişdim,
Çinara dönmüşdün, hasara döndün.
Bir ana bənd imiş bu əbədiyyət,
Duydum buza dönən nəfəsimi də,
Anamı əlimdən alan təbiət
Gözü götürmədi, aldı səni də.
Mən bir xəcalətdən çıxa bilmədim,
Bu gizli dərdimi açıq desəm də.
Sənə – sənə layiq baxa bilmədim,
Səni – sənə layiq dəfn eləsəm də.
Yerə söykədilər mərmər üzünü,
Qışqırdım dayanın,əl saxladılar
Mən özüm örtərdim evdə üzünü,
Burda, qəbristanda torpaqladılar.
Sən getdin, dəyişdi həyatın özü,
Getdi dadı-tamı, hər şeyi getdi.
Evi bəzərdin ki,gözəl görünsün,
Evimin ən gözəl bəzəyi getdi.
Gedib dost-qohumun qəbri üstünə,
Gül-çiçək qoyurduq ikilikdə biz.
Mən sənsiz ölərəm! Demişdim sənə,
Hamısı yalanmış, yaşadım sənsiz…
Sənə sədaqətdi bütün həyatım
Deyərdim, baxardın gülümsəyərək.
Səni qəbristanda qoyub qayıtdım,
Sədaqət şüarım bu imiş demək.
Bu gün qəbristanda gecikib səhər,
Üstünə nur səpir qızıl dan yeri.
Torpaq ot bitirər, ağaç bitirər,
Burda daş bitirir qəbristan yeri.
Bir gözəllik itib duman içində,
Dünya imtahanmış, işləri ovsun.
İlahi, bu qədər insan içində,
Bir insan tapılmır söz demək olsun…
Fikirli qalxıram üzüyuxarı,
Nə qədər yaxınsan, nə qədər uzaq.
Təzə ot göyərib örtür cığırı,
İtirmək istəyir qəbrini torpaq…
Mənsiz darıxardın evdə hər dəfə,
Dözümsüz olmuşdu gecə-gündüzün.
Gedəndə deyirdin: “tez qayıt evə”,
Bəs niyə qayıdıb gəlmirsən özün?!
Gözüm yolda qalıb, qulağım səsdə,
Gedibsən, qalmışam mən qonaq kimi.
Sən yerin altında, mən yerin üstə,
Biz ayrı düşmüşük kök-budaq kimi…
Mənbə: Klassik Ədəbiyyat İnciləri