Müstəqillik sözlərə, fikirlərə ədəbiyyata da yeni can, yeni ruh gətirdi. Xalqımızın mədəni-mənəvi irsinin öyrənmək, özünü tanımaq fürsəti ələ düşdü. Bizdən gizli saxlanılan həqiqətləri, bizə yanlış tanıdılan şəxsiyyətləri! Sovet ədəbiyyatında mürtəce romantizmin nümayəndəsi kimi verilən, “pantürkist”, “panislamist”, “paniranist” damğaları vurulan Əhməd bəy Ağaoğlu da bu şəxslər sırasında idi. Əlbəttə, partiya ideologiyası elmi ədəbiyyata da sirayət etmişdi. Bu dönəmdə partiyaçılığa müxaliflik təşkil edən fikirləri Əhməd bəy Ağaoğlu şəxsiyyəti və yaradıcılığını tədqiqlərdən uzaq salmışdı. Ancaq həqiqət əlbət bir gün zühur edir. Elmi həqiqətə susayan tədqiqatçılarda Əhməd bəy Ağaoğlu şəxsiyyəti və yaradıcılığını öyrənmək istəyi baş qaldırdı. Onların sırasında ədibin irsinin öyrənilməsi istiqamətində görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun apardığı tədqiqatları uğurla davam etdirən Vilayət Quliyevin adı xüsusilə çəkilməlidir. O, “Əhməd bəy Ağaoğlu kimdir?” sualına hələ 1997-ci ildə nəşr etdirdiyi “Ağaoğlular” adlı monoqrafiyasında elmi şərh vermişdir. Monoqrafiya ilə Türkiyənin ictimai-siyasi həyatında yüksək mövqe tutan Ağaoğlular – Əhməd bəy Ağaoğlu, Sürəyya Ağaoğlu, Səməd Ağaoğlu barədə məlumat alırıq. O, Əziz Mirəhmədovla birgə tərtib etdiyi Əhməd bəy Ağaoğlunun “Seçilmiş Əsərləri”ni çap etdirməklə bu suala cavab tapmağı geniş oxucu kütləsinin öhdəsinə buraxdı. Əhməd bəy Ağaoğlu kimi ensiklopedik şəxsiyyəti tanımaq isə neçə-neçə vətən övladında milli qeyrət hissi oyandırdı. Həm də utandırdı. Bu qədər zaman içərisində həqiqətə göz yumub o yalanlara uyduğumuza görə… Əhməd bəy Ağaoğlu ilə bizi tanış etdiyinə görə Vilayət Quliyevə minnətdarlıq etməmək olmur. Daim dövri mətbuatda Ə.Ağaoğlu irsinin tədqiqinə dair sanballı məqalələrlə çıxış edən V.Quliyev ədibin 150 illik yubileyi ərəfəsində də fəallıq göstərir. O, bu münasibətlə “Atatürk və Əhməd Ağaoğlu” və “Əhməd bəy Ağaoğlu: Xatirələr” kitablarını nəşr etdirdi.
Ədibin çoxşaxəli həyat və fəaliyyətini öyrənmək baxımından zəngin material verən “Əhməd bəy Ağaoğlu: Xatirələr” kitabında “Altmış yeddi il sonra” və “Sərbəst firqə xatirələri” adlı memuarları yer alır. “Sərbəst firqə xatirələri” daha öncə ixtisarla Ağaoğlunun “Seçilmiş Əsərləri”nə daxil edilmişdir. Burada isə memuar tam variantda Azərbaycan oxucusuna təqdim edilir. Həmçinin kitab vasitəsilə ədibin ilk dəfə “Altmış yeddi il sonra” adlı xatiratı ilə tanış oluruq. Kitabın tərtibçisi, ön söz, izah və şərhlərin müəllifi Vilayət Quliyev həm də xatiratları Türkiyə türkcəsindən Azərbaycan dilinə uğurlu şəkildə uyğunlaşdırma aparmışdır. Memuarların bədii dil xüsusiyyətləri elə qorunmuş, Ə.Ağaoğlunun yazı üslubu, deyim tərzi elə gözlənilmişdir ki, əsərin tərcümə olunduğu hiss edilmir. Bunu V.Quliyevin uzun illər Əhməd bəy Ağaoğlunun yaradıcılığı üzərində tədqiqat aparması və tərcümə sahəsində yetərincə təcrübəsi olması ilə əlaqələndirmək olar. Əhməd bəy Ağaoğlunu “əsrin əvvəllərində Bakıdakı “müsəlman mühiti”nin daim oyaq olan vicdanı” adlandıran V.Quliyev onun həyati mübarizəsindən səmimi bir dillə bəhs açır. Ədəbiyyatşünas alimin kitaba yazdığı “Əhməd bəy Ağaoğlu: hadisələrlə zəngin ömürdən iki xatirə” adlı ön sözdə də ədibə olan ehtiramı, sevgini duymamaq olmur. V.Quliyevin “Əhməd bəy Ağaoğlunun cild-cild kitablara, böyük seriallara material verən həyat yolunu göz önündə canlandıranda istər-istəməz insanın qəlbində bir istək baş qaldırır – kaş ki ümumtürk mədəniyyətinin və ictimai fikrinin inkişafına əvəzsiz xidmətlər göstərmiş bu böyük şəxsiyyət öz ömür salnaməsini özü qələmə almış olaydı!” qeydi isə qələmə alınmamış ssenarinin yazılmasına rəvac verə bilər.
“Əhməd bəy Ağaoğlu: Xatirələr” kitabı oxucunun “Əhməd bəy Ağaoğlu kimdir?” sualına cavab tapmasına əyani köməklik göstərir. XX əsrin əvvəllərində Türkiyənin ictimai-siyasi həyatında baş verənlərin bədii əksi Ə.Ağaoğlu xatirələrində yer alır. O, həmin dövrdə Türkiyədə baş verənlərin izləyicisi yox, fəal iştirakçısı olduğundan onun qələmə aldığı xatirələri birbaşa qaynaq rolunu oynayır.
Ömrünün 67-ci ilində qələmə aldığı ədibin “Altmış yeddi il sonra” memuarı həyatının Şuşa, Tiflis, Peterburq və Paris dönəmini ayna kimi əks etdirir. Təəssüflər olsun ki, xatirat yarımçıq saxlanmışdır. Əsərdə o, özünün doğulub boya-başa çatdığı patriarxal ailəsindən – Şərq düşüncəli mömin atası Həsən ağadan, oğlunun yalançı mollalardan olmasını istəməyən anası Tazə xanımdan, Şərq dilləri və ədəbiyyatına yaxşı bələd olan böyük əmisi Hacı Mirzə Məhəmməddən və anadangəlmə filosof adlandırdığı əmisi Əli bəydən bəhs açır. Sarıcalı obasıından olan anası Əhməd bəyin dünyəvi təhsil görməsi üçün əlindən gələni edir. Ona rus dilini öyrətmək üçün gizlicə müəllim tutur, oğlunun rus məktəbində təhsil almasına nail olur. Əhməd bəyin “nədən bu fəlakətlə dolu yolu oğluna rəva gördün?” sözlərində həyati mübarizədə yorğun düşmüş bir qəhrəmanın üsyanı duyulur. Bəzən sakit ömür sürmüş əmilərini, atasını xatırlayıb öz həyatından gileylənir də – “Ah, nə olardı mən də onlar kimi ola biləydim!”.
Oxuduğu məktəb mühiti, müəllimləri onun dünyagörüşünün formalaşmasında, düşüncələrinin təzələnməsində misilsiz rol oynayır. Ənənəvi mollaxana məktəbi ilə rus məktəbini müqayisə edərkən 54 il sonra da cavabını tapa bilmədiyi “niyə? bu fərqliliyin səbəbi nədir?” sualı doğur. O, onsinifli lisey timsalında XIX əsrin sonlarında “hər məktəb bir inqilab təlimi yuvası idi” qeydini verməklə təhsil ocaqlarının inqilabi fikrin formalaşdırılmasında roluna işarə edir. Çarizmin apardığı siyasətə rəğmən məktəblərdə müəllimlərin uşaqları inqilab ruhunda tərbiyə etməsi məsələsinə toxunulur. Bu məktəblərdə Əhməd bəyə də aşılanan inqilabi ruh onun bütün həyatı onunla bərabər irəliləmiş, ən sərt mübarizələrdən geri döndərməmişdir.
Əhməd bəy Nəsir bəy Tahirovun təşviqi ilə məktəbin yeddinci sinfini Tiflisdə oxumağa qərar verir. Ailəsindən razılıq ala bilməyən gənc Tiflisə gizlicə qaçmağa məcbur olur. O dövrdə fikri və siyasi cərəyanların mərkəzi olan Tiflisdə türklər, ləzgilər, osetinlər, çərkəzlər kimi “çarın sadiq bəndələri”ndən fərqli olaraq, erməni, gürcü və ruslar hər biri ayrı-ayrı gizli təşkilatda fəaliyyət göstərirdi. Ə.Ağaoğlunun şeyxülislamı ziyarətə gedərkən mülkün giriş qapısı üzərində yazılan “Əli təriqəti”, “Ömər təriqəti” ifadələri o zaman onda necə təəccüb doğurmuş və düşündürmüşdüsə sonradan təriqətləşmə İslamın birliyi uğrunda apardığı mübarizəsində yeni problem təşkil edəcəkdir. Memuarda Tiflisə əyləncə məqsədi ilə gəlib müflis vəziyyətdə qayıdan müsəlmanlara da toxunulur. Tiflisdən aldığı üç yüz manat pul mükafatı ilə qayıdan ədib Sarıcalı elinə – dayılarının yanına yollanır. Əhməd bəy kişilərlə bir tutulan, at belinə minən, heyvanları sürüyə aparan, heç yaylıqlarını burnunun ucuna qədər qaldırmağı belə lüzumsuz görən köçəri qadınlarla bağlı “köçəri həyatında nə təsəttür vardı, nə də bütünlükdə qadın məsələsi!” qeydini verir.
Əhməd bəy oxuduğu kitabların təsirilə Peterburq sevdasına düşür. Ailəsi, qohum-əqrəbası ilə vidalaşarkən ana oğluna “de ki, ana, əgər bir xaçpərəst qızı ilə evlənsəm, bu döşlərimdən əmdiyim süd mənə haram olsun” – deyə and içdirir. O, bunu o zaman mahiyyətinə varmadan etsə də, andını heç vaxt pozmur. Şuşadan uzaqlaşdıqca mənən də ondan ayrıldığını bildirən ədib Peterburqdakı həyatı barədə – “qafqazlılıq duyğusu”ndan bəhs açır, tələbələr arasında türklərdən təhsil almağa gələnlərin olmadığının heyrət doğurduğunu qeyd edirdi. Buna görə bir yandan təəssüflənir, bir yandan da özü ilə qürur duyurdu. Onun Peterburqdakı mühitlə bağlı bildirdiyi “on minlərlə tələbədən tək bir nəfər tapılmazdı ki, bu təşkilatlardan hansınasa mənsub olmasın” sözləri isə şəhərin inqilabi təşkilatlanmasından xəbər verirdi. Burada o, Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə tanış olur.
Peterburq mühitindən sıxılan Əhməd bəy hələ gimnaziyanın dördüncü sinfində oxuyarkən xəyalını qurduğu Parisə yollanır. Atasının “yüz əlli rubl göndərirəm. Ürəyin hara istəyir, get” yazılmış teleqramı ailəsinin bu səfərə razılıq vermədiyinin açıq-aşkar işarəti idi. Yüz əlli rublla Parisə getmək və təhsil almaq! Vaqonda təsadüfən rastlaşdığı köhnə tanışlardan biri – bir fransız qızı ilə Parisə gedir. Paris dövrünü Ə.Ağaoğlunun ilk ən çətin sınaqlar dövrü adlandırmaq olar. Fransız dilini yetərincə bilməməsi və az pulla burada yaşamağa çalışması kimi maddi sıxıntılarla yanaşı, doğma yurddan ayrı düşməsi, atasından, ailəsindən gördüyü laqeyd münasibət onda mənəvi böhran doğururdu. Ancaq bu çətin dönəmdə ev sahibinin, baqqalda işləyən qadının anlayışlı davranışı, ev yoldaşlarının əllərindən gəlsə köməklik edərcəsinə səmimiyyəti ona mənəvi güc verirdi. O, hətta pulu olmadığına görə iki gün ac-susuz qalır, kirayəni ödəyə bilmədiyinə görə bir müddət damın altındakı boş yerdə gecələməyə məcbur olur. Həyatının Paris dövrü onun iradəsinin möhkəmlənməsində, bir insan kimi yetişməsində misilsiz rol oynayır. Ə.Ağaoğlu bunu özü də etiraf edir: “indi anlayıram ki, insanın yetişməsi, möhkəmlənməsi üçün qara günlər ağ günlərdən daha mühüm imiş. Amma bir şərtlə: boş dayanmamalısan, başını aşağı salıb zülm və zillətə qatlaşmamalısan!”
Əhməd bəy təhsil aldığı “College de France” məktəbini “insanı yüksəltmək, irəli aparmaq xüsusiyyətləri sanki zahirindən özünü bəlli edirdi” sözləri ilə xatırlayır, burada Ernest Renan, Ceyms Darmsteterdən dinlədiyi məruzələri yada salır. Əsərin əlyazması isə elə burada qırılır…
“Sərbəst firqə xatirələri” aynasında isə Türkiyə Cümhuriyyətinin ilk müxalif partiyası “Sərbəst Cümhuriyyət Firqəsi”nin fəaliyyətinin bütün cəhətləri əks olunmuşdur. Siyasi memuar Türkiyə Cümhuriyyətinin ilk onilliyinin xronikasını vermək baxımından əhəmiyyətlidir. 1930-cu il avqustun 10-dan noyabrın 16-na qədər fəaliyyət göstərən “Sərbəst firqə”nin heyətində Əhməd bəy Ağaoğlu da yer almışdır. Ə.Ağaoğlu həyatının “Sərbəst firqə” dövrünü fikir böhranları ilə dolu bir dövr kimi səciyyələndirmək olar. “Sərbəst firqə” M.K.Atatürkün Türkiyədə həyata keçirdiyi demokratikləşmə siyasətinin bir parçası idi. Firqənin yaradılmasını zəruri edən səbəblər içərisində Avropanın çoxpartiyalı sistem təcrübəsinin sınaqdan keçirilməsini, M.K.Atatürkün fərqli fikirlərin ortaya qoyulması və ölkədə hansı proseslərin getdiyini izlənilməsi istəyini göstərmək olar. Bu partiya Cümhuriyyət Xalq Firqəsinin bir qolu olacaq, Qazinin (M.K.Atatürk) maliyyə dəstəyi ilə yaradılacaqdı. “Sərbəst firqə”nin üzvləri, idarə heyəti də Qazi tərəfindən seçiləcəkdi. Əhməd bəy Ağaoğlu öncə bu işə – razılaşdırılaraq firqə yaradılmasına inamsızlıqla yanaşır. Lakin sonradan partiyanın iti qələm sahiblərindən, kəskin çıxış yiyələrindən birinə çevrilir. O da, Qazi də fərqli fikirlərin, mövqelərin inkişafa aparacağına inanırdı.
“Sərbəst firqə”nin tərkibində “İttihad və Tərəqqi”nin üzvlərindən – Əli Fəthi bəy (sədr), Əhməd bəy Ağaoğlu (sədr müavini) və Mehmet Nuri Conkerlə Həsən Təhsin Üzer, M.K.Atatürkün bacısı Məqbulə xanım, ümumilikdə isə sayı 13-ü keçməyən millət vəkili yer alırdı. Mustafa Kamal Atatürk “Sərbəst firqə”yə ən inandığı və ən güvəndiyi adamları gətirmişdi. Xatiratdan məlum olur ki, firqənin adı da Əhməd bəyin “sərbəstlik” ideyasından qaynaq götürmüşdür. Hələ partiyanın quruluş şəklini müzakirə edərkən Ə.Ağaoğlunun sərbəstlik barədə səsləndirdiyi fikirlər oradakı hər kəsi mütəəssir etmişdi: “… sərbəstlik elə bir şeydir ki, sizi əhatə edən havaya bənzəyir, o hava ortalıqdan qaldırılsa, kimsədə, əlbəttə, nə söz istəmək, nə də söyləmək həvəsi qalar”. Əhməd bəyin “sərbəst düşüncə, sərbəst söz, sərbəst hərəkət” tezisi onun “Sərbəst insanlar ölkəsində” adlı fəlsəfi traktatında şərh olunmuşdur. Bu əsərin meydana çıxmasında, sözsüz ki, “Sərbəst firqə”nin öz payı vardır.
Xatirat ədibin xarakterini ortaya qoymaqda misilsiz rol oynayır. “Xalqa pul lazımdır, pul!” deyiləndə onun “türk kəndlisinin ətindən-dırnağından kəsib vəkillərə, məbuslara, komandanlara, böyük məmurlara pul verməyə heç kimin haqqı yoxdur” sözləri təmiz vicdanının bariz göstəricisidir. Əhməd bəy Ağaoğlu hər zaman cəsarəti ilə seçilən, dürüst söz adamlarından biri olub. O, Qaziyə yazdığı məktubunda onun CXF üzvlərinin əməlləri üzündən get-gedə nüfuzunu itirdiyini yazırdı. Memuarda xalqla CXF arasında mənəvi bağların tamamilə qırıldığını bildirərək “qorxu” və “Qaziyə bəslənən minnətdarlıq hissi”nin bu partiyanın hələ də yaşama səbəbi olduğunu göstərirdi. Əhməd bəy Ağaoğlunun vicdanlı, namuslu insan xarakterini açan digər bir fakt – İsmayıl Haqqı bəyin öz məktubunda bildirdiyi “mən Cümhuriyyət Xalq Firqəsi rəisi Qazini deyil, məmləkətin xilaskarı Mustafa Kamalı sevirəm” – fikirlərə qarşılıq olaraq Qazi tərəfindən Ə.Ağaoğluya yazdırılan küfr dolu məktubdan ötrü utanc duyur. İsmayıl Haqqı kimi “təmiz, hörmətəlayiq şəxsiyyət” kimi tanıdığı insana qarşı bu cür hərəkət etdiyinə görə peşmanlıq çəkir. Sonradan bu yazının “gecə ədəbiyyatı” seriyasından olduğunu, məktubun və Fəthi bəyə ünvanlanan teleqramın göndərilmədiyini öyrənəndə daxili rahatlıq tapır.
Firqə yaranar-yaranmaz xalq arasında böyük əks-sədaya səbəb oldu. Xalqın mənafeyini müdafiə edən yazıları, dövlətin malından sui-istifadə edənləri sərt tənqid edən məqalələri ilə kütlənin qəlbinə yol tapır. CXF üzvləri yeni firqə qurulan gündən düşmən mövqeyə keçdilər. Firqə az müddətdə özünə çoxlu tərəfdar toplayır. “Sərbəst firqə”yə xalq arasında rəğbət günü-gündən artır. Mitinqləri insan axını ilə baş tuturdu. Əhməd bəy bələdiyyə seçkilərində “Sərbəst firqə”nin iştirakının əleyhinə çıxmasını da bununla bağlayırdı. Yeni firqə iştirak edərsə, CXF məğlub olacaqdı. Qazinin bu cür vəziyyətlə barışmayacağını bildirərək yazır: “Qazi keçmiş firqəni tərk etməmişdi. Yenə onun öz təşkilatı idi. digəri isə yalnız ögey övlad səviyyəsində kombinasiya aləti idi”. Əhməd bəy burada həm də iki partiyaya M.K.Atatürkün münasibətini göstərirdi. Mətbuat bu iki firqə arasında gedən mübarizəni xüsusi maraqla izləyir, bəzən küfr dərəcəsinə çatan məqalələr çap olunurdu. Yaqub Qədrinin küfr dolu məqaləsinə verdiyi cavabda Əhməd bəy “mən inancımın cəzasını çəkirəm, sən də küfrünün mükafatını alırsan” deyə öz inancının sarsıldığını da bildirirdi. “Küfrünün mükafatını alırsan” deməklə Yaqub Qədri Qaraosmanoğlunun səfirlik məqamına yüksəlməsinə işarə edirdi.
Firqənin qısa müddətdə qazandığı mövqe Qazini mənən narahat edirdi. Axı o, türk xalqının qurtuluşu üçün nələr fəda vermiş, nələrdən keçmişdi. Necə ola bilər ki, yeni firqə yaranar-yaranmaz xalq onun partiyasından üz çevirir. Əhməd bəy bu münasibətlə yazırdı: “Qazi bu firqəni, həqiqətən, səmimi şəkildə yaratmaq istəmişdisə, o zaman öz hesablarında aldandığını qəbul etmək lazım gəlir. Çünki o, xalqın yeni firqəyə belə gur axın edəcəyini əvvəlcədən ağlına gətirməmişdi”. Qazinin CXF barədə söylədiyi “rəsmi vəzifəm başa çatdıqdan sonra Cümhuriyyət Xalq Firqəsinin rəhbərliyində feilən çalışacağam” – sözləri partiyaya qarşı tutduğu mövqenin ifadəsi idi. İzmir hadisələrindən sonra Fəthi bəy, Nuri bəy və Əhməd bəylə görüşən Qazinin “Sizin daha yardıma ehtiyacınız yoxdur. Yardıma o biri firqə möhtacdır” səciyyəli sözləri Ə.Ağaoğlunun Qazinin iki firqə barəsində hansı fikirdə olmasına dair qənaətinin doğru olduğunu isbatlayır. Əhməd bəy “o, mübarizəni sevir və qarşı tərəfin məğlub vəziyyətindən zövq alaraq qarşıdurmanı aradan qaldırmağı deyil, qızışdıraraq ən son həddə çatdırandan sonra üzərinə atılıb bir anda yox etməyi düşünürdü” – fikirlərini bildirərək Sərbəst firqənin yaradılmasını və hər iki tərəfi mübarizəyə təhrik etməsini M.K.Atatürkün mübariz xarakteri ilə bağlayır.
Əhməd bəy “Sərbəst firqə”nin böyük əks-səda doğurmasından Qazinin bərk qorxduğunu yazırdı. Sözsüz ki, bu qorxunu yaradanlar arasında İsmət paşanın rolu az deyildi. CXF sədri İsmət İnönünün Qaziyə müraciətlə söylədiyi “bələdiyyə seçkilərini gördük. Xalq yalnız o tərəfə axışır… Seçiləcək millət vəkillərinin əksəriyyəti, təbii ki, Fəthi bəyin adamları olacaq. Onun günlərin birində həmin əksəriyyətin gücünə arxalanıb hər şeyi öz əlinə almayacağına əminsiniz?” sözlər “Sərbəst firqə”nin iflasa uğramasına və bağlanmasına birbaşa təsir göstərdi. Qazinin “Sərbəst firqə”yə qarşı çıxmağa və sizinlə mücadilə etməyə məcburam… Mübaizə meydanına atılaq, qarşı-qarşıya gələk. Kim bilir, bəlkə, siz müvəffəq oldunuz” – sözləri ilə “Sərbəst firqə”yə yardım etməkdən və dəstək olmaqdan imtina etdiyini bildirdi. Bu isə “Sərbəst firqə”nin süqutunu sürətləndirdi. Ağır ittihamlar, sərt tənqidlərlə üzləşən “Sərbəst firqə”çilərin hətta “vətən xaini ittihamı ilə mühakimə altına alınmağı” təklif edilirdi. Əhməd bəy “Sərbəst firqə” oyununun belə bitəcəyini gözləmədiyini bildirirdi: “Biz Qazinin təklif və israrı əsasında qurulmuş firqənin belə macəralı sonluğa uğrayacağını ağlımıza da gətirməzdik”. Firqə dağılandan sonra İsmət paşanın xalqa ümidlər vermək üçün ortaya çıxarılan xülya olduğunu deməsi və bu oyunu özü təşkil etdiyini etiraf etməsi Ə.Ağaoğlunun məyusluğunu artıran səbəblərdən idi. Bu, həm də “Sərbəst firqə” komediyası nə üçün oynanıldı? sualına ən tutarlı cavab idi.
Əhməd bəy Ağaoğlu “Sərbəst firqə” timsalında ümumiləşdirdiyi qənaətlər əsasında bir zamanlar dinin unudulmasından şikayət edən xocaları, hürriyyətdən, azadlıqdan ağızdolusu danışanların sonradan hürriyyəti zərərli hesab edənləri, liberallıqdan faşizmə keçid alıb onun ideallığından dəm vuran ədibləri ifşa edir. O, xalqın maariflənməyini vacibliyini vurğulayır və ədalət hissi olmayan bir millətdə hürriyyət, firqə kimi anlayışların heç bir məna ifadə etmədiyini bildirirdi: Belə mühitlərdə hər şey oyuna, hiyləyə, qarşılıqlı ittihamlara, iftiralara əsaslanır, nəhayət, bir tərəfin əl-qolunu bağlanır, o biri tərəfə isə istədiyi kimi hərəkət etmək imkanı verilir.
Kitabın “İzah və şərhlər” bölməsi isə “Altmış yeddi il sonra” və “Sərbəst firqə xatirələri” memuarlarında sözü gedən şəxslər və bəhs açılan hadisələr barədə geniş məlumat almaqda yardımçı rol oynayır, hadisələrin daha aydın qavranılmasını təmin edir. Həmçinin bu bölmədə ədibin oğlu Səməd Ağaoğlunun xatirələrindən qeydlərin verilməsi də həmin şəxsiyyətlər barədə ətraflı məlumat almaq imkanı yaradır.
“Əhməd bəy Ağaoğlu: Xatirələr” kitabı ədibin qələmə aldığı xatirələr aynasında görünən kimliyinə – Əhməd bəy Ağaoğlu şəxsiyyətinə, mücadilə dolu bir ömrə nəzər salmaq fürsəti verir. İnanırıq ki, Vilayət Quliyevin tərtibçisi olduğu “Əhməd bəy Ağaoğlu: Xatirələr” kitabı ağaoğluşünaslığa böyük töhfə verməklə yanaşı, Əhməd bəy Ağaoğlu şəxsiyyətinin kütləyə tanıdılmasında misilsiz rol oynayacaq. Onun vətən, türk milləti uğrunda üzləşdiyi çətinliklərə sinə gərməsi, xalqının inkişafa, yeniliyə nail olması üçün sərf etdiyi əməyi neçə-neçə qəlbləri riqqətə gətirəcək, onun cəsarətindən neçə gənc mənəvi güc alacaq, haqq, ədalət naminə apardığı mübarizədən heç vaxt yan qaçmayacaq, qarşısına çıxdığı əngəlləri əzmlə aşacaqdır. Neçə-neçə gənc tədqiqatçıda onun irsini öyrənməyə sövq edəcəkdir.