Dünya ədəbi prosesinə əsaslı təsir göstərən rus ədəbiyyatı, xüsusilə də XIX əsr rus ədəbiyyatı Avropa və dünyanın görkəmli fikir adamlarının diqqətini necə özünə çəkmişdisə, eləcə dəƏhməd bəy Ağaoğlu və xalqımızın digər mütəffəkirlərində bu ədəbi inkişaf prosesini izləməyə dair bir maraq oyanmışdı. Ə.Ağaoğlu rus ədəbiyyatının tənqidi problemlərinə xüsusi həssaslıqla yanaşmış, onun görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin geniş şərhini vermiş və əsərlərini təhlilə cəlb etmişdir. O, rus ədiblərinin yaradıcılığı ilə yaxından maraqlanmış və yeri gəldikcə rus ədəbi fikrindən yararlanmışdır. Ə.Ağaoğlunun rus ədəbiyyatının tədqiqi məsələlərinə dair ərsəyə gətirdiyi məqalə və yazıları dövri mətbuatda – “Kafkaz”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi qəzetlərdə və sonradan Türkiyə mətbuatında dərc olunmuşdur.
Ədib 1908-ci ildə Türkiyəyə mühacirət etdikdən sonra İstanbul Darülfünununda rus dili və ədəbiyyatı professoru kimi fəaliyyət göstərmiş, “Rus ədəbiyyatı tarixi” kursundan dərs demişdir. Ə.Ağaoğlunun “Rus ədəbiyyatının ümumi səciyyələri” adı ilə “Seçilmiş Əsərləri”nə (Tərtib edənlər: Əziz Mirəhmədov, Vilayət Quliyev). Bakı, Şərq-Qərb, 2007, 392 s.) daxil edilən bu əsəri ilk dəfə 1932-ci ildə beş məqalə şəklində “Cümhuriyyət” qəzetində dərc edilmişdir. Ağaoğluşünas alim Vilayət Quliyev Əhməd bəy Ağaoğlunun “Seçilmiş Əsərləri”nə yazdığı “izah və şərhlər” bölməsində bu məqalələr əsasında Əhməd bəyin İstanbul Universitetində oxuduğu mühazirə materiallarının dayandığını və nəşrə hazırlanma prosesində məqalələrin dil və üslubunda müəyyən qədər dəyişikliklər aparıldığını bildirir.
Əhməd bəy Ağaoğlunun “Rus ədəbiyyatının ümumi səciyyələri” əsərində rus ədəbiyyatının keçdiyi inkişaf yoluna eksurs edilir və onun başlıca xüsusiyyətlərinə diqqət yetirilir. Rus blınaları və “İqor Polkun dastanı”nı çıxmaq şərtilə XVII əsrə qədər zəngin ədəbiyyat nümunələrinə malik olmayan rus ədəbiyyatı Puşkin və XIX əsr rus ədiblərinin timsalında ədəbi zirvəyə qalxır. O, dünya ədəbi irsinə əsaslı təsir göstərəcək qədər inkişaf tapır. Bəs bu işıq sürətli tərəqqi necə meydana çıxdı? Ola bilərmi ki, uzun müddət sakit axan rus ədəbiyyatında fırtına necə qopdu? Onlar bu inkişafa necə nail oldular? sualları insanı düşündürməyə bilmir. Bəli, rus ədəbiyyatının az zamanda qazandığı böyük nailiyyətlərdən Ə.Ağaoğlu da mütəəssir olur. O, bu ədəbiyyatın mövzu, ideya və məzmun keyfiyyətlərini rus ədiblərinin yaradıcılığı əsasında səciyyələndirir. Belə ki, ədib “heç bir millətdə ədəbiyyat ruslarda olduğu qədər həyatla müvazi bir surətdə yürüməmişdir” deməklə rus ədəbiyyatının ən ümdə xüsusiyyəti kimi onun həyatla birbaşa bağlı olmasını göstərirdi. Bəli, ədəbiyyat həyatın, xalqın və cəmiyyətin güzgüsü olmalı, həyatda baş verən hadisələr bütün obyektivliyi ilə ədəbiyyatda öz əksini tapmalıdır. Belə ədəbiyyat əbədiyaşarlıq qazanmaqla bərabər onu oxuyan hər kəs üçün əvəzsiz fayda kəsb edir. Rus və dünya ədəbiyyatının ən görkəmli nümayəndələri bu prinsipi əldə əsas meyar tutmaqla yanaşı ədəbiyyatın tərbiyəvi və idraki funksiyasını da gözdən uzaq qoymamışlar. A.S.Puşkin, M.Qorki, L.Tolstoy, F.M.Dostoyevski, A.P.Çexov, N.İ.Qoqol və başqa rus ədəbiyyatının seçkin imzaları “insan və həyat” kontekstində rus xalqını narahat edən problemlərə toxunur, bu həyatın qüsurlu cəhətlərini rus həyatından aldığı inandırıcı hadisə və əhvalatlarla, canlı obrazlarla açıb göstərir. Bu səbəbdəndir ki, rus ədəbiyyatı rus milli ruhunun, düşüncəsinin və yaşam tərzinin ən bariz göstəricisidir. Ə.Ağaoğlu bu münasibətlə yazırdı: “Rus ədəbiyyatının tarixi rus mədəniyyətinin tarixidir. Zamanın bütün cərəyanları, mühitin bütün lövhələri ədəbiyyatda əks eyləmişdir”. Bax, budur XVII əsrdə formalaşan, az müddətdə dünya ədəbi-bədii fikrinə təsir göstərən rus ədəbiyyatının uğuru!
Ədib rus ədəbiyyatının səciyyəvi xüsusiyyətləri olaraq rus milli vicdanının bədii əksini, “ictimai və mühiti ünsür” amilini, təqlidçilikdən uzaq mövqe tutmağı və məfkurəçiliyi göstərirdi. Ə.Ağaoğlu rus ədəbiyyatının rus zehniyyətinin və rus milli vicdanının təcəssüm etdirməsini bu ədəbiyyat üçün başlıca keyfiyyət hesab edirdi. O, “İctimai və mühiti ünsür” konstekstində isə rus ədəbiyyatının həyati (realist) və təsviri (deskriptiv) mahiyyət daşıması məsələsini qoyaraq rus həyatının bütün cəhətləri və real lövhələrlə təsvir edildiyini bildirirdi. Əhməd bəy Ağoğlu “ta Puşkindən başlayaraq rus ədibləri rusları və Rusiyanı olduğu kimi təsvir etməkdədir” fikirləri ilə faydalı ənənənin davam etdirilməsini diqqətə çatdırır. O, “mühiti ünsür” məsələsində bəzən rus ədiblərinin ifrata vararaq naturalist mövqe sərgiləməsini tənqid edir. Ədib naturalizmi rus ədəbiyyatının “seçmə”, “fərqləndirici sifəti” adlandırır. Bəli, rus ədiblərindən nadir tapılar ki, hansısa öz əsərində vətəni Rusiya təbiəti təsvir etməsin. İstər kiçik şeir parçasında, istər poema, istərsə roman, istərsə də dram olsun, fərq etməz, biz bu peyzaj təsvirləri ilə rastlaşırıq. Həmçinin Ə. Ağaoğlu kənd həyatı mövzusunun rus ədəbiyyatı üçün ən işlək mövzu olduğunu xüsusilə diqqətə çatdırırdı. A.S.Puşkin, M.Qorki, L.Tolstoy, F.M.Dostoyevski rus kəndlisinin saflığını, yüksək mənəvi aləmini kübar həyatın saxta səmimiyyətlərinə qarşı qoyur. Uzun müddət dünya ədəbiyyatında, eləcə də rus ədəbiyyatında ingilis romantizminin ən məşhur nümayəndəsi C.Q.Bayronun təsirinə uyaraq təqlidi əsərlər ərsəyə gətirilirdi. Təqlidçilik probleminə dair Əhməd bəy məşhur rus tənqidçisi Savodnikin “hər hankı bir millətin ədəbiyyatı yalnız müstəqil və şəxsi olduğu halda digər ədəbiyyatdakı əsərlər kimi qiymətli və əhəmiyyətli əsərlər vücuda gətirə bilər” fikirlərini əsas gətirərək orijinal, xalqın özünəməxsus cəhətlərini əks etdirən ədəbiyyatın tərəfdarı kimi çıxış edirdi. Həyatın ən qaranlıq tərəflərinə işıq salan rus ədəbiyyatı üçün məfkurəçilik başlıca keyfiyyətdir. Ə.Ağaoğlu rus ədiblərinin yaradıcılığında xüsusi yer tutan məfkurəçiliklə bağlı fikirlərini əsərdə belə bildirirdi: “Məfkurəçiliyi, nikbinliyi həyatın ən qəmli cəhətləri ilə birləşdirmək, cılız bir mövzuya məfkurəvi mahiyyət vermək iqtidarı etibarı ilə heç bir ədəbiyyat rus ədəbiyyatı dərəcəsinə varmamışdır”. “Hər insanda bir işıq var” deyən Lev Tolstoyun bu mövqeyi də məhz məfkurəçiliklə bağlıdır. Ən qəddar insanda belə “insan işığı” tapmaq istəyi rus ədibləri üçün ümumi bir amal olmuşdur. Həyatın ən çıxılmaz vəziyyətlərində onlar insan üçün hər zaman bir ümid işığı, bir təsəlli yeri qoyurlar.
Bütün bu deyilənlərlə yanaşı, Əhməd bəy Ağaoğlu rus ədəbiyyatının xəlqi mahiyyətini qabardaraq bu ədəbiyyatın xalqın milli düşüncəsini, onun ideal və arzularını ifadə etdiyini bildirir. Rus ədəbiyyatının ən böyük uğurlarından biri də rus ədiblərinin yaradıcılığında qadının yüksək hüquq qazanmasıdır. Puşkinin eyş-işrət vurğunu Yevgeni Onegini saf məhəbbətlə sevən, lakin qarşılığında sevgilisindən aldığı “tövsiyələr”dən zamanla dərs çıxarıb Onegini kor-peşman edən Tatyanası (“Yevgeni Onegin”),Qriboyedovun şan-şöhrətli, var-dövlətli, yumşaq xasiyyətli ər axtaran, ancaq bir yalançıya aldanan Sofiyası (“Ağıldan bəla”), Tolstoyun azad sevgi qadınını timsalı olan “Anna Karenina”sı, Dmitri Nexlyudovu gənclik səhvlərindən ötrü peşman etməyi bacaran, ona mənəvi “dərs” verənMaslovası (“Dirilmə”), Dostoyevskinin cinayət törətmiş Raskolnikovu mənəvi “cəza”dan xilas edən Sonyası (“Cinayət və cəza”) rus ədəbiyyatındakı qadın fenomenini təcəssüm etdirən obrazlardır. Beləliklə,Ə. Ağaoğlu rus ədəbiyyatının ümumi səciyyələrini məfkurəçi (idealist), “şəniyəçi” (realist), təbiətçi (naturalist), feminist və “mücahidəçi” keyfiyyətlərində qruplaşdırırdı.
Əsərdə Əhməd bəy Ağaoğlu rus ədəbi tənqidçiləri tərəfindən rus ədəbiyyatının üç tarixi dövrə: “birinci dövr rusların xristianlığı və xristianlıqla bərabər ilk yazını qəbul etdikləri zamana qədər, yəni X əsri – miladiyyəyə qədər davam edər; ikinci dövr X əsrdən XIX əsrin ibtidalarına, yəni Puşkinin zühuruna qədər davam edər; üçüncü dövr də Puşkindən zamanımıza qədər davam eləyir” ayrıldığını göstərir və rus ədəbiyyatının yaranma və inkişafı mərhələlərini bu aspektdə izləyirdi. Rus ədəbiyyatının birinci dövrünü XVIII əsrdə müxtəlif tədqiqatçılar tərəfindən toplanan blinalar təşkil edir. Onlarda qədim dastan və əfsanələr ehtiva olunur. Blinaların meydana gəlməsində türk tatarların güclü təsir göstərdiyini Stasov, Miller, Potanin kimi tədqiqatçılarla yanaşı Əhməd bəy Ağaoğlu da təsdiqləyir. Bu məqsədlə ədib rus dastanlarında qəhrəmana Boqatır (bahadır) ləqəbinin verilməsini nümunə göstərir. Həmçinin o, “İqorun alayı haqqında söz” (“İqor polkun dastanı” – T.V) dastanına dair bir kitabxanalıq tədqiqat aparıldığını bildirir. Bununla yanaşı, dastanda rus ədəbiyyatının bütün keyfiyyətlərinin ibtida halında ehtiva olunduğunu da qeyd edir. Məşhur qazax şairi Oljas Süleymenov “Az-ya” əsərində “İqor polkun dastanı”nın türklərin birbaşa təsiri əsasında yazıldığını dastanın mətnini ədəbi təhlilə və dil-üslub keyfiyyətlərini tədqiqə cəlb etməklə müəyyənləşdirmişdir.
Əhməd bəy rus ədəbiyyatının ikinci dövründə tədricən yazılı ədəbiyyat nümunələrinin yarandığını bildirir. Rus tənqidçilərinin bölgüsünə əsaslanaraq o da bu dövrü üç fəslə – “Kiyev” (XIII əsrə qədər), “Moskva” (XIV əsrdən XVII əsrə qədər), “yeniləşmə və intibah” (XVII əsrdən Puşkinə qədər) dövrlərinə ayırmışdır. “Kiyev fəsli” rusların Bizansdan xristianlığı qəbul etməsi və bu dinin təsiri ilə Kiyev knyazlığına daxil olması ilə başlanır. Rus xalqının ictimai-siyasi, ədəbi-mədəni həyatında xristian dinin hakim mövqe tutduğu rus ədəbiyyatının bu dövründə dini mətnlər – ilahilər, xütbələr, moizələr əsas təşkil edirdi. Ə.Ağaoğlu həm də kilsə papalarının şəninə yazılan, onların tərcümeyi-hallarının əks olunduğu əsərlərin – salnamələrin yarandığını bildirirdi. “Kiyev fəsli” salnamələrdən savayı səyahətnamələri də məşhurdur. Onların da ərsəyə gəlməsində, sözsüz ki, xristianlığın müstəsna rolu var idi. Beytül-müqəddəsi – Konstantinopolu (İstanbul – T.V) ziyarət etməyə gedənlər səyahət zamanı etdiyi qeydləri səyahətnamələrində yazardılar.
Rus ədəbiyyatının “Moskva fəsli”ni Əhməd bəy Ağaoğlu durğunluq dövrü olaraq səciyyələndirir. Qızıl Ordunun istilasına məruz qalan ruslar kilsəyə sığınır. Qısa müddətdə din xadimlərini və xalqı ram edən Moskva knyazlığı istibdad və mərkəzləşdirmə siyasəti yürüdürdü. Ədəbiyyat çarizm və İvan Qroznı istibdadına qarşı tənzimlə kilsə xadimləri tərəfindən yazılmış “Prosvetitel”, “Minei”, “Stepaniya kniqa” kimi əsərlərdən ibarət idi. Bu dövrdə nəinki mütərəqqi ədəbiyyatdan söhbət gedə bilməz. Hətta “şəxsi fikir” pərvərdə etmək cəsarətində bulunan hər kəs edam kötüyünün üzərinə çıxardı”. Ə.Ağaoğlunun bu qeydi verməklə həmin dövrdə zülm və istibdadın hansı dərəcədə olduğunu göstərirdi.
Üçüncü dövrün – “Yeniləşmə və intibah”ın əsas səciyyəvi cəhəti Avropa ədəbiyyatını, xüsusilə də bayronizmi təqlid və onlardan tədricən təsirləmədir. Bu dövrü Ə.Ağaoğlu üç kiçik qismə – “yeni Kiyev”, “Lomonosov”, “Karamzin” dövrlərinə ayırır. Ədib mərkəzi hakimiyyətin Moskvaya keçməsinə baxmayaraq Kiyev şəhərinin hələ də mədəni mərkəz olduğunu qeyd edir və rus ədəbiyyatının “Yeni Kiyev” dövründə bir-birinə zidd iki qüvvənin mübarizə apardığını nəzərə çatdırırdı. Bu dövrdə katolik təbliğatı ilə yanaşı ona qarşı mübarizə hərəkatının başlanmışdı. Ə.Ağaoğlu bildirirdi ki, katolizmə qarşı mübarizə hərəkatının əsasını Tövrat və İncilin tərcüməsində buraxılmış xətaların, cahil katiblərin köçürmə zamanı etdiyi səhvlərin aşkarlanması və onların təshihi işi təşkil edirdi. O, həmçinin həmin dövrün ictimai fəallarını – Slavinetskini, Simeon Polotskini, Silvestri, Yurki Krijanskini, Stefan Yavorskini və Feofan Prokopoviçi Qərb mədəniyyətindən alınan ünsürlərin daxil edilərək yeni intibah cığırı açan simalar kimi səciyyələndirir. Bu hərəkat Kiyev mühacirlərinin sayəsində Şimali Rusiya ilə Cənubi Rusiya arasında ədəbi-mədəni körpü rolunu oynadı.
Əhməd bəy Ağaoğlu rus ədəbiyyatının “Lomonosov” və “Karamzin” dövründə baş verən ədəbi-mədəni hadisələrin Böyük Petro (I Pyotr – T.V) və onun varisləri ətrafında getdiyi barədə məlumat verir. I Pyotr dövründə Peterburq akademiyasının əsası qoyulması Rusiyada yeni bir hadisə idi. Akademiya rus ədəbi və ictimai fikrinin yeni şəkil almasında misilsiz rol oynamışdır. Əhməd bəy Ağaoğlu bu dövrün akademik M.V.Lomonosovun adı ilə verilməsinə də əsərdə aydınlıq gətirir: “Bu dövrün başında, dövrün adının da dəlalət etdiyi kimi, Lomonosov durur. Lomonosovun ətrafında Qantemir, Trediakovski, Sumorokov, akademiya üzvlərindən alman Şlosser və Miller və s. ikinci dərəcədə çoxlu mühərrir və ədiblər toplaşırlar”. I Pyotrun yenilikçi siyasəti varisləri – Yelizaveta və Katerin (Yekaterina – T.V) tərəfindən davam etdirilmişdir. Belə ki, ikinci Yekaterina Leybnits, Volter kimi ictimai xadimlərlə məktublaşır, onlardan Rusiyanı hərtərəfli inkişaf etdirmək üçün fikirlər alırdı. Onun dövründə yeni tipli məktəblər açılır, rus əsilzadələrinə mənsub olan gəncləra təhsil almaq üçün Avropaya göndərilirdi. Yeniliklər bir-birini davamlı olaraq izləyir və tədricən rus ictimai və ədəbi fikri yeni inkişaf mərhələsinə qədəm qoyurdu. Əhməd bəy D.İ.Fonvizinin “Hedorosl” əsəri istisna olmaqla, 1726-ci ildən 1791-ci ilə qədərki “Lomonosov” dövrünü Avropanı təqlid dövrü kimi xarakterizə edirdi. “Lomonosov” dövründə ədəbi prosesində yunan və latın dillərində olan Avropa və dünya ədəbiyyatından rus dilinə çevrilən tərcümələr xüsusilə diqqəti cəlb edirdi. Ə.Ağaoğlu rus ədəbiyyatının yeni dövrə keçid almasını təfəkkür və fəaliyyətdəki inqilabi hərəkatla bağlayaraq bildirirdi: “Təfəkkür və hissiyyat tərzi, iş üsulları uzun, mühüm bir inqilab dövrü keçirir və Puşkinlə başlayan müstəqil və orijinal rus ədəbiyyatının zühuru üçün mətin bir zəmin hazırlanır”.Qərb-Avropa ədəbiyyatından səmərəli şəkildə faydalanma rus ədəbiyyatı üçün zamanla öz bəhrəsini verdi.
Akademiya üzvlərinin həm tərcümələr etdiyi, həm də əsasən, qəsidə (oda), tragediya və dastan janrlarında müstəqil əsərlər yazdığı barədə məlumat verən ədib bu əsərləri ədəbi-bədii cəhətdən naqis hesab edirdi. Bu əsərlərin mövzularının klassik ədəbiyyatdan alınmasını və vaxtilə fransız nəzəriyyəçisi Nikola Bualonun müəyyənləşdirdiyi “dörd vəhdət” prinsipinə əsaslanaraq yazılmasını qüsurlu cəhət olaraq göstərirdi. Klassizmin “dörd vəhdət” prinsipi yazıçıya hadisələri geniş zaman daxilində, müxtəlif məkanlarda və dinamik hərəkət halında, çoxşaxəli süjet xəttində təsvir etməyə imkan vermirdi. Ə.Ağaoğlunun bu dövrün yazıçılarını klassik ədəbiyyatdan mövzu aldığına görə tənqid etməsi onun müasirlik konsepsiyası ilə bağlıdır. Onun bədii əsərlərində real hadisələrin romantik zəmində əks etdirilməsini görürüksə, publisistik məqalə və yazılarında isə realizm əsas ünsür səciyyəsini alır. Müasirlikdən uzaqlaşmamaq, ədəbiyyatın müasir həyatın bədii əksi olması fikri Ə.Ağaoğlunun ədəbi-tənqidi görüşlərinin təməlində dayanır. Ədib həmçinin rus tənqidçilərinin bu ədəbiyyatın “Lomonosov” və “Karamzin” dövrünü milli ədəbiyyat sırasına daxil etmədiklərini də bildirir. Ancaq bu iki mərhələ rus ədəbiyyatının yeni əsaslarla, yeni zəmində qurulmasında keçid dövrü hesab olunmalıdır. Ə.Ağaoğlunun “Lomonosov” dövrü ilə bağlı verdiyi ümumi səciyyəni aşağıdakı şəkildə yekunlaşdırmaq olar:
1. Ədəbiyyatın dinin təsirindən xilas olaraq müstəqil istiqamət alması.
2. Nəsr və nəzmdə inqilabın baş verməsi. Nəzmdə ənənəvi sillabik vəzn əvəzinə rus dilinə daha uyğun gələn tonik vəznin işlədilməsi, nəsrə isə dini kitabların yazıldığı əski slavyan dilinin yerinə xalqın danışdığı canlı dilin gətirilməsi idi.
3. Köhnə mövzuları ədəbiyyata gətirməkdən əl götürən rus ədiblərinin müasir həyatdan mövzu alması.
Əhməd bəy Ağaoğlu məşhur rus yazıçısı N.M.Karamzinin adını daşıyan bu dövrün 1791-ci ildən – Karamzinin “Bir rus səyyahının məktubları”nın çap olunması ilə başlayıb 1821-ci ilə – A.S.Puşkinin “Ruslan və Lyudmilla” əsərinə qədər davam etdiyini bildirir. Ədib Karamzinin rus ədəbiyyatdakı mövqeyinin üç mühüm inqilabla müəyyən olunduğunu göstərərək yazır: “Bu inqilablardan birisi Karamzin sayəsində sentimentalizm tərzinin Rusiyada o zaman psevdoklassizmi tamamən modadan çıxarmasından ibarətdir… Karamzinin etdiyi ikinci mühüm inqilab dilə aiddir. Karamzin məktublarında bütün əski slavyan kəlmələrini, latın-alman tərkiblərini, arxaizmləri tərk edir. Bu məktublar yazı dilini canlı dilə yaxınlaşdırmaq xüsusunda mükəmməl bir örnəkdir. Karamzinin icra etmiş olduğu üçüncü inqilab tarixə aiddir. İlk əvvəl tarixi bir elm kimi alıb mənalandıran və bu münasibəti başqalarına da qəbul etdirən Karamzindir”. Karamzin tarixçi üçün elm və həqiqət qayğısını çəkməkdən başqa vətənpərvərlik, moralistiklik, müəllimlik və sənətkarlıq xüsusiyyətlərinə də malik olmağı vacib sayır.
Əsərdə həmçinin Karamzinin nəzəriyyələrinin nöqsanlı cəhətlərindən də söz açılır. Belə ki, onun Rusiya üçün qurtuluşu keçmişə bağlılıqda axtarması, İvan Qroznı nəzəriyyələrini elmi əsasda verməsi, fikirlərində mühafizəkar mövqedə olması və hər cür ani inqilablara qarşı olması bu səciyyəyə aid edilir. Karamzini “panslavizmin müjdəçisi” hesab edən Ə.Ağaoğlu İ.A.Krılov və A.S.Qriboyedovun yaradıcılığının dövrün digər yazıçılarından xüsusilə seçildiyini bildirir. Bu iki yazıçının yaradıcılığı Puşkin dövrünə təsadüf etdiyindən Ə.Ağaoğlu əsərin “Puşkin dövrünün müqəddiməsi” hissəsində onların fəaliyyətindən geniş bəhs açmışdır.
Əsərin “Puşkin dövrünün müqəddiməsi” hissəsində ədib əvvəldə qeyd olunan məsələlərə qısa ekskurs edir və onlara qarşı münasibətini yekun icmal şəklində verir. Burada rus ədəbiyyatında gedən “yıxılış” və “oluş” prosesləri zəminində ənənə və müasirlik probleminə də toxunur: “Həqiqət halda yıxılış və oluş eyni əməliyyədir, eyni qüvvətin müxtəlif təzahürləridir. Xərabələrdən çoxları daşıdıqları canlı ruh sayəsində yeni amil və ünsürlərlə birləşərək yenidən həyatın əsaslarını təşkil edəcəklər… Böhranlar əsnasında müasirlər əksəriyyət etibarilə o iki əməliyyəni ayrı-ayrı zənn edərək iki böyük qismə ayrılırlar. Bir qismi keçmişə saplanıb qalır və müvazinətini, ahəngi, xilası o keçmişdə görür, digər qismi isə nicat və xilası yıxmaqda arar və ona görə də mövcudu, keçmişi yıxan amillərə sarılıb qalırlar. Avropadan gələn ruzigarlar yıxıcıdır, keçmişdən yüksələn sədalar isə mühafizəkardır. Odur ki, yenilikçilər üçün Avropadan əsən hər hansı cərəyan hörmətə layiq və müqəddəs olduğu kimi, mühafizəkarlar üçün də keçmişdən gələn sədalar mübarəkdir. Hər iki tərəf də içində bulunduğu müvazinət və ahəng amillərini tapa bilmədiklərindən o ahəng və müvazinəti təqlidçilikdə arayırlar. İstər Avropanı, istər keçmişi təqlid olsun! …. Yenilik və əskilik yoxdur. Müasirləşmək isə keçmişin bu günlə sintezindən ibarətdir”.
Məşhur rus yazıçıları İ.A.Krılov və Qriboyedovun yaradıcılıq fəaliyyəti əsərin bu bölməsində geniş təhlilə cəlb edilmişdir. Öncə ədib bu iki yazıçının rus ədəbi tənqidi fikrində “milli istiqamətin rəhbəri” şəklində adlandırılmasından bəhs açaraq rus məfkurəsinin onların yaradıcılığında istiqlaliyyət qazandığını, əsərlərinin sadə dildə yazıldığını qeyd edir. O, məşhur rus təmsil və komediya ustası İ.A.Krılovun Jan de Lafontendən “Palamut və çub” təmsilini sadə rus şivəsində tərcümə etməsi ilə şöhrət əldə etdiyinə diqqəti yönəltməklə əsərlərin kütləyə siraət etməsi üçün onların canlı, danışılan dildə yazılmasının vacibliyini vurğulayır. Əhməd bəy İvan Krılovun təmsillərini mahiyyətinə görə iki qrupa ayırır: tərbiyəvi (didaktik), həcvi (satirik). İ.Krılov həcv xarakterli təmsillərə daha çox üstünlük verir. O, sərt tənqidlərdən mümkün qədər uzaq duraraq fikirlərini bir istehza, bir ironiya vasitəsilə çatdırır. Yazıçı həcvlərini üç qisimdə qruplaşdırır: ümumbəşəri nöqsanlara, yerli rus nöqsanlarına və tarixi hadisələrə həsr olunanlar. Ümumbəşəri nöqsanlara xudbinlik, xudpəsəndlik, yelbeyinlik, aldatmaq, özünü mədh etmək; yerli rus nöqsanlarına pis əməl, rüşvətxorluq, kağızbazlıq, ədalətsizlik, təqlidçilik və tərbiyə nöqsanları daxil edilir. Tarixi hadisələrə həsr olunan təmsillərdə isə tarixi şəxsiyyətlərin bədii obrazı yaradılmış, onların qüsurlu cəhətləri satirik dillə tənqid olunmuşdur. Krılovu “rusların Xoca Nəsrəddini” adlandıran Ə.Ağaoğlu onun yerli xalq arasında məşhurluq qazanmasını üç amillə – xalqçılıq, həqiqətçilik və sənətkarlıqla bağlayır. İ.A.Krılovun sənətkarlıq məharətinin yalnız Jan de Lafontenilə müqayisə edilə biləcəyi qənaətindədir.
A.S.Qriboyedov yazdığı yalnız bir əsərlə – “Ağıldan bəla” (“Горе от ума”) mənzum komediyası ilə rus ədəbiyyatında xüsusi yer tutmuşdur. Əsər Azərbaycan dilinə Ələkbər Ziyatay tərəfindən tərcümə olunmuş, “Ağıldan bəla” adı ilə 2006-cı ildə çap edilmişdir. Lakin Əhməd bəy Ağaoğlu əsəri “Ağlın bəlası” adı ilə təqdim etmişdir. O, əsəri “psevdoklassizm məktəbi tərəfindən qəbul edilmiş qaydalara riayət olunmayaraq sərbəst yazılmış mənzum komediya” adlandırır. Mövzusunu canlı həyatdan alaraq yazan və doğulub böyüdüyü, boya-başa çatdığı Moskva cəmiyyətini real lövhələrlə təsvir edən Qriboyedov rus ədəbi sənətinə sərbəstlik meyarını gətirdiyinə görə ədib tərəfindən təqdir edilir. A.S.Qriboyedov sənətkarlığının üstün cəhətlərindən biri də “Ağıldan bəla”da həqiqi tiplər – vəzifə, rütbə üçün hər cür alçaqlığa əl atan, “yarınmağı” özlərinə peşə seçən “qulluq” adamlarının Famusov vəSkalozubun, “kiçik rütbə”dən ucalmaq üçün katibin qızı ilə sevgi münasibəti quranların Molçalinin və öz cəmiyyəti tərəfindən “dəli” adlandırılan mütərəqqi fikirli gənclərin isə Çatskinin timsalında obraz səciyyəsini almasıdır. Krılov dilini komediyaya gətirmək və sadə rus dilində yazmaq A.S.Qriboyedovun böyük uğuru hesab edilməlidir. Komediya barədə məşhur rus tənqidçisi V.Q.Belinski də olduqca yüksək fikirlər bildirmişdi: “Qriboyedovun komediyası … qüvvətli istedadın, dərin ağlın məhsulu olmaq etibarilə heç bir təqlidçilik, yalançı motivlər və süni boyalara malik olmayan, həm ümumiyyətlə və həm də ayrı-ayrı hissələrində, həm süjeti, həm xarakterləri, həm ehtirasları, həm hərəkəti, həm fikirləri, həm də dili başdan-ayağa rus həyatının dərin həqiqətini daşıyan birinci rus komediyası idi”. Professor Məmməd Cəfər isə əsərin təsiredici qüvvəsinə xüsusilə diqqəti cəlb edir və onu “20-ci illərdə ağıllara çox qüvvətli təsir göstərən, gənc nəslin mövcud siyasi-ictimai quruluşa qarşı müxalifət ruhunda mühüm rol oynayan yüksək sənət əsəri” hesab edirdi.
Rus ədəbiyyatının “Puşkin dövrü” rus tənqidçilərinin də qeyd etdiyi kimi, “rus milli ədəbiyyatının banisi” hesab olunan A.S.Puşkin və sələflərinin yaradıcılıq fəaliyyətini əks etdirir. Əhməd bəy A.S.Puşkinin ədəbi fəaliyyətini iki dövrdə: təqlidçilik və intibah dövrlərində qruplaşdırır. İngilis romantik ədəbiyyatının ən görkəmli nümayəndələrindən və dünya ədəbi prosesinə əsaslı təsir göstərən C.Q.Bayronun yaradıcılığı Puşkinə də təsirsiz ötüşmədi. Ə.Ağaoğlu Onun “Ruslan və Lyudmilla”, “Qafqaz əsiri”, “Baxçasaray çeşməsi”, “Qaraçılar” poemalarını təqlidçilik dövrünün əsərləri olaraq səciyyələndirir və onların Bayron və Şatobrianın təsiri ilə yazıldığını bildirir. Nəzərə alsaq ki, dörd poema Puşkinin ilkin dövr yaradıcılığını əhatə edir, onların təsirlənmə və təqlidə məruz qalması təbii qarşılanmalıdır. O, vaxtilə rus tənqidi fikrində böyük əks-sədaya səbəb olan Puşkinin “Ruslan və Lyudmilla” əsərinin italyan şairi Aristonun “Aşiq Roland” və “Qudurmuş Roland”, alman şairi Vilandın “Obaron”, Volterin “Orlean bakirəsi” kimi əsərlərdən təsirlənmə və onları təqlid yolu ilə ərsəyə gəldiyini yazır. Ə.Ağaoğlu ədibin “Ruslan və Lyudmilla” poemasının dilini uğurlu hesab edir, sadə və gözəl üslubda yazıldığını, təsvirlərin canlı və parlaq surətdə əks etdirildiyini bildirir. O, “Ruslan və Lyudmilla” Puşkinin ən zəif əsərlərindən birisidir. Əsərin bir çox yerləri süni və qeyri-təbiidir” sözləri ilə isə əsərin zəif cəhətlərini də göstərir.
Əsərdə “yəs, küskünlük” və “şəxsiyyətə qarşı pərəstiş” bayronizmin iki əsas səciyyəvi xüsusiyyəti göstərilir: “… Mədəni həyatın süniliyindən hüsulə gəlmiş yorğunluq, fərdiyyətlərin əzilməsi, mənən və əxlaqən düşkünlüyün yüksək həddə çatması nəticəsində Bayron ümumən mədəni bəşəriyyətə qarşı bir nifrət hissi təlqin edir, mədəni bəşəriyyəti miskinlik və acizliyə, əsarət və zəlilliyə məhkum görür. İkinci xüsusiyyət şəxsiyyətə qarşı pərəstişdir. Mədəniyyətin süni qaydalarını tanımayan, mədəni həyatın fərdlər üzərinə qoyduğu maddi və mənəvi zəncirləri qıran şəxsiyyətlər Bayronun qəhrəmanlarıdır. Bunlar qüvvətli iradəyə malik, önlərinə çıxan hər maneəni yıxıb atan, öz fərdi hürriyyətlərini müqəddəsləşdirərək ictimai şərt və hüdudların fövqünə çıxan insanlardır. Bunlar özlərinə pərəstiş etdiklərindəm, təbii ki, ətraflarında olanlara həqarət və nifrətlə baxırlar”.
Ə.Ağaoğlu “Bayronizm Moskvada rus mujiki üzərinə atılmış bir ingilis toqqasına, üst geyiminə bənzəyirdi” deyərək onu xəyali, süni bir təzahür adlandırırdı. Puşkin əsərlərində bayronizmin təsiri hətta onun məşhur “Yevgeni Onegin” mənzum romanında dueldə öldürülən Vladimir Lenskinin məzarının təsvirində də duyulur. C.Q.Bayronun “Abidos gəlini”ndə Səlim və Züleyxanın qəbri arasında bitən qara tikan Cəfərin simvolik obrazı olaraq verilirsə, Vladimir Lenskinin məzarı üstünə əyilən, sanki başını aşağı sallamış budaq günahkar Onegini səciyyələndirir. Doğrudur, Ə.Ağaoğlunun bu əsərində Puşkinin intibah dövrü yaradıcılığı ayrıca təhlil və təsvir olunmasa da, “Qaraçılar” poemasının sonunda verilən parça vasitəsilə əsərin təqlidçi ruhdan tamamilə azad olaraq rus ədəbiyyatı üçün yeni mahiyyət daşıması göstərilir. A.S.Puşkinin bayronizm xəstəliyindən yaxa qurtarıb intibah dövrünə qədəm qoyması rus ədəbiyyatının yeni axın və yeni istiqamətli inkişaf tapmasına səbəb oldu. Puşkin yaradıcılığında rus dili sadəlik və poetiklik sintezində özünü göstərir. Rus ədəbiyyatına yeni motivlər, canlı obrazlar, təbii duyğular daxil olur.Görkəmli ədəbiyyatşünas alim Məmməd Cəfər A.S.Puşkinin yenilikçi mövqeyinə diqqəti yönəldərək yazırdı: “Puşkin böyük novator şair idi və öz əsərləri ilə rus ədəbiyyatına bir yenilik, təzəlik, təravət gətirmişdir; yeni tipli realist və romantik şeirin, realist nəsrin, yüksək məzmunlu siyasi lirikanın, mənzum romanın, tarixi povestin, mənzum dramın və hekayənin gözəl nümunələrini yaratmışdır”.
Əhməd bəy Ağaoğlunun rus ədəbiyyatının tədqiqinə həsr olunan “Rus ədəbiyyatının ümumi səciyyələri” adlı ayrı-ayrı məqalələrdən ibarət əsəri rus ədəbiyyatının yaranma və inkişaf tarixini izləmək, onun məxsusi keyfiyyətlərinə bələd olmaq baxımından əhəmiyyət daşımaqla bərabər milli ədəbiyyatda rus ədəbi ənənələrindən səmərəli istifadə üçün əsaslı material verir.