Oljas Süleymenovun dilçilik marağının köklərinin nə qədər dərin olduğunu, yəqin ki, böyük şairin yaradıcılığı ilə az-çox tanış olanların hamısı bu və ya digər dərəcədə bilir. Neçə illərdir “1001 söz” universal etimologiya sözlüyü üzərində çalışdığı da məlumdur. Lakin “Sözün kodu” kitabçasının nəşri əsərin tərtib prinsipləri barədə müəyyən təsəvvür yaratmaqla güman etmirəm ki, dilin mexanizminə peşəkar səviyyədə bələd olanların sözlüyə nədəsə diqqətini cəlb etdi; bəlkə, əksinə, daha çox belə bir təəssürat doğurdu ki, şair etimoloji araşdırmalarında artıq dil haqqındakı elmlə hesablaşmağın hüdudlarına gəlib çıxdığından son labüd uğursuz döyüşünü müasir dilçiliyin banisi Ferdinand de Sössürlə aparmaq istəyir… “Qədim işarələrin axtarışına çıxıb” müxtəlif “Günəş” simvollarını aşkarlayandan sonra “cəngavərlik qanunları”na açıq-aşkar məhəl qoymadan (və döyüş qaydalarını öz bildiyi şəkildə müəyyən edərək) dahi dilçiyə hücum edir.
“Əgər linqvistlər və ya yazı tarixçiləri birdən nə üçünsə bütün bu simvolları bir vərəq kağızda toplasalar, belə uyuşmazlıq yalnız F.Sössürün “işarə sərbəstdir” (1916) fərziyyəsinin doğruluğunun təsdiqinə yarayar”.
Hər hansı künc-bucaqda itib-batmış, yaxud müəllifindən başqa heç kimə lazım olmayan bir nəzəriyyə ilə bu cür davranmaq olardı (hərçənd elmi etika buna da yol vermir), ancaq dahi dilçi ilə belə zarafat eləmək təhlükəlidir. Ferdinand de Sössür simvolları işarə hesab edir, ancaq onları dil işarəsi qədər sərbəst saymır. Və dil işarəsinin sərbəstliyi barədə onun nəzəriyyəsinin “Günəş” simvollarına, ya müxtəlifliyində, ya da mənşəcə əlaqəsində heç bir dəxli yoxdur… “Elmi işlərindən göründüyü kimi, Cenevrə Universitetinin professoru yazının bütün növləri içərisindən ancaq hərfli yazıyla tanış olmuşdur” deməkdə isə şair, heç şübhəsiz, haqsızdır. “Ümumi dilçilik kursu”nun müəllifi ideoqrafik və fonetik olmaqla iki yazı sistemindən bəhs edir. Və “yeri gəlmişkən” göstərir ki, “ideoqrafik yazı sistemləri qarışıq tipli sistemlərə asan keçir: bəzi ideoqramlar öz ilkin mənasını itirərək ayrı-ayrı səslərin təsvirinə çevrilir”.
Lakin bu başqa məsələdir ki, Ferdinand de Sössür dil işarəsinin təbiətini aşkarlayarkən yazıya o qədər də əhəmiyyət verməyin tərəfdarı kimi çıxış etmir:
“Yazı öz-özlüyündə dilin daxili sisteminə yad olsa da, ondan bütünlüklə uzaqlaşmaq olmaz: axı bu elə bir texnikadır ki, dil onun köməyi ilə fasiləsiz ifadə edilir. Dilçi onun üstünlüklərini də, çatışmazlıqlarını da, eyni zamanda ona müraciət edərkən ortaya çıxan təhlükələri də bilməlidir.
…Yazı dili nəzərdən qoruyur: yazı onu geyindirmir, onun üst-başını qaydaya salır”.
Oljas Süleymenovun belə bir mülahizəsi absurd səslənir ki, Ferdinand de Sössür “yalnız işarə yaradanların sərbəstliyi ilə izah olunan forma müxtəlifliyini öndən görmüşdür”.
“Kurs” müəllifi, əlbəttə, qədim simvollar üzrə mütəxəssis deyildi, lakin yaratdığı təlimdən belə məlum olur ki, həmin simvollarla yaxından tanış olsaydı belə, onlara elə bir əhəmiyyət verməzdi. Hər şeydən əvvəl ona görə ki, o, dilçi idi.
Şair daha bir absurd mühakimə yürüdür:
“Sössür öz kəşfi ilə etimoloqların və yazı tarixçilərinin işini də əhəmiyyətli dərəcədə yüngülləşdirmişdir ki, onlardan artıq sözün və yazı işarələrinin səbəbiyyətini axtarıb tapmaq tələb olunmur”.
Fikrimcə, ironiya tamamilə yersizdir… Birincisi, Ferdinand de Sössür heç kimin nə düzgün, nə də yanlış istiqamətdə axtarışlarının qarşısını almaq iddiasında olmamışdır. Və burada da hər kəs “sərbəst”dir… İkincisi isə, sözün “tərcümeyi-hal”ı bir, yazı işarəsinin “tərcümeyi-hal”ı isə başqa bir məsələdir.
Oljas Süleymenovun Ferdinand de Sössür təliminə verdiyi “tarixi şərh” də əvvəlki mülahizələrindən az absurd deyil:
“Qohum dillərdə oxşar mənalı leksemin yayılması mənzərəsini təsəvvür etmək və bunun əsasında ilkin formanı bərpa etmək etimoloqa kifayət edir. Ancaq ilkin formanın necə əmələ gəldiyini fikirləşmək lazım deyil: bu, məlumdur, çünki qədimdə kiminsə tərəfindən heç bir şeyə əsaslanmadan müxtəlif fikirlər uydurulmuşdur. Sössürün sözləri “inqilablara hamilə olan” XX əsrin lap başlanğıcında səslənmişdi. Bu sözlər rəssamlıq, ədəbiyyat, qrafika və heykəltəraşlıqda özbaşınalıq ənənələri yaradan mədəni inqilab şüarı oldu, sünini sənət kimi qəbul etməyi çoxlarına öyrətdi”.
Sözün yaranma mexanizmini “işarə + işarənin adı + işarənin izahı = söz-məfhum” formulu ilə “izah” edən şair gerçək elmi məntiqdən tamamilə uzaqlaşmaqla yanaşı, işarədən anlayış icad etmək vəzifəsini bütünlüklə “kahin”lərin öhdəsinə buraxdıqdan sonra belə bir “qanunauyğunluq” da aşkarlayır:
“Həqiqi etimologiya qrafik işarənin mənası və təfsirçinin assosiativ təxəyyülü sözün genezisində dərk ediləndə başlayır”.
“Sözün kodu” müəllifi bir-birindən impulsiv “qaydalar” müəyyən etdikdən sonra (və həmin “qaydalar”ın emosiyası altında) elan edir:
“İşarə sərbəstdir?.. Yox, sərbəst deyil”.
Və “yalnız işarə etimologiyası sözün tarixi haqqında əsl həqiqəti bilməyə kömək edir” qənaətinə gələn müəllif yazır ki, “kahinlər öz qəbilələrinin müqəddəs işarələrini izah etdikcə söz yaratmağın qaydaları özünü göstərməyə başlayır və aktiv istifadə olunurdu. Əslində, bu işarələr gerb qoruyucuları idi, nəslin – qəbilənin taleyi onlardan asılı olurdu və onları uzun müddət qoruyub saxlayırdılar. Hətta ilkin mənaları itirilmiş olsa belə, onların məzmunları izah edilirdi”.
Şair “Kurs”u diqqətlə təhlil etmiş olsaydı orada hər cəhətdən işinə yarıyacaq belə bir fikrə rast gələrdi ki, “geologiya bəzən mövcud vəziyyəti – zaman etibarilə əvvəllər nələr olduğuna fikir vermədən, artıq qərarlaşmış vəziyyəti (məsələn, Cenevrə gölü hövzəsinin indiki vəziyyətini) təsvir edir. Lakin başlıca olaraq o, ardıcıllığı diaxron cərgələr yaradan hadisələrlə, transformasiyalarla məşğul olur. Doğrudur, nəzəri olaraq, prospektiv geologiya barədə düşünmək mümkündür, ancaq faktiki olaraq onun baxışı, hər şeydən əvvəl, retrospektivdir”.
Bu isə o deməkdir ki, geologiyada olduğu kimi, dilçilikdə də etimoloji təhlil dünəndən bugünə deyil, bugündən dünənə dogru aparılır. O qədim “Günəş” işarələrinin ki, bugünkü anlayışların və ya sözlərin mənşəyində dayanması güman edilir, onların reliktləri heç zaman itməməli, bugündən dünənə baxanda görünməli idi.
Əgər böyük şair öz etimoloji maraqlarını “Az i Ya”dakı səviyyədə saxlamış olsaydı, elmi baxımdan daha mükəmməl görünərdi. İlk növbədə ona görə ki, hər sahədə olduğu kimi, elmdə də yeni iddialar, tamamilə təbiidir ki, yeni imkanlar tələb edir. Və güman etmirəm ki, hər hansı elmin əsas prinsiplərinə “poetik etinasızlıq” göstərməklə həmin elmdə hansı mənada isə canlanma yaratmaq mümkün ola.
Təəssüf ki, şair bu yola üstünlük verir:
“Linqvistikanın sübutu olmayan müddəalarını tədris etməklə çörəkpulu qazananlar məni öz işimlə məşğul olmamaqda davam etdiyimə bir daha inanmaq üçün broşürü vərəqləyirlər. İndiki dilçiliyin ağacı ağac deyil, kökləri olmayan quru dirəkdir. Ondan səsgücləndiricilər və işıqlar asmaq olar, ancaq onlar gerçək canlı məhsulları əvəz etməzlər. Dilin kök sistemi bərpa edilərsə, mahiyyətcə, Homo Sapiens qəbiləsinin həyat ağacı olan qurumuş bitki də canlanar”.
Müəllif özünün “qaydalar toplusu”nu mükəmməl “təlimat” kimi özünəməxsus şəkildə təbliğ etməkdən də çəkinmir:
“…İstənilən oxucu nümunə göstərilən qaydalar toplusunu (yaxud onlardan bəzilərini) ana dilindəki sözün genezisinin təyin olunması üçün sınaqdan çıxara bilər. Əgər belə təcrübələr baş tutarsa, mən onlardan xəbər tutmağa, alınan nəticələrlə razılaşmağa və ya mübahisə etməyə şad olaram. Onların ən yaxşıları “1001 söz”ə daxil ediləcəkdir”.
Görünür, dildən bəhs edəndə, həmişə olmasa da, hərdənbir dilçilərin nə dediyinə qulaq asmaq lazımdır… Heç olmasa, Ferdinand de Sössürün… O dahi Ferdinand de Sössürün ki, deyirdi:
Dillə “az və ya çox dərəcədə hamı məşğul olur, lakin nitq fəaliyyəti məsələlərinə bu cür kütləvi maraq paradoksal nəticələrə gətirib cıxarır: elə bir sahə yoxdur ki, bu qədər cəfəng ideya, xurafat, xam xəyal və fiksiya törətsin. Bütün bu yanlışlıqlar psixoloji maraq doğurur və dilçiliyin ən mühüm vəzifəsi də onları üzə çıxarmaq, imkan dairəsində tamamilə aradan qaldırmaqdır”.
Əlbəttə, böyük şairlə razılaşmaq olar ki, poeziya (ədəbiyyat) da eynilə musiqi, rəssamlıq kimi müxtəlif elmlərə nüfuz edə, enerji, can, ruh verə bilər, ancaq onu əvəz etmək fikrinə düşsə, xam xəyallar qaçılmazdır…
Mənbə: http://www.edebiyyatqazeti.az