İstanbul qızının teli darandı,
Dedi: – Gözəldimi?
Dedim: – Gözəldi!
Büllurdan töküldü, nurdan yarandı,
Dedi: – Gözəldimi?
Dedim: – Gözəldi!
Qulağın sırğası, saçın cunası,
Barmağın üzüyü, əlin xınası,
Elin yaraşığı, gölün sonası,
Dedi: – Gözəldimi?
Dedim: – Gözəldi!
Üzün təbəssümü, yanağın xalı,
Qəlbin hərarəti, dodağın balı,
Belin incəliyi, gərdənin şalı,
Dedi: – Gözəldimi?
Dedim: – Gözəldi!
Sevgi yollarıyla çıxılan yoxuş,
Tanrı əlləriylə vurulan naxış,
Vurulan, durulan, süzülən baxış
Dedi: – Gözəldimi?
Dedim: – Gözəldi!
Baxışı söndürdü odlanan şamı,
Görüşlər həyatın ləzzəti, tamı.
Nurlu İstanbulun aylı axşamı
Dedi: – Gözəldimi?
Dedim: – Gözəldi!
Ağlımı, ruhumu əlimdən aldı,
Ney kimi göynətdi, saz kimi çaldı.
Axırda bir şirin xəyala daldı,
Dedi: – Gözəldimi?
Dedim: – Gözəldi!
Ömürdən saymadı boş keçən ömrü,
Bahara döndərdi qış keçən ömrü.
İnsanın insanla xoş keçən ömrü,
Dedi: – Gözəldimi?
Dedim: – Gözəldi!
Qəlbimin qanını sızan elədi,
Məni eşqə saldı, yazan elədi.
Şair Zəlimxanı ozan elədi,
Dedi: – Gözəldimi?
Dedim:-Gözəldi!!!
İstanbul, 1991