ƏSİRLİKDƏN MƏKTUB
Məmləkətim,- deməm sənə,
Məni unudan məmləkət.
Mən də sənin balanıydım,
Mənə bax, utan, məmləkət!…
Yağmalanıb yerin, göyün,-
Göz dağıdı hər gördüyün.
Üstü xəcalət örtüyü,
Altı qızıl-qan məmləkət.
Harın nəfsinə kündəsən,-
Səfalətə sürgündəsən.
Sən məndən betər gündəsən,
Can, məmləkət… Can, məmləkət!
MƏN BİR DƏLİ RƏSSAMAM
Oturub ömrün içində
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb,
Gerçək şəkli çəkirəm.
Çəkirəm ciyərlərimə
Faniliyin ətrini.
Məndən əziz tutan varmı,
Bu faninin xətrini?!
Kimsə bilməz nə çəkdirir,
Mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
Olmağa əkdiklərim.
Dəryalar mənə çəkilir,
Tufanlar məndən qopur.
Başıma odlar ələnir,
Ruhuma sular hopur.
Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.