Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qarşıdakı küçələr qapı açır işığa,
Kölgəmin əllərinə sevda darağı keçib.
Zülmətdən aralıda səs-küy artıb elə bil,
İtin bir-iki ağız hürmək marağı keçib.
Anamın duasına diksinir çöldəki nur,
Pəncərə şüşəsində barmaq izləri qalıb.
Sevgimin limanında lövbər salıb neçə qız,
Ruhumun üst-başında qarmaq izləri qalıb.
Ərk etdiyim uzaqlar buz bağlamır nə vaxtdır,
Buludun çuxasında sazaq qoxusu yoxdu.
Qarşıdakı təpələr ağ yaylığa bənzəyir,
Gəl, bu yolun altını qazaq, qoxusu yoxdu.
Çörəkdən, sudan keçib bu köçün adamları,
Zibil qutularından çağa səsləri gəlir.
Sən, ey fayton yiyəsi, dərə atlarla dolub,
Arabanı döndərmə sağa, səsləri gəlir.
Dağların çöhrəsinə duvaq salıb gecədən,
Duman ayrı biçimdə, çən ayrı cür, əzizim.
Dünya mənim deyilsə, sənin də deyil, onda
Mən ayrı cür qəm edim, sən ayrı cür, əzizim.