Çəkib köçünü getdi
İllər geri qayıtmaz.
Saçını sığallayan
əllər geri qayıtmaz.
Quruyar yanağında
Iki damla göz yaşın.
Toxunduqca qanadar
Ürəyini yaddaşın.
Ümidin son baharda
Açan çiçəkdi daha.
Nə fərqi, nələr yalan,
Nələr gerçəkdi daha.
Yarı yolda qalıbsan
Düşüb baxtın atından.
Getdikcə yollar qaçır
Ayağının altından.
Könlün çiçək tapmayan
Yemsiz,yorğun arıdı.
Ömrün gödək günləri
Narıncıdı, sarıdı…
Yalvarsan da qayıtmaz
Ötən gündən bircə an.
Di,yüklə barxananı,
Bu da sonuncu karvan…
Sən də mənə qayıdan uzun,sonuncu yolsan..
***
Bu dünyanın yolları elə başdan əyridi,
Nə yaxşı ürəklərə gedən yollar düz qalıb.
Sən də boynunu burma gedənlərin dalınca,
Elə gedib gedənlər,nə cığır,nə iz qalıb…
Zalım,sənə gedən yol qılıncdan da itidi,
Yeridikcə işləyir bağrımın başınacan.
Yaram elə qanayır,hər gecə gül açıram
Dırnağımın ucundan gözümün yaşınacan.
Gözlərinin altından keçib gedə bilmirəm,
Kipriklərin yolumu elə kəsib,deyir- “dur!”
Sən gedəndən yollara bulud olub yağıram,
Başım çəndə,dumanda…ayağımı sel yuyur…
Bir sərhəd dirəyidi-ümid,bitib yolunda,
Gözlərimin yaşını içib bəlkə göyərdi.
Tərpəndikcə hey batır ürəyimin başına,
Xatirələr tikanlı məftildən də betərdi.
Girov qaldı ayağım gör neçə əyri yolda,
Bir ömür qurban getdi,düz yola çıxanacan…
Bildim,bütün yolların sonda bir ünvanı var,
Sən də mənə qayıdan uzun,sonuncu yolsan.