“Mən fəxr edirəm ki, azərbaycanlıyam” bu kəlam dünyanın tanıdığı, pərəstiş etdiyi, zamana və məkana meydan oxuyan Heydər Əliyevindir. Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə hər çıxışında fəxrlə işlətdiyi bu bitkin fikri zaman keçdikcə öz aktuallığını qoruyur, “Mən hər bir azərbaycanlının prezidentiyəm” (İlham Əliyev) şüarıyla davamını tapır və türkçülük yolunda canını fəda edən Elçibəy dühasında bütövləşir. Elçibəy “Bizə heç kim azadlıq verməyib, biz azadlığımızı şəhidlərimizin qanı ilə almışıq” deyəndə, azərbaycanlı olduğu ilə fəxr edən, hər bir vətəndaşını düşünən, Şəhid övladlarının “çiynində” azadlıq tapan Rəsulzadə Cumhuruyyətinin (belə olacağına inanıram) – yəhudi, talış, kürd, tat, avar, şahur, şahdağ xalqları, ləzgi, rutul, molokan, ingiloy, qaraçı, assuriyalı, udin, alman Cümhuriyyətinin verdiyi Şəhid oğullar qanları tökülən torpağın səmasında gülümsünürlər. Və bu Şəhid oğullar öz vətənləri uğrunda – Azərbaycan uğrunda can verəndə, Şəhid atası – türk, kürd, ləzgi… fəxarətlə “Vətən sağ olsun” deyir (deyəcək)!
Siyasəti, amalı, ideyası hətta irəlidəki illəri haqlayan Heydər Əliyev Azərbaycan torpağında yaşayan, bu torpaq uğrunda canını fəda edən etnik qrupları, azsaylı xalqları ümumiləşdirərək “azərbaycanlıyıq” dedi, “bizik” dedi, Elçibəy şəhid qanı ilə alınan Azərbaycana and içdi, İlham Əliyev isə hər bir azərbaycanlının prezidenti olacağına söz verdi.
Keçirəm əsas mətləbə: bir-neçə il öncə bir gənc şairin şeirlərini oxudum və kitab olacaq bu nümunələr haqqında yazmağı özümə borc bildim. Gənclərə dəstək prinsipi ilə yanaşı, istedadın işığına kölgə tutmayacağıma sevinərək yazıma başladım. Müəllif üçrəngli Azərbaycan bayrağının sevgisi ilə, kürd nənəsinə – zümzümələri ilə böyüyən, kürdcə sevən, kürdcə ağlayan nənəsinə yazdığı kürdüləri (kürdülər sözü yazını yazanda ağlıma gəlmişdi, türkü-türkü şeirlər o qədər qanıma hopdu ki, kürd nənənin səsini kürdü-kürdü eşitdim) içimnən keçirdikcə, əlimdə türkü boyda, yaxud kürdü boyda bir kitabı görməyə başladım və kitabın adının da “Nənəmin kürdüləri” olmasını müəllifdən rica etdim.
“Nənəmin kürdüləri” çapa gedəndən sonra səs-küyə səbəb oldu. Kitabdakı başdan-ayağa poeziya, bədiyyət, bir gəncin ürək döyüntüləri qaldı kənarda, hamı “kürd” fikrinin başına toplaşdı. Və həsrətlə gözlədiyimiz təqdimat mərasimi də iptal oldu, nəymiş, Ağcabədi rayon rəsmiləri kitabın adını qəbul etməyib. Peşman oldum bir gəncin ilk addımını belə uğurladığıma…
Keçirəm ikinci mətləbə: Bu yaxınlarda sosial şəbəkədə gənc şair, müəllim, yurd-yuvasından uzaq, qaçqın daxallarında yaşayan həmin gənc şairin üçrəngli bayrağımıza həsr etdiyi şeirini oxudum və şərh bölməsinə belə yazdım; “Yaşasın üçrəngli Bayrağımız! Şair, nənəni kürdcə öpürəm”.
Bu şərhdən sonra mənim yazdığım silindi və “Ələk” ədəbi məclisinin səhifəsini işlədən bir söz adamı (əslində onun söz adamı olmadığını bilirəm. Söz adamı həm də ürək, hiss adamı olmalıdı) mənə belə bir məktub ünvanladı:
“Salam, İradə xanım. …Bu şərh şəxsən mənim başımı ağrıdacaqdı, inciməyin. O, cavandır, yoluna işıq salaq, maneə törətməyək”.
Əsas mətləbim: Ay adamlar, ay məmurlar, ay xalqı talayanlar, ay savadsızlar, ay özündən əvvəlin amallarına zidd çıxan Azərbaycan düşmənləri, bu yazımı başdan bir də oxuyun, bu ölkə təkcə Azərbaycan türklərinin deyil, bu ölkə hamımızındır. Mən başqa ölkədə fəxrlə deyirəm türk qızıyam, Azərbaycanda isə türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm… və s. Mən İradə Aytel fəxr edirəm ki, mən türkəm, kürdəm, talışam, ləzgiyəm, avaram, udinəm – mən azərbaycanlıyam. İnsan o zaman bəşəriləşir ki, evinin içini, xalqını, millətini Vətənini sevə-sevə böyüyür. O şairlər kürdcə ağlayan (gülən, sevən və s) nənəsini kürdcə sevməsə, necə qoruyar türkcə yaşayan vətənini. Onların bayrağı üçrəngli Azərbaycan Bayrağıdırsa, onlar o bayraq uğrunda ordumuzun səflərindədirsə, yenə deyirəm, H.Əliyev azərbaycanlı olduğu ilə fəxr edirsə, niyə siz də fəxr etmirsiniz? Axı sizi əyləşdiyiniz kürsülərə azərbaycanlıların mənafeyini qorumaq üçün qoyublar, Azərbaycan Ordusunun əbədiliyi naminə qoyublar. Ordumuzu yaşadanlar isə türkdü, kürddü, talışdı, ləzgidi… azərbaycanlılardı!
P.S. Ümid edirəm ki, rəsmilərdən də bu yazıma münasibət bildirən olacaq.
Mənbə: http://kultur.az