Bir gün Molla Nəsrəddinin evinə oğrular girir. Kişini arvadı ilə bir yerdə evin ortasına qoyub bir cızıq çəkir və hədələyirlər ki, nəbadə ayağınızı bu cızığdan kənara qoyasınız, yoxsa başınıza elə oyunlar açarıq ki, dəymişiniz dura-dura kalınız tökülər.

Nə isə oğrular evi yığıb-yığışdırır, gözə dəyən nə varsa kürəklərinə şələləyib aparırlar. Evin ortasında qorxudan heykəl kimi donub qalan arvad birdən özünə gəlir və mollanın başına taraz qapaz ilişdirir.

– Kül sənin kişi başına, – deyir, – adını da kişi qoymusan. Oğrular evi silib-süpürdülər, sənsə cızığdan çıxa bilmirsən.

Molla gülə-gülə cavab verir:

– Arvad, səs salma, oğruların dədəsini yandırmışam.

– Nətəhər yandırmısan?

Molla qayıdır ki, arvad, sən belə usta şeyləri bilməzsən. Onlar evin yükünü bellərinə şəlləyəndə mən ayağımı cızığdan üç dəfə kənara qoymuşam…

Molla Nəsrəddinin bu lətifəsini niyə yazdım? Son vaxtlar molla kimi cızığından çıxan adamlar peyda olub, özü də adamın üzünə dururlar ki, yaxşı eləyib cızığımızdan çıxırıq. Allah vurmuşdu sizi! Bəs bilmirdiniz o cızığı çəkən var? Bax elə biri son vaxtlar qəttəzə ad almış “söyüş müxalifəti”. Guya mitinq etmək istəyirlər, guya demokratiyadan, söz azadlığından adamın canına yağ kimi yayılan “mərifətli” sözlər deyəcəklər. Yox balam, bu hökumət sizin dabbaqda gönünüzə bələddir. Bilir ki, bir yerə yığışan kimi cızığınızdan çıxıb söyüşə, təhqirə keçəcəksiniz, necə ki, bunu sosial şəbəkədə eləyirsiniz. Ona görə də heç “Məhsul”u da sizə qıymadılar. Di gedin, mişar daşı ilə hasara alınmış Qaradağ stadionuna. Orada hər şey qəttəzədir.

Həm də bu iqtidar sizi yoxlayır ki, görüm bunların gerçəkdə nə qədər tərəfdarları var. Yoxsa day 20 yanvardakı kimi olmasın. Xalq anım tədbirinə gedir, bunlar camaatın içinə girib selfi eləyirlər, sonra lazım olan yerə göndərib pul-para istəyirlər ki, bəs bunlara heç nə çatdırmaq olmur. Əjdaha kimi ağızlarını açıb elə “ver-ver” deyirlər. Onlar da belə selfini görüb fikirləşirlər ki, aha, deməli bu hökumətin axırıdır. Eləcə torbalarının ağızlarını açırlar. Pulnan yanaşı o torbalardan söyüş müxalifəti də çıxır. Bax yenə deyirəm. Cızığınızdan çıxmayın. Gördünüz türmədən çıxan o Fuad əkənin başına nə gəldi? Day dalısını yazmıram. Onsuz da hər kəs ağcaqanadın nə etdiyini gözəl bilir.

Mişar daşından yazmışkən. Bu barədə məqalə yazan Mirzə dostum lap cızığından çıxıb. Qələmini dərzi iynəsi kimi yaxasına taxıb, deyir ki, “Vətən namusdur, vətən qürurdur,vətən sonuncu qorunacaq tək hədəfdir” və bu barədə prezident yanındakı qeyri-hökumət təşkilatından layihə keçirib. Pah, peşiman olub e… Elə canfəşanlıq eləyib ki, az qalıb cızığından çıxsın. Lənkəranda bunu qoymayıblar cızığından çıxsın. Deyiblər a kişi, nə vətən, nə qürur, nə namus? Rayonda bunların hamısı elə özümüzük.

Yox, Bakıdan gəlib Lənkəranda qızışıb söz deyəcəksən? Mirzə, sənə bu lazımdır? Az qalmışdı gecə Prezident Aparatından səlahiyyətli kişiləri yuxuda oyadıb deyəsən ki, mənə Lənkərana getməyə izn verin. A kişi, get də. Bəlkə ora getmək üçün diplomatik pasport düzəldək? Axırda Lənkəranda buna dedilər ki, get, vətəni sonuncu hədəf kimi, qoru, amma cızığından çıxma.

Görürsənmi hörmətli Mirzə, hər kəs üçün bir cızıq çəkilib.

Redaksiyaya hərdən universitetin jurnalist tələbələri bir aylığa təcrübəyə gəlirlər. O gün görürəm birinin dəftərçəsi masamın üstündə qalıb. Dedim görüm bunlar tələbə ikən nə ilə nəfəs alırlar? Açdım dəftərçəni baxdım. Bu qırışmal tələbə, gələcəyin müxbiri olmaq istəyənlər hər şeyə necə də kreativ, yaradıcı yanaşırlar. Dəftərçədə guya abbreveturanı öyrənirlər. Lap cızığlarından çıxıblar. Gör nə yazırlar.

Milli Məclis (MM) – Mənə də məmə,

Post Patrul Xidməti (PPX) – pulu püflə xarala,

Yol Polis Xidməti (YPX) – yığ pulu xarala,

Mətbuat Şurası (MŞ) – Amaşov

Kütləvi infortmasiya vasitələrinə dəstək fondu (KİVDF) – yox, bunu yazmıram, bakanımız məndən inciyər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) – qayıt mollalığa, istəsən

Daxili İşlər Nazirliyi (DİN) – dinmə

Milli Şura (MŞ)- mənə də şans

Azərbaycan Xalq Cəbhəsi (AXC) – axtar xeyiri cibimdə

Azərbaycan Yazıçılar Birliyi (AYB) – ancaq yanımdakı bilir

Avropa Şurasının Parlament Assembleyası (AŞPA)- aş şüyüdlü, plov alçalı

Birləşmiş Millətlər Təşkilatı (BMT) – başlarını məclisdə tovla

Azərbaycan Respublikasının Prezident Administrasiyası (AR PA) – yox bunu heç yazmaram, olmaz, cızığımdan çıxaram…

Bu kreativ tələbələr bir yana, bunlara olar. Bunlar hər şeyə qapıları bağlı auditoriyadan baxırlar. Bəs bu deputatlar niyə tez-tez cızığlarından çıxırlar?

O dee, o gün Rəfail polkovnikimiz deputat mandatını qoyub, nə az, nə çox, yarım milyon biznes üçün pul götürüb. Bu bizneslə məşğul olur, başa düşdük. Bəs o müəllimə pulu hardan götürüb, hələ qozu-qozu da deyir ki, bəlkə kommunistləri geri qaytardılar. O üçrəngli bayrağın altında necə oturursan? Bəs o üçrəngli bayrağı ilk dəfə dövlət səviyyəsində Naxçıvanda qəbul edən rəhmətliyə nə deyəcəksən?

Cızıqdan çıxmaq budur e…

“Relax”da hələ də rahatlanan o İqbalı demirəm. Deyəsən onun cızığını geri çəkiblər, day səsi çıxmır. Qədeş, o zonada səndən də güclü “Palıd”lar, “Bəşəru”lar var, e. Gör, deputat da olsalar səsləri çıxır? Yox, çünki, cızığlarını çoxdan müəyyənləşdiriblər.

Bu deputatlardan səliqə ilə beş-on nəfər götürsək ticarətdir, biznes nədir bilməzlər. Amma deməyin ki, bu beş-on nəfərin içində Tahir kimilər də var. Ət- tövbə. Siyasi dəllallıq elə biznesin ən böyüyüdür də. Ona da elə cızıq qoyulub.

Qalan deputatlar qaz vurub qazan doldurur, hələ mən xəlilovları demirəm. Onlardan birinin cızığı Çexiyada kazinoya qədər cızılıb.

Nə isə, deputat cızığından bu qədər. Onsuz da seçkilərə az qaldığından ürək-göbəklərini yeməyə başlayıblar. Gül ləçəklərilə fala baxırlar:

“Olacam, olmuyacam” Sevir, sevmir?” Hələ bundan sonra cızıq tamaşaları çox olacaq.

Deyəsən, o Koka-kola da cızığından çıxıb. Bizdən bu qədər pul basıb yeyir, ancaq Qarabağda xəbərsiz tədbir keçirir. Burda deyəsən kuratoru güclüdür. Yoxsa, çoxdan şələ-küləsini qoltuğuna verib deyərdilər ki, bəsdi bu xalqı zəhərlədin.

Cızıqdan birini də yazım, ta bəs deyim.

Bir tanışım danışıb bunu. Deyir, çox varlı iş adamı məni apardı beş mərtəbəli villasında həddən artıq kitablarla dolu bir otağa. Nadir kitablar hündürlüyü beş metrlik olan otağın tavanına dirənmişdi. O qədər oxunmalı kitab var idi ki… Nə isə bu iş adamı kitabların içində mənim sağlığıma yüz viski vurub soruşdu:
– Necədir, kitab kabinetim xoşuna gəldimi?

Dedim: “Əladır.”

Dedi ki, o zaman düzünü söylə, mən ziyalıya oxşayırammı?

Əlim üzümdə qaldı. İndi bu da özünə ziyalı cızığı çəkib. Kitab yığmaqla guya aydın, nə bilim ziyalı olacaq. Ay- hay!

Ay qardaş, çoxları elə bilir ki, cızığı buralarda çəkirlər. Yox canım, nə danışırsan? Cızıq göylərdə çəkilir. Sadəcə olaraq sən yerdə ya onu irəli, ya da geri çəkə bilərsən. Cızığınızdan çıxmayın! Bilirsiniz də sonra nə olur?..

4.10.19

Mənbə: http://olaylar.az