Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Biz zülmün atdığı daşa bələdik…
Qəfil tindən çıxan kölgədi ölüm,
Əcəl bir kimsədə xətir saxlamaz.
Biz zülmün atdığı daşa bələdik,
Haqdan gələn daşı çətir saxlamaz.
Tale əl çatmayan pillədi, getmə,
Mən belə itirdim atamı, dəli.
Mən sənə baxıram, sən uzaqlara,
Tez-tez sənə baxmaq xatamı, dəli?
Hər fikrin altında bir təmənna var,
Libasın soyunub çəmən, deyən qız.
Daha güvənməyək bir-birimizə,
Nə sən deyən oldu, nə mən deyən, qız.
Yeməli deyil ki,
qəmdən dadasan…
Beş deyil, on deyil, min kilodu eşq,
Ürək necə çəksin, dayağı yoxdu.
Nədən qınayırsan bu çılpaq ruhu,
Görmürsən çolaqdı – ayağı yoxdu?!
Elə bil doqqaza ipək səriblər; –
Hər qoyun köçündən yun qalıb burda.
Yeməli deyil ki, qəmdən dadasan,
Qorxma, bir kündəlik un qalıb burda.
Bir az rəng dağılıb masanın üstə,
Qoy şərnən xeyirin davasın çəkim.
Dünəndən arxamca iki göz baxır,
Fikrim kürt düşmür ki, havasın çəkim.
Sevgi bu qədərmi sərt?
Sevgi bu qədərmi sərt?
Bax, sevənlər mum kimi…
Kim onu, bezib atıb
Ac quşlara, tum kimi?
Gözlərini günə ver,
Duyğular nəm, – yaş olur.
Sevmədiyim o qız da
Mənimlə həmyaş olur.
Sən də, ey könül, uyu,
Bir də bu sapı açma…
Yuxunda görmədiyin
Adama qapı açma.