Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Qayıt, sənsiz olmur…
Yerin cənnətlik olsun, Əli Kəırim!
Qayıt, sənsiz olmur, havalı könül,
Qayıt, as yerinə, baxışım qopub.
Sənin əl sürtdüyün yaş divarlardan,
Bilirsən, nə qədər naxışım qopub?!
Nolar, yanıma gəl, yuxuma girmə,
Tək Leylək nə çəkir, bilirəm artıq.
Yüz il bundan qabaq gördüyüm qızı,
Həyat dəftərimdən silirəm artıq…
…Getmisən, adamlar dəyişib sanki,
Qızlar külək kimi ötür yanımdan.
…Kimsə əl eləyir qara örtükdə,
Tanrı, bu kölgəni götür yanımdan…
QURD DÜŞMÜŞ QAR KİMİ
Qurd düşmüş qar kimi dağılır yuxum,
Sanki gözlərimdə işıq səddi var.
…Kimsə – bu qəbirə toxunma – deyir…
– Bəlkə daşı çöküb, bəlkə cəddi var?!
Zülmün yaxasına bir ad yazılıb,
Kim görür, başını aşağı salır.
Biri də, daş atır, Tanrı acısın…
Göy onun daşını aşağı salır.
Nədən xatirələr daş kimi sərtdi?
Hanı toz qopardan yol adamları?
Şeytanın əlinə təsbeh veriblər,
Sancır, geri atır kol, adamları…
Can düşür, ruh uçur hədəfə doğru,
Gəl indi adamtək zarı fikirli…
Məni də o qızın günahı tutub,
Günaha çıxıram yarı fikirli.
Sənə yazdığım şeir
…Tək, ruhumdu yaşıdı…
Bəlkə dürdü, qayədi;
Bəlkə namaz daşıdı,
Bəlkə də bir ayədi,
Sənə yazdığım şeir?!
Üstündədi qızlığı…
Əzrayılın ahıdı…
Adəmin yalqızlığı,
Həvvanın günahıdı
Sənə yazdığım şeir.
Demə, Hikmət naşısa…
Bəlkə torpaqdı, gildi…
Bir əlcə başdaşısa,
Bir əlcə boz şəkildi
Sənə yazdığım şeir.
RUHUM VƏCDƏ GƏLİR
Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.
Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.
Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.