Çevirib üzünü dan üzü məndən,
Aylarla bir çimir yuxum olmayıb.
Əlini biryolluq can üzüb məndən,
Bilib ki, kimsədən qorxum olmayıb.
Yenə işindədi şeytan barmağı,
Sizi aldatmasın boyun burmağı,
Sevmişəm kiməsə arxa durmağı,
Özümün heç zaman arxam olmayıb.
Qismət torbasında gəzib əllərim,
Tezcə də əlini üzüb əllərim,
Bahar buludutək gözüm sellənib,
Amma ki, bir sızqa arxım olmayıb.
Döydür yaddaşına, bax, dediyimi,
Sırğa et, qulağa tax dediyimi,
Kimsə eşitməyib yox dediyimi,
Kiminsə əlində yaxam olmayıb.