Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
BAXMIR
Nə vaxtdı düşmüşəm eşqin oduna,
O gözəl naz edir, üzümə baxmır.
Nə qədər yalvarım, yaxarım ona,
O zalım balası gözümə baxmır.
Əzəldən gözəllik aşıqiyəm mən,
Söz qoşub, söz demək gəlir əlimdən,
Düşsə də saçıma yavaş-yavaş dən,
Sevgi yaşa baxmır, dözümə baxmır.
Dayanıb, durmuşam yamacda indi,
Qayıda bilmirəm yağışda indi,
Ölürəm bir xumar baxışda indi,
Neyləyim ürəyim sözümə baxmır.
DOST
Arxamca danışıb, gileylənən dost,
Sözümü üzümə desən, yaxşıdır.
Çalış dost , tanışın çox olsun sənin,
Çörəyi dostunla yesən, yaxşıdır.
Dostdur bu dünyanın yar, yaraşığı,
Dostdur ömrün günün nurlu işığı,
Dostu sən özündən tutma aşağı,
Dostla duz-çörəyi kəssən, yaxşıdır.
Həmişə hər yerdə tanı yerini,
Sına dostlarının sən hər birini,
Hər yoldan ötənə açma sirrini,
Doğru söz, haqq deyən, kəs, ən yaxşıdır.
Özgə süfrəsinə dikmə gözünü,
Söylə öz dostuna ürək sözünü,
Yaxşı adamlara tut sən üzünü,
Namərdlə aranı kəssən, yaxşıdır.