Əyrin-üyrün,
dar küçələrin
(Vaqif Səmədoğlu)
İçəri şəhər..,
məhdudiyyət
və ümid,
bitirdim deyib nöqtə qoymaq istərkən
təzədən başladığın sevgi kimidir
dar dalanlar,
hislər arasında qalmış kimi
qalırsan iki divar arasında.
Təzə həyat, təzə eradır sanki
hər bitən və təzədən başlayan dalan,
çox şeyə əl yelləyib boş verməyi öyrədir,
ələklənib
ələkdə qalan dostlara
oxunan fatihə kimidir
arxada qoyduğun küçə,
küçəyə sığmayan ürəklər görüb,
içində ürək olmayan tənlər
bu dər-divar,
təpiklər, tapdağlar görüb,
məhəbbətlə basılan addımlar,
meh sığalı,
külək öpüşü,
günəş təbəssümü görüb
bu daşlar,
soyuq sifətiylə neçə-neçə
qar, çovğun çöküb sinəsinə,
… kəpənək yuxulu,
köhnəlik qoxulu,
İçəri şəhər, İçəri şəhər…