Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
YADA DÜŞÜR
/”Düşüncələrim” – silsiləsindən/
Vaxt çatanda ağ libası geyinməyə,
Hacət qalmır təkəbbürə, öyünməyə.
Başlayırlar əldə təsbeh deyinməyə
Sanki varmış bu günədək öndə duran,
Yada düşür oruc, namaz, həm də Quran.
Sığışmayır ziyarətlər günə, aya,
“Canıdişdə” qatlaşırlar hər bəlaya.
Güzar düşür- Məşhəd, Həccə, Kərbəlaya
Hamı olur minbərlərə alın vuran,
Yada düşür oruc, namaz, həm də Quran.
Açarını qazanmaqçün axirətin,
Inkar edir vəbalların, qəbahətin.
Namazlarda on cərgədə durur,- mətin
Dönüb olur molla, mömün –yüz-yüz vuran,
Yada düşür oruc, namaz, həm də Quran.
“Küpü süzür” zorbaların, harınların,
Anlayırlar faniliyin varın- karın.
Toplamaqçün əkdikləri “əməl barın”
Mələk olur qəlb sındıran, könül qıran,
Yada düşür oruc, namaz, həm də Quran.
Nə ziyarət, nə nəzirlər çatmaz dada,
Axirəti qazanarlar bu dünyada.
Çiyindəki mələkləri salıb yada
Nöqtə qöyür misrasına şair Dövran,
Yada düşür oruc, namaz, həm də Quran.
USTAD VƏLİNİN QIZI
/”Düşüncələrim” – silsiləsindən/
Təbi hər zaman rəvan,
Vaxtı, zamanı qovan.
Heyrandır, həm Natəvan,
Ustad Vəlinin qızı.
Mütəvazi görkəmi,
Sevincindən çox qəmi.
Qələminin həmdəmi,
Ustad Vəlinin qızı.
Ilhamından zər geyir,
Yaratdığı hər şeir.
Sevənlər – əhsən deyir,
Ustad Vəlinin qızı.
Heyranların sevinci,
Hər kəlməsi dürr, inci.
Hey öndədir- birinci,
Ustad Vəlinin qızı.
Oyar əyrinin gözün,
Qələmlə söylər sözün.
Heç zaman öyməz özün,
Ustad Vəlinin qızı.
Söz karvandır, O, sərban,
Qəlbi hər zaman cavan.
Mənəm,- Rahilə Dövran,
Ustad Vəlinin qızı…
MÜƏLLİF : RAHİLƏ DÖVRAN