(Qələm yoldaşım Yusif Səmədoğluna)
Hərdən töküb önümə
köhnə şəkillərimi,
Mən yadıma salıram
o ötən illərimi.
Bu şəkillər, şəkillər
köhnə xatirələrin
min nəğməli səsidir.
Yaşadığım anların
kağızlar üzərində
əks olan kölgəsidir.
Şəkillər yığın-yığın,
Şəkillər dəstə-dəstə;
Hər şəkildə bir anım
əbədilik yaşayır
cansız bir kağız üstə.
Yaşamışam o anı,
O an çıxıb əlimdən;
O anda keçirdiyim
Həyəcanı, duyğunu
yaşamaram bir də mən.
Siz ey ötən illərdən
mənə xatirə qalan
cansız dövlətim, varım –
Kağız parçalarında
donub qalan anlarım!
Siz üstünü toz basan
nəğməsiz bir simsiniz,
mənim zahirimsiniz…
O anda yaşadığım
hissim, duyğum, düşüncəm,
bura əks olunmamış –
kağız üstə qonmamış.
Bax, bu şəkil: əlimdə
bir dəstə gül tutmuşam;
Sanki qaya başından
yerə baxan bir quşam.
On il əvvəl çəkilmiş
bu şəkilə baxanda,
O vaxtkı duyğularım
yada düşür bir anda.
O duyğuma gülürəm,
o arzuma gülürəm.
Duyğular başqalaşmış,
Arzular başqalaşmış.
O zamandan bu yana
çox sıldırım dağları,
qayaları aşmışam.
Arzular başqalaşmış,
mən də başqalaşmışam.
O şəkildə gördüyün
əli çiçəkli oğlan –
sadə ürəkli oğlan
mənəmmi?.. Ah, dəyişir-
Axı, insan dəmbədəm.
Doğrusu, o, həm mənəm,
Həm də ki, mən deyiləm.
Bu şəkillər, şəkillər
köhnə xatirələrin
min nəğməli səsidir.
Yaşadığım anların
kağızlar üzərində
Həkk olan kölgəsidir.
İyul 1960, Riqa, Dubultı