Utancaq gəlin tək çəkinib əvvəl
Bürünər bir yaşıl duvağa lalə.
Yırtıb örpəyini baş qaldıranda,
Bənzər təbəssümlü dodağa lalə.
Yel əsib duvağı salar üzündən,
Görərsən xal qoyub yanağa lalə.
Yağışlar yuyanda ləçəklərini
Çəkər saçlarını darağa lalə.
Xoşlanar günəşin od nəfəsindən,
Verər sinəsini qabağa lalə.
Qərənfil, bənövşə solub gedəndə,
Bənzəyir bir qərib qonağa lalə.
Arılar yük olub qonar üstünə,
Gah sola əyilər, gah sağa lalə.