Söyuqlar meylini salır şəhərə,
bağlarda manqallar közdən soyuyur,
görününür havalar nəyəsə görə,
nədənsə inciyib bizdən soyuyur.
(görünür hər zaman alovlu yaylar,
qeybətdın,gileydən bezib yorulub,
məncə “Sərinkeşdə” bütün olaylar,
o çıxıb,mehriban ara pozulub.)
Bəlkə də başqa cür bir hikmət də var-
insandan fərqlənmir çox da havalar,
onu sevənlərdən uzaq qalanlar,
get-gedə düşərək gözdən soyuyur.
Günbəgün artarsa gözlərin qəmi,
günahkar tutulsun taleyin kəmi,
göllər də,ümman da südlü aş kimi,
içi isti qalıb–üzdən soyuyur,
Yenə də sağ çıxdım ömrün qışından,
bir il də bəxş etdi dünya yaşından,
havalar sınanda dağlar–başından,
qocalan adamlar dizdən soyuyur.
Bir gülü hər zaman gəzər gözlərim,
canımı isidər gənclik közlərim,
rədd edin,a doğma,gözəl ellərim,
kim desə: “Ürəyim sizdən soyuyur”…