(Eyni adlı poemadan parça.
Əsər bütövlüklə gələh həftən “ƏDƏBİYYAT” Qəzetində, sonra isə
“DƏRƏLƏYƏZ” Qəzetində çap olunacaq)
Yaman ağladırsan yuxularımda,
necə gözəl idin, ay Dərələyəz,
Vətən məhəhəbbətli dastanlarımda
sənsən ən uğurlu “boy”,Dərələyəz!
Misri qılınc kimi batar qəlbimə,
sənsiz övladınam-“Vəfasız”-demə,
taley qismət yaza-Əziz nəvəmə
Herherdə çaldıram toy,Dərələyəz,
Həsrətəm üzünə gör bir nə vaxtdan?
sənsən əcdadlarım qoynunda yatan,
mənim əlim çatmır,sən altdan-altdan
düşmənin gözünü oy,Dərələyəz,
Bilirəm; kimsəsiz,qəribsən-qərib,
umduğum barları özgələr dərib,
bacarsan,dövranla əl-ələ verib
hər şeyi yoluna qoy,Dərələyəz,
A başı qartallı,dumanlı dağlar,
bizlərdən əmanət səndə qalanlar!
səni,millətimə düşmən olanlar,
verdilər özgəyə pay,Dərələyəz!
Nə bilər qədrini biganə yadlar?
közlərin saxlarmı sönmüş ocaqlar?
basıb xəritəni uydurma adlar,
yazıb köhnələri,yay,Dərələyəz!
Durnam,göyərçinim,qanlı köynəyim,
südəmər körpətək zərif, kövrəyim,
ərzi yumruq boyda edən ürəyim
yaman qəribsəyib,oy,Dərələyəz,
Kim sə özbaşına gedərmi səndən?
köç etdik…,Qrabağ tutdu əlimdən,
bilmirəm,ayağım düşmədi,nədən?
sənə elədilər tay,Dərələyəz!
Dözməz,qərib olsa insan Vətəndə,
bəlkə məzarlar da qalmır yerində?!
ruhu qərar tutar ölənin səndə–
məni də özündə say,Dərələyəz,
Niyə “Çərxi-Fələk” dönmür tərsinə?
sönmüş bir kürəsən,dağılmış binə,
yanan ürəklərə dözəmmir sinə,
hələ də kəsilmir “Vay”,Dərələyəz,
Tayın-bərabərin varmı Turanda?
bir yarın dağlarda,biri–aranda,
gözlərim çəkilmir bütöy olanda–
səni əks eləyir Ay,Dərələyəz,
Aç bağlı qapını təslimin olum,
bir canlı kaman ol–mən simin olum,
gunahkar bildinsə–Nəsimin olum,
qurbanam,dərimi soy,Dərələyəz…