HARDA BİR ŞAİR ÖLSƏ
şeirimdən bir parça…
yenə bu gecənin səssiz qonağı şair Ferqane Mehdiyevanın xatirəsinə… ((
Tək bircə misrasından sözünü tanıyaram,
Duyğuları gözümdən qəmi silib aparar.
Hüznündən, həsrətindən özünü tanıyaram,
Harda bir şair ölsə, qəlbim tufan qoparar.
… Mən də belə dəliyəm, gör nələr düşünürəm…
Harda bir şair ölsə, mən burda üşüyürəm…
Kiminçün yazır şair, nədir onu dindirən?
Nədir təmiz ruhunu göy üzündən endirən?
…Çətindir şair ömrü, çətindir şair yolu.
Bircə gün yaşamazlar şairlər gözüdolu… –
susdurarlar, vurarlar…
sonra o şeirlərlə elə onu vuranlar
özləri gözü dolu salamına durarlar…
onu yola salarlar…
Harda bir şair ölsə..
Şeı̇rlər gecə doğulur
Gecənin qaranlığına
ağ yağışlar yağır yenə..
Ruhumla ağlım arası
bir təzə hiss can çəkişir,
havalanır mən adında fağır yenə.
Canımda bir dəli qız var,
dilində bir dəli söz var –
sevgi qoxur, həsrət qoxur…
Yazılmağa tələsdikcə,
bu gecənin qucağına ulduz axır…
İçəridə dəli qızın
can yandıran susmaları..
Bayırdasa yanvarın son damlaları…
Artır ürək döyüntüsü
divardakı saatın da..
Allahın könlü açılır,
göyün yeddinci qatında…
Duyğuların tərcümanı
bir gözəl şeir doğulur,
Sevgi sevincə boğulur…
Gözlərini bir-bir yumur pəncərələr…
Şair yaşayır gecələr…