AĞLAMA, LEYSAN GÖZLÜM…
Dünya belə dünyadı,
Baş açmazsan felindən.
Bir də gördün lalı da
Tora saldı dilindən.
Aləmdən bac alan da
Dad eyləyib əlindən.
Ağlama, mələk üzlüm, ağlama,
Ağlama, leysan gözlüm, ağlama,
Ağlama, boyuna qurban.
Bu dünyadan pay umdun,
Bəxtinə güldümü gör?
Gözündən axan yaşı
Bircə yol sildimi gör?
Namərdə könül verdin,
Qədrini bildimi gör?
Ağlama, mələk üzlüm, ağlama,
Ağlama, leysan gözlüm, ağlama,
Ağlama, boyuna qurban.
Ömür öz köçündədi,
Yaşadın, yaşamadın.
Bir qarışqa yükünü
Daşıdın, daşımadın.
Bu necə ağlamaqdı –
Gözünün yaşı – yadın!
Ağlama, mələk üzlüm, ağlama,
Ağlama, leysan gözlüm, ağlama.
Ağlama, boyuna qurban.
Karvan bayaqdan ötüb,
Gecikən sən olmusan.
Butan vaxtında gəlib,
Gec içən sən olmusan.
Tez ikən özgə idin,
Gec ikən sən olmusan.
Ağlama, mələk üzlüm, ağlama,
Ağlama, leysan gözlüm, ağlama.
Ağlama, boyuna qurban.
HAVADAN AYRILIQ QOXUSU GƏLİR
Əbəsmiş dayanmaq bu yağış altda,
Qismətim yenə də qəhər olacaq.
Göyün ulduzları yır-yığış altda,
Yəqin ki, bir azdan səhər olacaq.
Gecədi, birtəhər sovuşub gedir,
Qarşıdan səhərin qorxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.
Dan yeri ayrılıq doğdu bu səhər,
Bu sərsəm doğuşdan, qəfil doğuşdan
İçimə ayrılıq toxumu düşdü,
Bilmədim azımı, çoxumu düşdü.
Gözümdən süzülən göz yaşıdımı,
Yoxsa ki, bir əlçim yuxumu düşdü.
Bəlkə ona görə səkilərin də,
Otun da, daşın da, kol-kosların da.
Gecəni yatmayan bu «dostlar»ın da
Qapanır gözləri, yuxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.
Ağlaya bilmirəm ağac gözüylə,
Çiçək gülüşüylə gülə bilmirəm.
Nə məndən bir yolluq sağ qalan olmaz,
Nədəki, bir yolluq ölə bilmirəm.
Göz yaşım gözümdə donub haçandı,
Çətini hər şeyin sonunacandı.
Ölməyin, qalmağın sonu bəllisə,
Hər şeyin cilidi, donu bəllisə,
Bəs niyə hayana əl ətıramsa,
Əlimə hicranın yaxası gəlir?
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.
ÖZÜN DEMƏDİNMİ…
Sən mənim dünyada ən şirin yuxum,
Sən mənim ən gözəl dərdimsən, gözəl.
Bir özgə dərd varsa, mən orda yoxam, –
Gecəli, gündüzlü dərdim – sən, gözəl.
Göynətdi sinəmi bu “Göyçəgülü”,
Oxşadım bu yercə, bu göycə gülü.
Harda görmüşəm mən bu göyçək gülü? –
Əl atıb çəməndən dərdim – sən, gözəl.
Özgə aləmi var bu bar dərməyin,
Sevənlər, sevgidən qubar dərməyin!
Qisməti bu günmüş nübar dərməyin, –
Özün demədinmi, “dər, dinsəm…”, gözəl!
NƏ DANIM
Daha titrək əllərindən
Üzülüb əlim, nə danım?!
Hamıdan ağıllı olan,
Hamıdan dəlim, nə danım?
Qəlb didən oxun yox idi,
Sevgisiz yuxun yox idi,
Bir kərə “yox”un yox idi,
Ay mənim “bəli”m, nə danım?!
Aramıza iblis girdi,
Girdi, özü də pis girdi.
Seryağublar şər püsgürdü,
Vuruldu pəlim, nə danım?!
Daha düşmür pay qarmağa,
Baxıb gülür çay qarmağa,
Heymi qalıb hayqırmağa? –
Olmuşam həlim, nə danım?!
Hanı o xoş anlı çağım,
Ötüb dəliqanlı çağım,
Ömürlə qanlıbıçağam,
Gülür əcəlim, nə danım?!
Hər tərəf kor, hər yan sağır,
Göydən həsrət, nisgil yağır,
Bəlkə son deyil, sən çağır,
Mən donüm gəlim… nə danım…
YAŞAYAQ
Ver, dünya, yükün çoxunu,
Çəkim, beləcə yaşayaq.
Ürəyimə qəm toxumu
Əkim, beləcə yaşayaq.
Özgə dərd arama nolar?!
Yaraşır harama, nolar?!
Toxunma yarama, nolar?! –
Həkim, beləcə yaşayaq.
Bu qapıya yoxmu bir çəm,
Ay insafsız – birim, bircəm.
Qısıl mənə olaq bir cəm, –
Təkim, beləcə yaşayaq.
Qəzəl desin, şeir desin,
Şər desin, ya xeyir desin.
Boş ver, qoy nə deyir – desin,
Hər kim, beləcə yaşayaq.
Ərkini geyib əyninə,
Alma lap məni eyninə.
Barı eylə ürəyinə
Təhkim, beləcə yaşayaq.
ARTIQ
Yeni dünya düzəninin
Təməli görünür artıq.
Şeytanların, iblislərin
Əməli görünür artıq.
Bu sözə qul oldu bizlər:
“Nəfsi toxlar əyilməzlər”.
Min illərlə yeyilməzlər,
Yeməli görünür artıq.
Bir “Xəndək” var, bir “Xeybər” var,
Gör nə qədər bixəbər var.
Nə “xeyir”dən bir xəbər var,
Nə “bəli” görünür artıq.
Sonu varmış sabahların,
Göyə bülənd bu ahların,
Yerli, yersiz günahların,
Bədəli görünür artıq.
YAZIĞIN GƏLSIN
Çiynini fil yükü altına vermə,
Qarışqa, özünə yazığın gəlsin.
Misqalla ölçülən öz yükün ilə,
Barış qal, özünə yazığın gəlsin.
Çox da ömrü boyu əkin əkməyən,
Həmişə sahibdi dolu təknəyə.
Olarsan özgənin yükün çəkməyə
Alışqan, özünə yazığın gəlsin.
Dönməmiş uğruna it ulyanlara,
Dinməzcə qoşul yat uyuyanlara.
Mənəmlik havasın at – milyonlara
Qarış qal, özünə yazığın gəlsin.
Özü bir oyundu, düzü, dünyanın,
Seyrəlir birbəbir düzü dünyanın.
Edərlər başına düzü-dünyanı,
Darısqal, özünə yazığın gəlsin.
QALMADI
Bu gün olanlar oldu ta,
Sabaha nəsə qalmadı.
Yollar yoxuşa dirəndi,
Getməyə kəsə qalmadı.
Son ümid də axtalandı,
Gözlərdə qan laxtalandı.
Fələk satan, bəxt alandı, –
Biz düşdük nəhsə, qalmadı.
Dan söküldü, qürub getdi,
Yalandan vay qurub getdi.
Gedənlər hayqırıb getdi,
Bir söz də pəsə qalmadı.
Gülüm, saçların qulacdı,
Baxdım – gözümdə gül açdı.
Dünya yaxşıya qol açdı, –
Heç zaman pisə qalmadı.
Bu son bir başlanğıc ola,
Eşidən başdan qıc ola,
Kim görüb ki, eşq qocala, –
Adəmdən bizə qalmadı.