Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Adəti üzrə məktəbdən çıxan kimi dayanacağa tərəf tələsdi. Yenə də fikirli idi. Çatılmış qaşlarının tən ortasındakı düyün simasında təbii görünürdü. Kənardan baxan istənilən adam bu qızın çiynində bir dərd yükünü daşıdığını hiss edərdi. Qaldı ki, Rəvana- onu demək olar ki hər gün addım-addım izləyən birinin gözündən bu gizli ah, kədər qaçası deyildi. Qonşu idilər Nərgizlə. Qibtə olunası ziyalı bir ailənin övladı olsa da, bu məsum qonşu qızın həyatı, talehi onu üzürdü. Əlində əlacı olsa idi bütün işlərdə- həm ev, həm dərslərində, ən əsası isə onu üzüb əldən salan, içindən yeyən uşaqlıq illərindən bu günə qədər başına gəlmiş bütün acınacaqlı hallarından xilas olmasına kömək edərdi. Amma necə? Heç yaxınlaşmağa belə cürəti çatmırdı. Qəribə də o idi ki, məhəllədə baş verən müəyyən içtimai söhbətlərdə, bayram günləri ilə əlaqəli olaraq binanın qarşısına yığışan mehriban qonşuların keçirdiyi şənliklərdə ünsiyyətdə olur, ordan-burdan söhbət edirdilər. Kənarda isə ona yaxınlaşmağa çürət etmirdi. Nə desin, nəyi bəhanə edib yaxınlaşsın? “Nərgiz, olar sizi məktəbdən evə qədər ötürüm? Ya da, Nərgiz, bu gün hava yaxşıdı. Mən də inistitutdan tez çıxacağam. Bəlkə dərsdən sonra bir az gəzək? Nərgiz, səndə maraqlı kitablar var? Məndə də kitablar çoxdu. Bəlkə dəyişib növbə ilə oxuyaq, məlumatlanaq dünyadakı hadisələrdən?” Bütün bu suallarla hər gün özünü yorsa da, sonda yenə susaraq qızı kənardan izləmək olurdu qisməti. Evdəkilər də hiss etmişdi onun hərəkətlərindəki dəyişikliyi. – Bax hələ, dəridən qabıqdan çıxdı bu uşaq. Gör pəncərədən necə pusur? – gülümsəyərək dedi Məqbulə. Sərdar kişi açıq söz-söhbətləri sevmədiyi üçün ciddi qarşılamışdı onun bu sözlərini. – Burda pis heç nə görmürəm. Evlənən vaxtıdır. Seçimini özü etsin. Belə də ki, Nərgiz də pis qız deyil. Gözümüzün qabağında böyüyüb zavallı. Mən danışaram Yaqubla. Görüm bu işə necə baxır, – təmkinlə cavab vermişdi. Rəvanın gözləri isə qarşı binanın pəncərəsinə zillənib qalmışdı. Bilirdi ki, Nərgiz də onun baxışlarındakı sözü, mənanı anlayır. Amma bu baxışların cavabsız olduğu qorxudurdu onu. Təkcə qızın ailəsindəki ciddi problemlərlə bağlı kədər libasına büründüyünü bildiyi üçün dözürdü. Onu itirmək qorxusu yox idi ürəyində.
Nərgiz həmişəki kimi dərslərini hazırlayandan sonra mətbəxə keçdi. Bulaşıq qab-qacaqlar sanki sərgidə nümayiş olunacaq halda dayanmışdılar. Atası hələ gəlməmişdi. Kiçik qardaşı və bacısı isə dərsləri ilə məşqul idilər. Anaları bu evi tərk edib getdiyi gündən bəri Nərgiz bütün ev işlərini öz üzərinə götürmüşdü. Ağrı-acınının bütün yükünü çiyninə almış, uşaqların üzülməsini istəmirdi. Atası hər gün səhər evdən gedir, axşam qayıdırdı. Zeynəb ərini, uşaqlarını tərk edib gedən gündən bəri korluq verməmişdi Yaqub evə. Amma mənəvi dayaq ola bilmirdi övladlarına. Heç buna zamanı da çatmırdı. Bir də ki, onun təbiətinə görə əgər evdə soyuducu ağzına qədər dolu idisə, demək hər şey qaydasında idi. Nərgizi isə belə həyat qane etmirdi. Tez-tez atasından gələn zərif qadın ətirlərinin qoxusu, köynəyindəki rəngli dodaq boyalarının izi atasının yaxşı həyat sürməsindən xəbər verirdi. Əvvəllər bu mənzərəli qəbul edə bilmir, otağına çəkilib saatlarla ağlayırdı. Getdikcə adiləşdi hər şey. Böyüdü, yaşından tez kamilləşdi. Atasının da bir insan kimi qayğıya ehtiyacı olduğunu dərk etdi. “Əgər o yad bir qadını gətirib bizə ana etsəydi, bu daha ağır dərd olmazdımı”- deyə düşünəndə təsəlli tapırdı. Yaxşı bilirdi ki, anası qayıtmayacaq. Qayıtsa da yenidən ailənin bir üzvü kimi qəbul olunmayacağını bilirdi. Atasından soruşmağa cəsarəti çatmırdı. Anasının niyə ailəni tərk etiyini, hara getdiyini soruşmağa cəsarəti çatmırdı. Qonşu qadınların pəncərədən küləklə gətirib otağa saldığı söhbət, dedi-qodulardan onun yad bir kişi ilə sevişərək evi tərk etdiyinə isə inana bilmirdi. Hamı kimi o da sevirdi anasını. Gözləri gözlərinin önündən bir an da olsa çəkilmirdi. Gecələr əllərini bacı-qardaşının saçlarına çəkərək qayğını əsirgəmir, sonra təkrar əllərini saçlarına çəkib için-için ağlayırdı. Ana nəvazişinə həsrət qalmaq ən ağır dərddir övladı üçün. Yoxluğu həzm etmək olur gec-tez. Bu yoxluq isə həzm ediləsi deyildi. Məktəbdə ana haqqında şeirlər söylənəndə, inşa yazılanda baxışlarını gizlətməyə yer tapmırdı. Xəcalət çəkirdi. Anasının etdiyi bağışlanmaz səhvin günahını, əzabını yaşayırdı, hər gün ölüb-dirilirdi. Uşaqlıqdan bəri çəkdiyi acılar beynində yüklənib qalmışdı. Bir neçə dəqiqə davam edən güclü baş ağrıları ona düşünməyə imkan vermirdi. Əllərini başına tutub dayanır, bu ağrıların keçib getməyini gözləyirdi. Şiddətli ağrılar keçəndən sonra dərindən nəfəs alırdı. Əvvəllər bu ağrlar beş-on dəqiqə davam edirdisə, getdikcə dəqiqələrin sayı da çoxalmış, onu narahat etməyə başlamışdı. Gün ərzinə damarlarında dövr edən qanın beynində bir neçə dəfə ilişib qaldığını, yubandığını açıq-aydın hiss edirdi. Nə vaxtsa anası ilə qovuşacağı günü, bu ağrıların da keçib gedəcəyini gözləyirdi.-Salam Nərgiz, – axşam anası ilə söhbətdən sonra güc toplayıb yaxınlaşdı qıza Rəvan. Nərgiz dönüb baxsa da üzündəki ifadə dəyişmədi. Dilucu salam verdi.- Bilirəm ki, indi dediklərim əhvalını heç də dəyişməyəcək. Amma deməyim məsləhətdi. Bilirsən ki…- Nə? Nəyi bilməliyəm? Məndən xoşun gəldiyini? Mənimlə əylənmək istədiyini? Mən heç kəsi bu fürsətdən istifadə etməyə qoymaram. Başa düşürsən? İmkan vermərəm. Axı anamın həyatının mənum həyatım ilə nə əlaqəsi? Ölüb! Ölüb o insan. Yoxdu. Anlayırsız, – ixtiyarsız bir sözə bənd imiş kim çığırdı qız. Rəvan söz tapa bilmədi. Onun dedikləri isə cəsarət verdi oğlana.- Sən nə danışırsan? Bu nə söhbətdi? Gözləməzdim səndən. Səni ağır düşüncəli bir qız bilirdim. Yaxınlaşmaqda isə pis heç nə görmürəm. Onu da qeyd edim ki, sən düzgün düşünmürsən.- Bu söhbətləri saxla tələbə dostlarınla edərsən. Dərsə geçikirəm. Bağışla,- deyib uzaqlaşdı. Rəvanın arxadan dediyi sözlər qulağında cingildədi.- Anamla atam axşam sizə gələcək.Axşam döyülən qapının arxasında onun valideyinlərini görən qız işin ciddiliyini bildi. Hörmət xatirinə yaxşı qarşıladı onları. Az keçmiş atası da gəldi. Bir saat davam edən söhbətdən sonra mehriban qonşular xoş davranışla sağollaşdılar. İndi atasının otağa gəlib ona deyəcəklərini gözləyirdi. Elə də oldu.-Axı mən indi o halda deyiləm, ata. Həm də məktəbi bitirməmişəm. Bir az vaxt ver onlara. Bu barədə bir az düşünməliyəm, – çəkinmədən dedi.-Bu təbiidir. Sən gec-tez ailə qurmalısan. Rəvan yaxşı oğlandı. Səni qayğıdan kənarda saxlamaz. Əminəm buna,- yazıq görkəm aldı Yaqub. Sevinmiş olsa da gözlərindəki kədəri gizlədə bilmədi.-Yaxşı, bir söz demirəm. Amma, o gəsin. Sonra… – sözünü bitirmədən ağladı.-O, gəlməyəcək. Gəlsə də mən qəbul etməyəcəm. Bu qədər. Gecən xeyrə qalsın.Nərgiz bilirdi anası gəlməyəcək. Ondan heç bir xəbər olmasa da sağ olduğuna əminlik var idi içində. Onun geri- ailəyə dönəcəyi günü gözləyirdi. Otağına keçib pəncərəni açdı. Hava qəbul etmək istədi. Gözləri yenə də Rəvanın baxışları ilə toqquşdu. Dərhal pəncərəni bağlayıb, pərdəni çəkdi. Yenə şiddətli ağrı ilə baş-başa qaldı. “Yox, belə olmaz. Atama ağrılarım barədə nə isə deməliyəm. Niyə? Axı niyə deyim? Bilsə dərhal məni həkimə aparacaq. Mən isə istəmirəm, istəmirəm. Yaşamaq istəmirəm” pıçıldayaraq üzü üstə yatağa uzanıb ağladı.Son zəng tədbiri bitəndən bir neçə gün sonra Nərgizə nişan taxıldı. Qara buludlar bu nişan şamlarının şölələri ilə birgə ailənin başı üzərindən uzaqlaşdı. Qonşular ehtiramla hal-əhval tutur, əvvəlki günlərə nisbətən xoş davranırdılar. Ayağı üzülmüş qohumların da ayaq izləri tanış evin otaqlarında göründü. Toya hazırlaq gedir, ailə məsələləri müzakirə olunurdu. Nərgiz bu bir neçə gündə dəyişmiş- elə bil böyümüş, daha da gözəllşmişdi. Övladlarının acısını çəkən, hər gecə onların gələcək həyatı barədə narahat olub düşünən Yaqubun da qırışları açılmışdı. Rəvan tez-tez Nərgizlə birgə gəzintiyə çıxır, xoş anlar yaşayırdılar. Sevdiyi insanı bir an da olsa qayğıdan kənarda saxlamırdı. Onu ömrü boyu sevəcəyinə, anasız keçirdiyi o acı günləri unutduracağıa qıza söz vermişdi. Nərgizin ağrıları isə üzə çıxmağa başladı. Rəvan bunun yaxşı bir əlamət olmadığını duyub qızın tez-tez özündən getməsini evdə danışdı. Böyük qanqaraçılığa səbəb oldu müzakirələr. Söz-söhbət Yaquba çatanda isə ailənin sorağı klinikadan gəldi. Nərgiz ciddi həkim nəzarəti altınla saxlanılmalı, güclü müalicə olunmalı idi. Bir səhər isə həkimin qoyduğu diaqnoz ailənin bütün xoşbəxtliyinə son qoydu.-Onsuz da öləcək. Bunu bilə-bilə qızın ürəyinə xal salmayaq. Qoy son saatlarını xoşbəxt yaşasın barı, – kövrələrək dedi Sərdar.Nərgizdən başqa hər kəs onun bu ağır xəstəliyinin adını bilirdi. Rəvanın özündən çox bu bəxtsiz sevgilisinə ürəyi yanırdı. Tale onun ilk məhəbbət arzusunu ürəyində boğdu. Qızın yanından bir an belə çəkilmir, onu ümüdləndirirdi. Son günlər isə Nərgiz heç nə danışmır, nə baxışları, nə də hərəkətləri ilə heç bir reaksiya vermirdi. Ancaq bir nöqtəyə baxb axtarır, axtarır, onu cavan ikən dərdə salan insanı arzulayırdı. Bu arzu ilə də Rəvanın qolları arasında həyatını itirdi.Toya hazırlaşan bütün qohumlar dəfndə iştirak etdi. Nərgizi gül-çiçək dəstəlri ilə torpağın qoynuna gəlin köçürdülər.Rəvan uzun müddət özünə qapandı. Sevdiyi insanın yoxluğunu həzm edə bilmirdi. Onun istəyi ilə Nərgizin qara mərmərdən olan baş daşına “Nişanlı məzar. Nişanlısı Rəvandan əbədi xatirə” sözlərini həkk edildi. Tez-tez gəlib məzarı ziyarət edir, göz yaşı axıdaraq təskinlik tapırdı. Bu qara mərmər Yaqubun və Rəvanın baxışlarının əksini özündə saxlamışdı. Doğmaları gələndə elə bil mərmərdən boylanan şəkil gülümsəyirdi, məmnun idi. Bu baxışlara bir çüt göz də qoşulmuşdu. Hamıdan xəlvət qızının məzarını seyr edən, peşimançılıq içində yanb, qovrulan, hisslərinin qurbanına çevrilmiş Zeynəbin baxışları idi. İndi Nərgiz çox rahat uyuyurdu. Anasının isti göz yaşları qəbrinin üstünə axdıqca ruhu sevinirdi.Son