.

This image has an empty alt attribute; its file name is 156716087_1857145174443809_4474739836664188634_o.jpg

(Biraz çoxdanın ünvanlı şeiri)

Hələ ki, əvvəlki o ucalıqda,
Gözümdə həmənki çinarsan, qayıt.
Namərdin hər işi, əməli saxta,
Ən incə yerindən sınarsan, qayıt.

İblislər, şeytanlar dolar başına,
Hər dindən, imandan edərlər səni.
Çevirib bir kəntöy sapand daşına,
Sonuncu gümandan edərlər səni.

Son yarpaq kimidi son ümid dedik…
İstisi, soyuğu, küləyi bəlli.
Fələyin əlində yaxamız didik,
Göydə fırım-fırım ələyi bəlli.

Görərsən bir quru adsan eləcə,
Şəst ilə girdiyin o dam yıxılıb.
Özün öz ömrünə yadsan eləcə,
Sən adda, biçimdə adam yıxılıb.

Dönüb baxarsan ki, körpülər yanıq,
Dönüb baxarsan ki… üz yeri… olmaz…
Qəlbində yüzünə yer ayıranın,
Kimsənin qəlbində öz yeri olmaz.

Hələ ki, əvvəlki o ucalıqda,
Gözümdə həmənki çinarsan, qayıt.
Namərdin hər işi, əməli saxta,
Ən incə yerindən sınarsan, qayıt.