BİR DAMLAYAM
Mənim azadlığım dumansız səma,
Təzə dənə dolmuş tər sünbüllərdir.
Mənim səadətim bu el, bu oba,
Bir də şəfəq içən körpə güllərdir.
Mənim arzularım min-min gəncliyin
Həyat yollarında addım səsidir.
Mənim ümidilərim neçə körpənin
Beşik-beşik qalxan qəhqəsidir.
Mənim hünərim də, mənim gücüm də
Birlikdir, birliyin öz səsiyəm mən.
Bu birlik eşqiylə hey zaman-zaman
Bəxtəvər-bəxtəvər ötəsiyəm mən…
Mənim nəğmələrim ana laylası,
Ana nəfəsindən almışdır qida.
Şeirim müjdə verən qaranquşlar tək
Yenə qanadlanıb uçur havada…
Mənim dəyanətim Tomris nənəmin
Düşmənə bac verməz vüqarındandır.
Mənim məhəbbətim elin, elatın
Pozulmaz andından, ilqarındandır.
Bir zərrə varlığam, bir damlayam mən,
Bu dərin dənizdə, coşqun sularda.
Sənə minnətdaram, Vətən, ay Vətən,
Yaşasam da harda, olsam da harda
KİM DEYİR
Kim deyir bitməmiş qalacaq nəğməm,
Kim deyir sınacaq könül tarım da.
Elə alovludur, odludur sinəm
Qalmaz arzularım, qalmaz yarıda.
Kim deyir bu günüm olacaq röya,
Sabah unudulub gedəsiyəm mən?
Qarışıb nə qədər şirin arzuya
Yenə də, yenə də ötəsiyəm mən
Kim deyir… inanma hər deyilənə,
Mən böyük dənizin bir damlasıyam.
Yazmağı öz xalqım öyrətdi mənə,
Mən onun danışan, dinən sazıyam.
Kim deyir bu gün var, sabah yoxuq biz,
Hər deyilən sözə inanmayın ha.
Həyat bir dalğalı, haraylı dəniz,
Dalğalar gah enər, gah qalxar şaha.
Ləpələr bir insan ömrünə bənzər,
Ləpələr bitməmiş, ləpələr gələr.
Sahil qumlarına səpildikcə zər
Suların qoynundan nəğmə yüksələr.
Bu səhər dünyaya ilkin göz açan
Gör neçə oğul var, gör neçə qız var.
Kim deyir qonaqdır dünyada insan
Bizim sabahımız, sabahımız var.
Həyatda daş üstə daş qoyan kəsin
Ömrü qara daşa dönərmi deyin.
Bu insan nəfəsli torpağın, ərzin,
Odu, hərarəti sönərmi deyin.
Kim deyir bitməmiş qalacaq nəğməm,
İnanma, inanma hər deyilənə.
Beşikdə qımışıb, ağlayan körpə
Sanki şirin mahnı oxuyur mənə.
Kim deyir bu günüm olacaq röya,
Sabah unudulub gedəsiyəm mən.
Qarışıb nə qədər şirin arzuya
Yenə də, yenə də ötəsiyəm mən.
KÖNLÜM
Yenə nə dolmusan , nə çağlayırsan,
A mənim sevdalı, havalı könlüm?
Yenə gizli-gizli nə ağlayırsan,
Kimdən öyrənmisən bu halı könlüm?
De, hansı həsrətdən belə darıxdın,
Dönüb göz yaşına üzümə axdın
Hicrana rats gəldi bu dönük baxtın,
Sinəmdə gəzdirdin məlalı, könlüm.
Mənim həmaxşamım, həmsəhərmisən,
Xəyal yollarında həmsəfərimsən .
Mənim dağılmayan bir şəhərimsən,
Ay mənə özümdən vəfalı könlüm.
Demə vida etdi ilk bahar bizə,
Ömrün payız fəsli yar olar bizə.
Darıxma tapılar havadar bizə,
Ay böyük arxalı, obalı könlüm.
Mənim əhdim sənsən, ilqarım sənsən,
Varlı sayılsam da, o varım sənsən.
Mənim dinim də sən, tanrım da sənsən,
Bu Gülgün nəğməmin cəlalı könlüm.
SEVGİN VARSA
Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.
Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.
Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl
HƏRDƏN
Kimsə bir dost kimi yad edir məni
Hardasa nəğməmi oxuyan olur.
Elə bil dünyanın məhəbbətini –
Mənə bəxş edirlər, ürəyim dolur.
Bəzən məclislərdə düşürəm yada,
Deyirəm əməyim getməmiş hədər.
Kiçik bir damlayam coşqun sularda,
Haqqım var sevinim bir damla qədər…
Bəzən həzin-həzin çalıb ötürəm,
Hardasa, kiminsə kövrəlir qəlbi.
Bəzən müjdələrə çevrilir nəğməm,
Döyür qapıları qaranquş kimi…
Dönüb saf gülüşə qonuram bəzən
Kiminsə üzünə yox olur qəmim,
Kiminsə qəlbində yaşayıram mən,
Demək, yaşamağa haqqım var mənim…
Mənim sevinməyə haqqım var, haqqım,
Damlayam, yaşadar nəhrlər məni…
Sevin, sən də sevin, Vətən torpağım,
Kimsə, haradasa yad edər məni…