MƏNİM FƏLSƏFƏM

Düyünlü sözlərdən heç gəlməz xoşum,
Aydın həqiqətdir mənim fəlsəfəm.
Vətənə, millətə, qardaş ellərə
Dərin məhəbbətdir mənim fəlsəfəm.

Dumanlı arzular, xam xəyal deyil,
Şan-şöhrət uğrunda qalmaqal deyil;
Fitnə-əsad deyil, puç amal deyil,
Haqdır, ədalətdir mənim fəlsəfəm.

Mən çox bəlalara gərmişəm sinə,
Haqqı yazmamışam heç vaxt tərsinə.
Ulu babaların yaxşı irsinə
Əbədi hörmətdir mənim fəlsəfəm.

Mənasız ədavət nəyimə gərək,
Dar gündə mal-dövlət nəyimə gərək,
Acizlik, ətalət nəyimə gərək,
Hünərdir, cürətdir mənim fəlsəfəm.

Xalqımın şöhrəti tutub cahanı,
Odur dilimdəki mahnımın canı.
Məslək düşməniylə döyüş zamanı
Yalnız rəşadətdir mənim fəlsəfəm.

Gərək son verilsin hər fəlakətə,
İnsanam, düşmənəm zülmə, vəhşətə;
Azadlıq aşiqi bəşəriyyətə
Can-başla xidmətdir mənim fəlsəfəm.

Zəhmətsiz bir ömrün nə mənası var?
İnsana zəfərsiz yaraşmaz vüqar.
Qardaşa, yoldaşa, dosta etibar,
Düşmənə nifrətdir mənim fəlsəfəm!

GECƏNİN ROMANTİKASI
Bu yatmış küçələrdə bu gecə mənəm ayıq,
Mənəm addımlarımla bu sükuta yaraşıq.
Deyil yalnız bu gecə, bir çox gecələr belə,
Çıxaraq küçələrə gəzirəm gülə-gülə.
Yeriyirəm – xəyalım, ürəyim, beynim atəş, –
Sonsuz nəşə duyuram, bu sonsuz gəzhagəzdən
Ayaqlar silməsinlər deyə, qurudur günəş –
Küçələrə yazdığım şerimi səhər tezdən.
Bu gecə təkbaşıma gəzirəm küçələri;
Baxıram birləşmədən gözlərimin çəpəri.
Yeriyirəm, şerimi ötərək dodaqaltı.
İşığam qaranlıqda, deyiləm bir qaraltı.
Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə
Yeriyirəm, mənimlə yeriyir bu gecə də…
Yurdumun addımından geri qalmır addımım,
Ulduzlar rəqs edirlər dövrəsində adımın…
Yeriyirəm, əməlim əlimdə fanar kimi,
Baxışımla səmanı kəsirəm bir nar kimi.
Qəlbim od alsın deyə, uduram ulduzları,
Şerimin köhnə dostu, göz vuran ulduzları
Mənəm addımlayaraq sürüyən öz kölgəmi,
Mənəm gənc ürəyimdə daşıyan, gənc ölkəmi.
Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə
Yeriyirəm, mənimlə yeriyir bu gecə də…
Evlərin qapısında göz qırpa-qırpa yanan
Elektrik lampası deyil, misralarımdır.
Ta uzaq pəncərədən qılınc kimi uzana
İşığın pərvanəsi mənim öz dildarımdır
Bilirəm ki, sevgilim baxaraq yollarıma
Nigaran gözləriylə hər an gözləyir məni;
O bu saat görməyir ulduzu da, ayı da,
Bir xəyal aləmində sanki izləyir məni.
Başqa bir pəncərədə mənim şair yoldaşım
Bir baxınız, dayamış başını masasına.
Deyir ki, söz tap, başım, deyir ki, söz ver başım
Ölməz sözlər gərəkdir ölməzlər dünyasına!..
Başqa bir pəncərədə fikrə dalmış mühəndis,
Gələcək buruqların nəqş edir cizgisini.
Bir daha güldürməkçün bu yurdun güzgüsünü
Yerlərin alt qatında arayır qızıl dəniz.
Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə,
Yeriyirəm, mənimlə yeriyir bu gecə də.
Artıq mən sahildəyəm… bu sahil mənə tanış,
Bu sahil mənə yaxın, bu deyil bir aldanış
Mən də ilk gəncliyimdə, ilk bahar səmasını
Öz sevgilimlə birgə seyr etmişəm bu suda.
Udaraq salxım-salxım dənizin havasnı:
Durmuşam sevgilimçin bu sahildə pusquda,
Bəsdir bu qədər gəzdin, dedim özüm özümə,
Gecə görəsən, qulaq asacaqmı sözümə?
Gecənin qulağına: “Gündüz gəlir, qaç!”-dedim.

  • Sevgilim, günəş doğur, pəncərəni aç!- dedim!