YETİM KÜÇƏ

Təbrizdə bir küçə var –
“Yetim küçə”.
Bu adı mən vermişdim ona,
yanıqlı bir gecə.
Yanaşıdır, çəpəkidir
Təbrizin küçələri.
Gah ayrılır bir-birindən,
gah bir-birini kəsir
Təbrizin küçələri.
Gördüklərimdən yüzdə biri
qalmayıb xatirimdə.
Ancaq bu gün olmuş kimi
qalıb yadımda
bir uşaq hıçqırığı da,
bir qadın da.
Bir səs eşitdim;
yana-yana ağlayan
uşaq səsi.
Səkidə bir qaraltı,
bir qadın oturub
arxasını dayamışdı divara,
qucağında uşaq.
Küçədə çapırdı atını
Belədən-belə
sazaqlı külək – avara.
Soyuq, şinelimin içində
göynədirdi sinəmi, qollarımı.
Ana!
Ana!
Səsi
sancılırdı qulağıma
iynə-iynə.
Yaxınlaşdım.
Bacım qalx!
Bacım…
Ayaqlarım sancıldı yerə.
Donmuş qadını qucaqlayaraq
Ana!
Ana! – deyə
fəryad edirdi uşaq.
Xatırladıqca Təbrizin
o sazaqlı, o qaranlıq gecələrini;
deyirəm: məşəl kimi yandırıb qəlbimi
isindirə biləydim
dünyanın bütün
yetim küçələrini.


Fevral, 1970

QƏMLİ KÜÇƏ



Bu gün də beşi getdi,
dünən də.
Başıma evlər dolanır
yolçuların ürəyi
nizamsız döyünəndə.
Bir qoca bu gün
son mənzilə yola saldı
tələbə oğlunu.
Bir ana dünən
göz yaşıyla islatdı
gəlin qızının toy noğulunu.
Yəqin xoşbəxt küçələr də var;
bayramlı, toylu.
Mən olmuşam
insanların son mənzil yolu.
Mən qəmli küçəyəm, qəmli.
Sinəsi yoxuşlu,
səkiləri əynəmli.
Bir gün ayrıldım
gecənin səksəkəli yuxusundan.
Baş ucumda yeni binaların
əzəlini gördüm.
Dirsəkləndim qranitə;
anam şəhərin
mavi gözlü gözəlini gördüm.
Aynasında neçə
göyəzən kölgəsi.
Qoynunda insan səsi,
həyat nəfəsi.
Bildim mənim payıma
qüssə düşüb, qəm düşüb.
Sinəmdə son mənzil səfərləri
üst-üstə düşüb.
Bəzən bir neçə adamlı olur
bu səfər,
bəzən gur izdihamlı.
Mən bilirəm kim qərib gedir,
kim tanışlı, arxalı.
Kim soyuq nəfəsli,
kim cırılmış yaxalı.
Eşidirəm ötürənlərin
söhbətini.
Kiminin yanıqlı təəssüfünü,
kiminin qeybətini.
Bəzən, az qalıram yarılam
qəzəbimdən.
İnsanlar xəbərsizdir
daşlarımın əzabından.
Qibtə edənlər də olur
əzəmətinə son səfərin.
Duymuşam ürək ağrısını
bir gedənə min nəfərin.
Mən qəmli küçəyəm, qəmli.
Bilirəm kim gedir
üstümdən, soyuq nəfəsli,
kim keçir ağır matəmli.
Bir arzum var;
Son mənzilin yoluna
ağlamayan ürəklə
gəlməsin insanlar.
Sevincə, qeybətə,
qərəzli qiymətə
başqa yer tapılar.