Oxudum… gözümə inanmayaraq,
Səninmi bu imza, səninmi bu xətt?
Sözlər – yada yalaq, yaxına bir dağ!
Hanı car çəkdiyin qüdrət, ləyaqət?
Səninmi bu imza, səninmi bu xətt?
Çamura zülmətə sən ağ deyəndə,
Süd kimi kağızdan utanmadınmı?
Əyriyə düz deyib, düzü əyəndə
Əyilməz əlləri heç anmadınmı?
Qələmdən, kağızdan utanmadınmı?
Nə cür yalayırsan tüpürdüyünü,
Lənət dediyini alqışlayırsan.
Dünən bu həyatdan süpürdüyünü
Bu gün bəzəyirsən, naxışlayırsan.
Lənət dediyini alqışlayırsan.
Bəs sən demirdinmi: – Var olsun idrak
Dağ boyda dərdləri əridən ürək
Napaklar içində günəş kimi pak.
Namərdlər içində mərd qala bilmək!
Dağ boyda dərdləri əridən ürək!
Mən elə bilirdim: istedad, bilik
Sənət aləminə kifayət imiş.
Sən demə vicdansız, qansız “dahilik”
Xalq üçün ən böyük fəlakət imiş.
Səni tanımağa kifayət imiş.
Soxma gözlərimə növ-növ sitatı!
Alçalan misalla, sözlə ucalmır.
Kişi itirirsə, səmimiyyəti
Yerində bir ovuc külü də qalmır.
Alçalan misalla, sözlə ucalmır.
Bir az nadansanmış, bir azca alim,
Evdə bir sifətli, çöldə minsifət,
Rütbələr önündə həlim, mülayim,
Rütbəsiz yanında dişli, kəmfürsət,
Evdə bir sifətli, çöldə minsifət.
Odu söndürməyə neçin tələsdin?
Ürəyin deyəni rədd etdi başın.
Sən öz ürəyinin başını kəsdin,
Basdırdın altında qara bir daşın,
Ürəyin deyəni rədd etdi başın.
Bir tikə, bir üskük şöhrət üçün sən,
Qabıqdan çıxsan da, havada qaldın.
Özünü mənliyin dağ zirvəsindən
Qırx arşın quyunun dibinə saldın,
Alçaldan olmadı, özün alçaldın.
Yerdən göyə qalxan pak alov təki,
Sənət də müqəddəs, söz də müqəddəs,
Sözü alçaldanı, arxayın ol ki,
Tanrı da, fələk də ucalda bilməz.
Sənət də müqəddəs, söz də müqəddəs…
1976