Ey şairi saraylara qısqanan,
Daxmadayam, saraydayam, damdayam.
Yağışımla, işığımla, odumla,
Toxumdayam, torpaqdayam, şumdayam.
Bahar vaxtı ana çölün havası,
Hər qadanı başımızdan sovası.
Bir saraydı hər qarışqa yuvası,
Əkindəyəm, səpindəyəm, şumdayam.
Şair olan neylər evi-eşiyi,
Başı üstə Tanrı çəkər keşiyi.
Mən özüməm Məcnunların beşiyi,
Zərrədəyəm, səhradayam, qumdayam.
Yağan yağış günahları yuyurmuş,
Şükür haqqa, Tanrı məni duyurmuş.
Allah özü mənə belə buyurmuş,
Bişmişdəyəm, yanmışdayam, xamdayam.
Həm sevincəm, həmi yasam, həm qəhər,
Həm komayam, həmi kəndəm, həm şəhər.
Günəş özü məndən doğur hər səhər,
Qəndildəyəm, çıraqdayam, şamdayam.
Heç olmadı haqq yolundan sapdığım,
Sazdı, sözdü yoğurduğum, yapdığım.
Gəl-gəl dedi ulu şeyxim – Tapdığım,
Yunus adlı bütövdəyəm, tamdayam.
Yuva mənəm, ocaq mənəm, yurd mənəm,
Nəsimitək dönməz mənəm, sərt mənəm.
Füzulinin özü boyda dərd mənəm,
Bağdaddayam, Hələbdəyəm, Şamdayam.
Sular kimi ax, məndə gör dünyanı,
Şimşək kimi çax, məndə gör dünyanı,
Gözün varsa, bax, məndə gör dünyanı,
Cahandayam, Cəmşiddəyəm, Camdayam.
2007, 23 mart