Şuşada Vaqif poeziya günlərinin keçirilməsi o qədər böyük hadisədir ki, bundan layiqincə danışmaq üçün ilk növbədə özümüzün şüuraltımız idrak etməlidir. Bu tarixi hadisə ilk növbədə, 1982-ci ilin 14 yanvarında Ümummilli liderimiz Heydər Əliyevin Şuşada Molla Pənah Vaqif məqbərəsinin açılışının bir növ başqa formada, amma eyni missiya çərçivəsində təkrarlanması nöqteyi-nəzərindən əhəmiyyətlidir. Aradan keçən 39 illik zaman müddəti bizim üçün sınaq məqamı oldu. Bakıdan Şuşaya gətirən uzun yolda yaşadığımız ağrıları, itkilərimizi, fəci və nisgil dolu illəri birər-birər xatırlayarkən qəfil qarşımızda görünən “Zəfər yolu” gözəl, işıqlı bir sabahın rəmzi kimi sanki bütün ağrıların üzərindən sığal çəkdi. Bu duyğunu bizə qazandıran Ali Baş komandan İlham Əliyevə, qəhrəman əsgərlərimizə sonsuz şükranlıq borcumuz var.
Şuşada ilk elmi simpoziumun iştirakçısı olmaq isə insana bir başqa fəxarət duyğusu yaşadır. Görünür, möcüzələrə inanmaq lazımdır.
Molla Pənah Vaqif ədəbiyyat tariximizdə mərhələ yaradan sənətkardır, realist şeirin ilk yaradıcılarındandır, sevgiyə və gözəlliyə, kədərə və əzaba yanaşması ilə fərqli müstəvidə qərarlaşan şairdir. Əlbəttə ki, Vaqif öz dövrünün tanınmış ictimai-siyasi xadimi, diplomatı olub, Qarabağ xanlığında ən mühüm qərarların verilməsində öz ağlı və səriştəsi ilə iştirak edib. Amma hər şeydən əvvəl Vaqif şairdir, bu günə qədər sevilən bir çox misilsiz poetik örnəklərin müəllifidir. Bəs Vaqifin Azərbaycan ədəbiyyatında yeri, rolu hansı xüsusiyyətləri ilə seçilir? Bunu ilk növbədə, dövrün özünün izahını verməklə aydınlaşdırmaq mümkündür. Məlumdur ki, XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah, oyanış dövrüdür. Bu dövrü fərqləndirən əsas cəhətlər milli dilin ədəbi yaradıcılıqda hakim mövqe tutması, xalq yaradıcılığının və milli folklor janrlarının tam təşəkkülü ilə əlamətdardır. Bu mənada, dövrünün şairi kimi Vaqifin üslubu özündən əvvəlki klassiklərin üslubundan fərqlənib. Daha rəvan, sadə üslub, hamının başa düşəcəyi, anlayacağı dil, milli bədii təfəkkürün və özünüdərketmənin təzahürünün güclənməsi və s.
Vaqif mərhələsinin özünün əvvəlki və sonrakı ədəbiyyata böyük təsiri oldu, bir növ körpü rolunu oynadı. O, özündən əvvəlki ədəbiyyatı milli zəmində yekunlaşdırdı və sonrakı ədiblərin bir çox maarifçi məsələlər və istiqamətlər yönündə fəaliyyət göstərmələrinə yol açdı. Təsadüfi deyil ki, Vaqifin açdığı işıqdan yola çıxan XIX əsr dühalarının – Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin və Abbasqulu ağa Bakıxanovun milli ədəbiyyatı və dili inkişaf etdirmək yönündə çabaları onların öz sahələrində yeniliklərə imza atmaları ilə nəticələndi. Zənnimcə, biz “Vaqifə qədər” olan bir dövrü tədqiq etmişik, indi qarşıda duran problemlərdən biri Vaqifdən sonrakı mərhələni öyrənmək, onun təsir etdiyi məqamları üzə çıxartmaq olmalıdır.
Vaqif yeni tipli ədəbiyyatın yaradıcısıdır. Onun şeirlərində təbiət öz zənginliyi və çoxçalarlılığı, insan öz mühiti və məişəti, xasiyyət və rəftarı, gözəllik və incəliyi ilə tərənnüm obyektidir. Professor Rüstəm Kamalın bu dövrlə bağlı maraqlı qənaəti var: “XVIII əsr Azərbaycan mədəniyyətini əslində “göz mədəniyyəti” adlandırmaq olar. Şuşanın tikilməsi də, Vaqifin poeziyası da “göz mədəniyyəti”nin təzahürüdür”. Burada “görmə” məqamı üzərində dayanmağa ehtiyac var. Daha çox içə, daxilə yönəlmək mənasında. Yəni bu qüdrətli şair gerçəklərin yalnız zahiri tərəflərinin təsvirinə yönəlməmiş, acı və sərt həqiqətlərin görünən tərəfləri, zahiri əlamətləri ilə yanaşı, daxili mahiyyətini də mənalandırmış, bəzən isə hətta ziddiyyətləri ilə birlikdə əks etdirmiş, batinin dərkini verməyə nail olmuşdur. Şairin “Bayram oldu”, “Görmədim” müxəmməsi və s. kimi şeirləri buna nümunə ola bilər.
Molla Pənah Vaqifin ilk tədqiqi Firudin bəy Köçərlinin, Salman Mümtazın adı ilə bağlıdır. Sonrakı illərdə Həmid Araslı, Araz Dadaşzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev ilə sahə böyüyüb. Hər birinin də dövrə və Vaqif yaradıcılığına fərqli yanaşması olub. Həmid Araslı onu realist şair, Araz Dadaşzadə realist ədəbi metoda yiyələnmiş ilk sənətkar, Əziz Mirəhmədov təsviri realizm üslubunun nümayəndəsi, Yaşar Qarayev realizmin hazırlıq mərhələsini yaradan ədib kimi xarakterizə edib. Bütün bu tədqiqatlar sovet dövründə gerçəkləşən işlərdir. Vaqifin müstəqillik illərində ədəbi prosesə yeriməsi akademik Nizami Cəfərovun adı ilə bağlıdır. Nizami Cəfərov 1988-ci ilin sonlarında “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “Azərbaycan intibahı: problemlər, mülahizələr” məqaləsində, daha sonra isə 1991-ci ildə işıq üzü görən “Füzulidən Vaqifə qədər” kitabında mifoloji yaddaş, folklor potensialı ilə Yeni dövr kontekstinə daxil olan XVIII əsri və Vaqif yaradıcılığını milli oyanış, intibah mədəniyyətinin zəmini kimi təqdim etdi. Bu fikir həmin dövr ədəbiyyatşünaslığında geniş polemikalara rəvac verdi, müxtəlif ədəbi instansiyalarda, o cümlədən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müzakirəsi təşkil olundu. Ölkənin demək olar ki, bütün ciddi alimləri bu tezislə bağlı fikir və mülahizələrini bölüşdülər. “Müstəqillik dövrünün ədəbi tənqidi” adlı tədqiqatım üzərində çalışarkən bu tezis ətrafında necə geniş müzakirələr aparıldığının şahidi olmuşdum. Bu müzakirələr sonucunda həm XVIII əsrə və onun yaradıcı şəxsiyyətlərinə, o cümlədən Vaqif irsinə münasibətdə çoxsaylı yanaşmalar meydana qoyuldu.
Vaqif irsinə son yanaşma kimi bu yaxınlarda çap olunan İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” monoqrafiyasının adını çəkə bilərik ki, bu kitabda İsa müəllim Vaqifi erkən realizm ədəbi cərəyanının banisi kimi təqdim edir. Və nəinki XVIII əsr, ona qədər davam tapmış bütün ədəbi mərhələlər, klassik ədəbiyyat “Vaqif ədəbi mərhələsi”nə nəzərən tədqiq və şərh olunur.
Təbii ki, Vaqif elə bir parlaq ədəbi istedada malik sənətkardır ki, özü ilə bağlı ədəbiyyatşünaslıqda fərqli və modern sənət prinsipləri kontekstində araşdırmalara imkan verəcəkdir. Bu sırada, “Ədəbiyyat qəzeti”ndə çap olunan son dörd yazını da qeyd etmək istərdim: Cavanşir Yusiflinin “Formanın müqəddəs sirri” silsiləsindən Vaqif haqqında yazdığı II məqaləni, Azər Turanın “Poeziyada “Görmədim” müxəmməsi ilə başlayan estetik qürub, yaxud Vaqif ömrünün və türbəsinin faciəli aqibəti”, Tahirə Məmmədin “Şuşa ədəbi məclisləri: funksiya və missiyası” və Səadət Şıxıyevanın “Nisgilli könüllərin tərcümanı Şuşa Qarabağ şairlərinin şeirləri əsasında” məqalələrini. Bu kitab və məqalələri niyə xatırlatdım? “Ədəbi müstəvidə Qarabağın dünəni və bugünü” mövzusunu müzakirə ediriksə gələcək tədqiqatçılara geniş müstəvilərə adlamağa impuls verən mətnlərlə bələdçilik etməliyik.
Məlumdur ki, Molla Pənah Vaqif ilk şeirlərini müəllimliklə məşğul olduğu illərdə yazmış, pedaqoji fəaliyyətinin Şuşa mərhələsində bədii yaradıcılıqla daha intensiv şəkildə məşğul olmuşdur. Lakin Molla Pənah Vaqif ömrünün son günlərini çox bədbin yaşamış, bu kədəri özünün “Görmədim” müxəmməsi ilə hərtərəfli ifadə etmişdir. Həyatının faciə ilə bitən sonluğu da şairimizin qoca vaxtında yazdığı şeirlərdə əsk olunmuş estetik qüruba adekvat olaraq yekunlaşmışdır. Cavanşir Yusiflinin yazdığı kimi, “gözəlliyi hiss etdiyinə, bildiyinə görə faciələrə tuş gəlmişdi”, cəzalanmışdı sanki. Ancaq bu gün sevinirik ki, böyük şairimizin ruhu şaddır. Otuz ilə yaxın işğal dönəmindən sonra o, öz azadlığına, ruhsal bütövlüyünə qovuşub. Vaqifin türbəsi hər zaman Şuşada ziyarətgah olub. Allaha şükürlər olsun ki, hər şey əzəli və əbədi gerçəkliyinə qayıdır. Şairin bizə heç zaman yadlaşmayan məqbərəsi artıq indinin və sabahkı nəslin daim ziyarət edəcəyi müqəddəs mehraba, qutsal məkana çevrilməkdədir.
Mənbə: https://edebiyyatqazeti.az/