“…Çəkilmişəm qınıma
…Qorxaram mən,-
yalan desəm Tanrıdan,
doğru desəm bəndədən…” __ B.Vahabzadə
Sən belə demədin bir zaman şair,-
Başında şimşəklər çaxanda belə!
Qırx il sətiraltı qışqıran şair,
Susarmı səngərdən qalxanda belə?!
Bəndənin evini yıxdı yalanlar,
O başa düşmədi faş olanacan.
Özün deyirdin ki,heykəl olanlar
Daşa basılıblar daş olanacan.
Qoy daşa bassınlar,o daş arxadır,
Zirvənin himnini tufanlar deyir.
Qartal-ildırımla əlbəyaxadır,
Yerdə-çəyirtkəni sərçələr yeyir.
Şair qəsddən ölür,əsgər güllədən,
Neyləmək,talelər başqadır,şair.
Əsgəri sağaldıb yaşadan vətən
Şairi öldürüb yaşadır,şair.
Almaz İldırıma Bakıda heykəl!-
Millət gah ağ deyir,gah qara yazır.
Adını hər yerdən qaralayan əl
İndi hər qapıya,divara yazır.
Mənə “qəbahətin” birtəhər gəlir,
Görüb namərdliyi çox köks ötürmə.
Üstünə qalxanlı gürzələr gəlir,-
Əldən qılınc verib,əsa götürmə!!!