Asanmı sanırdın mehri, ülfəti? –

Heç vaxt incimirdin sözümdən mənim.

Əyləncə bilirdin sən məhəbbəti? –

Qorxmadan öpürdün üzümdən mənim.

Hisslərin əlində oldun əsir sən,

Körpə bir məhəbbət düşdü sazağa.

İndi titrəyirsən, indi əsirsən,

Qaçmaq istəyirsən məndən uzağa.

Geriyə yol varmı ancaq sevgidə? –

Ürəyim titrəyir, yol çəkir gözüm.

Alın yazısıdı elə sevgi də,

Qaçmaq mümkün deyil ondan, əzizim!

Mənə nifrətlə də baxa bilərsən,

Ancaq bilirəm ki, qəlbi yuxasan.

Sən mənim sözümdən çıxa bilərsən,

Qəlbinin sözündən çətin çıxasan.

Gözündən ovcuma bir damla düşdü,

Sevda yollarında şair mat olmaz.

Sevgi ömür kimi ciddi bir işdi,

Gülüm, məhəbbətlə zarafat olmaz…

07.03.2000