Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru
Vaqif Bəhmənliyə
Oxudum şerini Vaqif Bəhmənli,
Hər misran pir daşı , ocaq daşıdır…
Xatirə yolların dumanlı , çənli
Gördüyün zirvələr dağlar başıdır…
Məmməd Araz yolu…anlamaq dərdi,
Əzablar içində yaşamaq yolu…
Allahın pay böldü, əmanət verdi,
Sənindi dərdləri daşımaq yolu…
İllərdir işığı qəlbindən keçən
Gözləri gözündür Eldar Baxışın…
Sözün ümmanında mənalar seçən
Sərraf nəzəridir iti baxışın…
Silsilə dağlardır adlar, ünvanlar
Yollar bələdçindir izlər sirdaşın…
Gördüyün pirlərdir qada sovanlar,
Kəramət gücü var burda hər daşın…
Gözlərin yaddaşın pəncərəsidir,
Baxıram gördüyün uca dağlara,
Xatirə ilğımı dərd çarəsidir,
Xəzan könlümüzdə solan bağlara…
Bizim qalaktika … adlar aləmi,
Yaşayan ürəklər ad -ad döyünər…
Sözünün üstünə çəkib qələmi,
Allahın özü də baxıb öyünər…
Yaxşı bilirirəm ki sən çox ucasan,
Boyun boy götürüb Araz dağından…
Bilirəm dərdinlə dərdli qocasan,
Xal düşüb qəlbinə Eldar çağından…
Ruhumuz dil tapar, qol boyun olar
Gedərik Vətəni istək boyunca,
Kövrək duyğularla könlümüz dolar,
Sevinər sözümüz yenə doyunca…
Xələfli sözünü yağdı bu yerdə,
Sözdə Vaqif olan bir kimsə görsün
Xudafərin üstə ağlayan dərdə,
Diri qürurunda səcdəyə dursun…
Oxudum şeirini, Vaqif Bəhmənli,
Çatdığın ocaqlar oddan bəllənir…
İnsan təbiətlər çöllü, çəmənli,
İlhamın yağdıqca yaddaş güllənir…
Əli Rza Xələfli,
13. 10.2021…
Saat… 20.30