“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın 25-ci bəndinə əsasən ölkəmizdə cari ilin 26 avqust – 5 sentyabr tarixlərində “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihə həyata keçiriləcəkdir.

“Youth ArtCamp” beynəlxalq proqramı çərçivəsində təşkil ediləcək bu layihə 2008-ci ildə Andorranın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə mədəni fərqləri aradan qaldırmaq, təcrübə və dəyərləri bölüşmək, beynəlxalq harmoniya, birgəyaşayış, qarşılıqlı hörmət və əməkdaşlığı təşviq etmək məqsədilə təsis edilmişdir.

Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı Səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilmişdir. UNESCO-nun xoşməramlı səfiri xanım Hedva Serin himayəsi altında olan bu beynəlxalq layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.

Xarici ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təqdim etdiyi namizədlərin arasından münsiflər heyəti tərəfindən 16 gənc rəssam seçilərək “Youth ArtCamp Shusha and Baku” layihəsinə cəlb olunub.

Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihə mühüm əhəmiyyət kəsb edir. Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Dəvət olunan rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcəkdir.

Layihə çərçivəsində Şuşa ilə yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər planlaşdırılır.

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Andorranın UNESCO üzrə Milli Komissiyası tərəfindən sözügedən layihə çərçivəsində gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin keçirilməsi nəzərdə tutulur.

Mənbə: https://culture.gov.az/