Qobustan Milli Tarix-Bədii Qoruğunda xarici tərəfdaşlarla müştərək elmi-tədqiqat layihələri çərçivəsində 2019-cu ildən icrasına başlanılan “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinin son mərhələsi başa çatır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Madrid Komplutense Universitetinin (İspaniya) və Ferrara Universitetinin (İtaliya) dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqi, xronometrik üsulla qayaüstü təsvirlərin xronoloji çərçivəsinin müəyyən edilməsi və üzəri təsvirli qayalarla insan məskənləri arasındakı əlaqəni müəyyən etməkdir. Layihədə Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Madrid Komplutense Universiteti (İspaniya), Milli Elmi Tədqiqatlar Mərkəzi (Fransa), Ferrara Universiteti (İtaliya), Milli Araşdırma Şurası (İtaliya), Rovira və Virgili Universiteti (İspaniya), Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutu (İspaniya), Barselona Universiteti (İspaniya), Milano Universiteti (İtaliya) və Neapol l’Orientale Universiteti (İtaliya) iştirak edib.
Konfransı giriş nitqi ilə açan qoruğun direktoru Vüqar İsayev öncə “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi haqqında ətraflı məlumat verib, 2019-cu ildən icrasına başlanılan tədqiqat işinin COVID-19 pandemiyası ilə əlaqədar fasilələrlə davam etdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana zağa sığınacağının qayaüstü təsvirlərinin qeydiyyatı aparılıb, 1960, 1970 və 1980-ci illərdə arxeoloqlar İ.Cəfərzadə, C.Rüstəmov və F.Muradova tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı qeydə alınmış mədəni təbəqə və qoruğun fondunda saxlanılan üzəri təsvirli daşlar müasir elmi metodlarla öyrənilib. Təsvirlərin minimum yaşının müəyyənləşdirilməsi üçün təsvirli qayalarla birbaşa əlaqədə olan1977-ci ildə C.Rüstəmov tərəfindən arxeoloji qazıntı işləri aparılmış kiçik sahədə qeydə alınmış mədəni təbəqəyə baxış keçirilib.
Bildirib ki, ərazidə ilkin mərhələdə aparılan tədqiqatlar zamanı insan fəaliyyəti ilə bağlı olan Mezolit dövründən (təxminən 10,000 il əvvəl) Orta əsrlərə (XV əsr) qədərki dövrü əhatə edən 5 arxeoloji təbəqə qeydə alınıb. Son zamanlar əcnəbi mütəxəssislər tərəfindən qoruğa elmi tədqiqat məqsədi ilə çoxsaylı müraciətlərdən bəhs edən Vüqar İsayev Qobustan abidələrinin artıq dünya mütəxəssislərinin diqqət mərkəzində olan elmi tədqiqat obyektinə çevrildiyini bildirib. Qoruq rəhbəri eyni zamanda xarici ölkələrdə aparılacaq elmi tədqiqat layihələrində qoruq əməkdaşlarının iştirak etməsi barədə ilkin razılığa gəlindiyini də bəyan edib.
Sonra söz İspaniyanın Rovira və Virginiya universitetinin professoru Manuel Vaquero Rodrigezə verilib. Qobustanı qayaüstü incəsənətinin əhatə etdiyi tarixi çərçivənin genişliyi, mövzu müxtəlifliyi, ayrı-ayrı dövrlərin həyat səhnələrini əks etdirməsi, təsvirlərinin müxtəlif texniki üsullarla real çəkilməsi cəhətdən tayı-bərabəri olmayan qədim abidələr kompleksi adlandıran mütəxəssis apardıqları tədqiqat işindən danışıb. Qeyd edib ki, aparılan son elmi tədqiqatlar nəticəsində ərazidən daş materiallar, insanlar tərəfindən ovlanmış heyvan sümükləri (qoyun, keçi, at və iribuynuzlu), bəzək əşyaları, keramika və son 10,000 il ərzində ətraf mühitin necə dəyişdiyini anlamağa imkan verən kömür qalıqları aşkar olunub.
Tədqiqatçı qeydə alınan ən maraqlı tapıntılardan biri- Mezolit dövrünə aid edilən 5-ci təbəqədə aşkar olunan insana məxsus osteoloji qalıqlar barədə ətraflı məlumat verib. O bildirib ki, aşkar olunan sümüklər azyaşlı bir şəxsin (4-8 yaş arası uşaq) ayağına aiddir. Ərazidə aşkar olunan və bu tapıntı haqqında daha çox məlumat əldə etməyə kömək edəcək əlavə təhlil gözləyən artefaktların insan qalıqlarının dəfnə aid olduğunu fərz etməyə imkan verir. Qobustanın uzun dövrlü qayaüstü təsvirlərinin burada yaşayan insanların mənəvi aləmini, incəsənət duyumunu öyrənmək üçün əvəzsiz xəzinə olduğunu deyən ispan mütəxəssis gələcəkdə aparılacaq tədqiqatların aşkar olunmuş osteoloji qalıqların yaşını daha yaxşı müəyyənləşdirməyə, C.Rüstəmov və F.Muradova tərəfindən aşkar olunan digər skelet qalıqları ilə əlaqəni müəyyən etməyə imkan verəcəyini bildirib.O qeyd edib ki, Ana zağadakı insan qalıqları son ovçu-yığıcı cəmiyyətinin ənənəvi rituallarının və simvolik davranışlarının öyrənilməsində açar rolunu oynayır.
“Sonrakı tədqiqatlar bu uşağın DNT-sini və onun daha çox ovçu-yığıcı Avrasiya populyasiyaları ilə əlaqələrini müəyyən etməyə imkan verəcək. Eyni zamanda izotopik analiz bu insanların gündəlik qidalanması haqqında məlumat əldə etməyə şərait yaradacaqdır”.
Sonra iştirakçılar mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Sonda media nümayəndləri üçün infotur təşkil olunub.
Qeyd edək ki, tədqiqatlarda Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodriges (Rovira və Virgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edib.
Qoruq əməkdaşları Günay Verdiyeva, Turan Yunus və Rəfael Bəkirov tədqiqatlara köməkçi qismində cəlb olunublar.
Mənbə: https://culture.gov.az/