Mədəniyyət naziri Anar Kərimov avqustun 25-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.
Qonağı salamlayan Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin yüksək templə inkişaf etdiyini və bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın vacibliyini vurğulayıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının Ermənistanın otuzillik işğalından azad edildiyini qeyd edən Anar Kərimov Mədəniyyət Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasında Dünya Bankı ilə birgə müştərək layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası haqqında məlumat verən nazir deyib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir. Bu çağırış həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır. O, Dünya Bankının bu qlobal kampaniyaya dəstək verməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Dünya Bankının mədəniyyətin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsində hər zaman hazır olduğunu qeyd edib.
Sara Maykl “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının həyata keçirilməsini yüksək qiymətləndirib və Dünya Bankının da bu təşəbbüsə qoşulmaqda maraqlı olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Mənbə: https://culture.gov.az/