Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il martın 1-də “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın 1-ci bəndinin icrasını təmin etmək məqsədilə ictimai təşkilatların, kino qurumlarının və Mədəniyyət Nazirliyinin nümayəndələrindən ibarət İşçi Qrupu tərəfindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və digər aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanaraq ölkə başçısına təqdim edilmişdir. Sözügedən Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə martın 20-dən mayın 1-dək Mədəniyyət Nazirliyi tərəfindən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunmuşdur.
Müsabiqəyə təqdim olunan film layihələrinin qiymətləndirilməsini həyata keçirmək üçün Nazirliyin müvafiq əmri ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev (sədr), kinodramaturq Ramiz Fətəliyev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, kinorejissor və kinoşünas Ayaz Salayev, Dövlət Film Fondunun baş mütəxəssisi Yusif Şeyxov, kinorejissor Rüfət Həsənov, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Elşad Əliyev və Dövlət Film Fondunun baş mütəxəssisi Leyla Vəzirzadədən ibarət münsiflər heyəti yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 200-dək bədii, sənədli və animasiya filmi ssenarisindən münsiflər heyəti “Tammetrajlı”, “Qısametrajlı”, “Sənədli” və “Animasiya” olmaqla ümumilikdə 20-yə yaxın film layihəsini seçib.
Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.
Eyni zamanda, Mədəniyyət Nazirliyi ölkədə kino sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzlərini əməkdaşlığa dəvət edərək bildirir ki, hər hansı prodüser mərkəzi paritet əsaslarla Nazirlikdən vəsait əldə etməklə istər müsabiqədə seçilmiş, istərsə də digər, Ekspert Şurasının müsbət rəyini almış, özünəməxsus ssenarilərin istehsalını həyata keçirə bilər.
Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.
Mənbə: https://azertag.az