Əvvəli burada

– İsa Muğanna haqqında “Qəribə dünyanın adamı” adlı ümumən götürəndə çox maraqlı məqalənizdə yazıçının “İdeal”a qədərki yaradıcılığından imtinasını, “İdeal” romanında tarixi dekonstruksiya çabasını, elmiliyin bədiiliyi üstələməsini onun kəsirləri kimi göstərir, bir sözlə, Hüseynov İsanı qəbul edir, İsa Muğannanı isə əsasən etmirsiniz. Qəbul etmədiyiniz cəhətlər postmodernist nəsrə məxsus göstəricilərdir. Bu yanaşmanızı modernist bir yazıçının postmodernizmə keçən digər bir yazıçıya münasibəti kimi anlamaq olarmı?

– Postmodernizm haqqında nəzəri yazılardan da, bu cərəyana aid edilən dünya yazıçılarından da az-çox xəbərim var. Amma hələ də dəqiq müəyyənləşdirə bilməmişəm ki, bu cərəyanın mahiyyəti nədən ibarətdir. Hər şeyin inkarı, özündən əvvəlki bütün yazılara ironik, hətta aşağılayıcı münasibət? Bəs, inkar etdiyinin, ələ saldığının, güldüyünün yerinə sənin özünün qoyduğun, yaratdığın nədir? Məsələ bundadır. Əgər postmodernizmin əsas prinsipi destruksiya, yəni özün ortaya bir şey çıxarmadan mövcud məşhur mətnləri baş-ayaq etməkdirsə, lağa qoymaqdırsa, onda bizim ədəbiyyatda ilk postmodernist Mirzə Ələkbər Sabir olub. Böyük Füzulinn lirik qəzəllərini ironik şəkildə təqdim edən böyük Sabir. Amma, axı, Sabirin məqsədi Füzulini alçaltmaq, ələ salmaq deyildi, məqsəd Füzulinin məşhur əsərlərindən istifadə edərək cəhaləti, avamlığı qamçılamaq idi. Bizim postmodernistlərin məqsədi nədir, nəyə qarşı çıxırlar, kimlərəsə sataşmaqdan savayı mühüm ictimai qayələri varmı?

“İdeal”, şübhəsiz, ədəbiyyatımızın dəyərli romanlarından biridir. Amma mənimçün (bəlkə də bu, subyektiv yanaşmadır) məhz “Teleqram”, “Saz”, “Tütək səsi” nəsrimizdə dönüş yaratmış əsərlərdir.

– Sabir Əhmədliyə həsr etdiyiniz “Ağrılı ömür” adlı məqalənizdə yazırsınız ki, yazıçının kolxoz quruluşuna qarşı yazılmış “Dünyanın arşını” romanı dərc olunandan sonra əsər kəskin ideoloji tənqidə məruz qalıb, bu barədə DTK-ya arayış verilib, qocaman sovet yazıçılarından biri “Mən qoymaram ki, Sabir Əhmədov mənim qurduğum kolxozu dağıtsın” deyib. O ağsaqqal yazıçı kim idi və kolxoz quruluşunun dağıldığı vaxta kimi yaşadımı?

– Gəl bu sualın – cavab verməyəcəyim yeganə sual kimi qalsın.

– Bu kitablardakı yazılarınızı iki qismə bölərdim: İsa Muğanna, Sabir Əhmədli, Yusif Səmədoğlu, Fikrət Qoca, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı Odər haqda yazıçı Anar; Məmməd Araz, Xəlil Rza, Cabir Novruz, Tofiq Bayram, Nəriman Həsənzadə… və digər bir çoxları haqda isə sədr Anar yazıb. Adama elə gəlir ki, ikinci qrup yazıçılarla ayrı-ayrı zamanlar və fərqli planetlərdə yaşamış, birinci qrup adamlarla sözün fəzası, ikinci qrupla isə sözün müstəvisində qarşılaşmış, birincilərdən qəlbin istəyi, ikincilərdən isə ağlın hökmü ilə yazmısınız.

– Mən nə yazmışamsa, hətta yubileylərlə, ya rəsmi tədbirlərlə bağlı yazılar – səmimi yazmışam, yəni heç kəs haqqında boğazdan yuxarı söz söyləməmişəm. Amma bu yazıların təsnifatını vermək – hansını sadəcə yazıçı kimi, hansını sədr kimi yazdığımı bir-birindən ayırmaq mənlik deyil.

– Fikrət Qoca bir yazısında sizi belə səciyyələndirir: “Sizə elə gəlir ki, Anarı tanıyırsınız?.. Anar asan tanına biləcək insanlardan deyil. Adama elə gəlir ki, hamıya açıqdır, ancaq, əslində, öz içində dərindən dərində gizlənib. Ünsiyyətlidir, guya ki, çoxlu dostu var. Diqqət etsən, görəcəksən ki, yalqızdır, tənhadır. Nə qəm? Allah da tənhadır”. Bu arayışla razısınızmı? Məsələn, doğrudanmı, “dərindən dərinə” gedəndə Fikrət Qoca dostunuz deyildi?

– Fikrət Qoca ən yaxın, ən səmimi, ən etibarlı dostlarımdan idi. Və yəqin ki, məni ən yaxşı tanıyan adamlardandı. Odur ki, tənhalığım haqqında qənaəti də yəqin, doğrudur. Tənhalığın ən ağırı insanlar arasında yalqız olmaqdır. Bəyəm bu mənim əsərlərimdən aydın olmur?

– Arxivinizə qarşı çox diqqətlisiniz. Yəqin ki, ədəbiyyat tariximizdə sizin kimi səliqəli arxivi olan ikinci yazıçımız olmayıb. Mənim “O Adam” poemam haqqında on altı il qabaq yazdığınız məqalənin əlyazmasını saxladığınızı görəndə heyrət elədim. İnanıram ki, Yusif Səmədoğlunun vaxtilə “axır ki, sənin də bir keyfiyyəli qəlyanın olsun” deyə bağışladığı qəlyanı da saxlayırsınız. Yanılmıram ki?

– Yanılmırsan. Beş il bundan qabaq ağır ürək əməliyyatından sonra həkimlərin qəti hökmüylə qəlyan çəkməyi birdəfəlik atsam da, Yusifin hədiyyəsini onun xatirəsindən ən munis yadigar kim saxlayıram.

– Əkrəm Əylisli yazırdı: “Yusifin “Qətl günü” romanını mən realist Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca dilimizdə yaranmış ən maraqlı nəsr əsərlərindən biri hesab edirəm”. Həmişə hiss etmişəm ki, “izm” konusunu elə də sevmir, bunu ciddi önəmi olmayan ədəbiyyatşünaslıq məsələsi hesab edirsiniz. Buna baxmayaraq, sualın cavabı mənə maraqlı olduğu üçün verməli olacam. Ə.Əylislinin dediyi kimi, doğrudanmı, “Qətl günü” realist ədəbiyyat nümunəsidir? Yoxsa, sizcə, Ə.Əylisli bu termini konseptual planda, daha geniş anlamda işlədib?

– Əkrəm Əylislinin “Qətl günü” romanını Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca dilimizdə yaranmış ən maraqlı nəsr əsərlərindən” biri hesab etməsilə tamamilə razıyam. Bəlkə “biri” yox”, “birincisi” sözünü işlədərdim.

– Yusif Səmədoğlunun “Qətl günü” romanı adından göründüyü kimi, ölüm mövzusuna həsr olunub. Və siz haqlı olaraq yazırsınız: “…min illik poeziyamız tarixində ölümü Vaqif kimi ciddi qəbul eləyən, ölümlə bu qədər maraqlanan ikinci şairimiz olmayıb”. Sizcə, Səmədoğluların ölümə məhrəm münasbətində vaxtsız itirdikləri atalarına qovuşmaq kimi şüuraltı istəyin rolu varıydımı?

– Çətin cavab veriləsi sualdır. Ola bilsin haqlısan. Atalarını yetkinlik çağlarında itirmiş Yusifin də, Vaqifin də əsərlərində ölüm motivlərinin çoxluğu bu böyük itkinin təsirilə ola bilər. Bəlkə də, belədir. Amma bəlkə də, yox. Bəlkə, bu ovqat onların daxili dünyaduyumlarıyla bağlı idi. Hər ikisinin vaxtsız ölümlərinin öncədən vəhylə duyulmasındandı. Bunu kim dəqiq təyin edə bilər ki…

– Bu sözlər sizə məxsusdur: “…gənclikdə dostları daha çox qazanırsan, yaşlı vaxtında isə daha çox itirirsən. Dairə daralır, daralır. Və bu getdikcə daralan dairənin içində mənimçün Vaqif Səmədoğlu həmişə qalacaq”. Daralan dairənin içində daha kimər qalıb? Və dairəni son illər gənclər hesabına genişləndirdiyiniz də hiss olunur.

– İzahın düzdür. Daralan dairənin içində mənim nəslimdən tək-tüklər qalıb. Yeni nəsillərə mənsub olan insanlarla ünsiyyətim bir növ təskinlikdir. Amma o da var ki, heç kəs heç kəsi əvəz etmir. Bəzən düşünürəm. Bəlkə, Allahın mənə lütfkarlıqla bəxş etdiyi uzun ömrün bir mühüm mənası da varmış. Ömrümün uzadılması itirdiyim insanları yazılarımda yaşatmaq üçünmüş. Eyni zamanda, bir dəfə yaşanılmış ömrü bir daha xatirələrində, yazılarında yaşamaq üçün. Bu baxımdan Marsel Prustun həyat və yaradıcılıq təcrübəsi mənə təsəlli verir. Yaşanmış həyatın, qeyb olmuş illərin sorağını bir daha yazılarınla almaq olurmuş. Bu mövzuda mənim şeirim də var. “Yazıçı ömrünün iki vaxtı var, yaşamaq zamanı, yazmaq zamanı. Yaşamaq zamanı bitdi, tükəndi, gəldi yaşamaqdan yazmaq zamanı”.

– Vaqif Səmədoğluna həsr etdiyniz “Allahla söhbət” adlı qiymətli məqalənizdə yazırsınız: “Poeziya həyatın ölüm üzərində qələbəsidir”. Ölüm sizin üçün nədir – əbədi yoxluq, yoxsa bir dünyadan o birinə getmək? Əgər ikincidirsə, bir dünyadakı həyatı başqa dünyadakı həyat əvəzləyirsə, o, sadəcə ani bir körpü deyilmi və belə çıxmırmı ölüm deyilən şey yoxdur?

– Ölümün mahiyyəti və o dünyanın olub-olmaması o qədər ciddi məsələdir ki, bunu bir müsahibədə müzakirə edib əsaslandırmaq mümkün deyil. Mən bu barədə firiklərimi qismən “Gecə düşüncələri”ndə ifadə etməyə çalışmışam.

– Bir dəfə Rəsul Rza gənc Vaqifin şeirlərini oxuyub və zarafatla deyib: “Vaqif çox irəli gedib. Gərək özümü yığışdırım”. Bilirəm ki, söhbət iki görkəmli şairdən gedir, üstəlik, biri atanız, ikincisi yaxın dostunuzdur. Sizi dilemma qarşısında qoysam da, sualı verəcəm. Sizcə, Ustad bu sözlərlə öz ardıcılına münasibətdə təvazökarlıq eləmirdimi? Vaqif Səmədoğlunun elə bir şeiri varmı ki, Rəsul Rzanın “Vəsiyyət”indən irəli getsin:

…Ölülər geri dönə bilsəydi,

mən bu otağa bir də gələrdim,

burda uzun bir dəqiqə

dincələrdim…

Cənnətdə işim yoxdur,

getmərəm, dəvət etsələr belə,

Cəhənnəmi söndürüb,

bütün ölülər

ora getsələr belə…

Mən xoşbəxt olardım

tabutumu özüm apara bilsəm,

adımı, xatirəmi

yazılı nitqlərdən,

sərin ahlardan qopara bilsəm!

– Vaqifin hansısa şeirini (indi yadımda deyil) atama oxuyanda, doğrudan da, zarafatla o sözləri dedi. Atamın bu sözlərini olduğu kimi gətirərkən onu da əlavə etmişdim ki, heç bir vaxt atamdan başqa bir şairlə bağlı – istər nəsildaşları, istər daha cavanları olsun – belə bir söz eşitməmişdim. Elə bu da Vaqifin poeziyasını nə qədər yüksək qiymətləndirdiyinin göstəricisidir. Özü də bu sözləri elə vaxtda deyirdi ki, o zaman ədəbi əksəriyyət Vaqifi, ümumiyyətlə, şair saymırdı. Yəqin, Sizin nəsil bunu heç cür dərk edə bilməyəcək. Necə olub axı, “sazla yazı”, “canla qanı” qafiyələndirə bilən hər bir qrafoman şair sayılsın, Vaqif kimi unikal sənətkar şair sayılmasın? Atamın sitat gətirdiyin “Vəsiyyət” şeirini mən də çox yüksək qiymətləndirirəm. Amma bu şeiri də, başqa sevdiyim gözəl şeirlərini də Vaqifin şeirlərinə qarşı qoymaq istəməzdim, Hərənin ədəbiyyatda öz yeri var və heç kəs heç kəsin yerini dar eləmir. Əsas olur ki, ÖZ yerini biləsən.

– Yevgeni Yevtuşenko deyirdi: “Mən altmışıncılar nəslini qaralamağa çalışanlara nifrət edirəm. Belə inkarçı münasibətin əsasında bizim nəslə nifrət durur”. Bu fikrin, şübhəsiz ki, həqiqət payı var. Amma insan təbiətinə məxsus bu həsəddən altmışıncıların özlərində də yoxdurmu?

– Şübhəsiz, hər nəsildə olduğu kimi, altmışıncılar nəslindən olanların içində də başqasının uğuruna qısqananlar, ancaq özünü bəyənənlər və özlərini layiq olduğundan qat-qat uca görmək iddiasında olanlar var. Amma Yevtuşenkonun sözləri – onları elə bizim ədəbiyyata da aid etmək olar – daha çox sonrakılardan kütləvi şəkildə altımışıncılara nifrətlə yanaşanlara ünvanlanıb. Axı, bizim altmışıncılardan heç biri sonra gələn nəsillərdən heç kəs haqqında “filankəsin qanını şərbət kimi içərdim” deməyib, heç bir sonra gələnlə bağlı belə etiraflar etməyib: “Bilirəm ki, filankəsə böhtan atıram, onu şərləyirəm, amma bunu qəsdən edirəm ki, qanı qaralsın, şəkəri artsın, təzyiqi yüksəlsin, mən də bir az rahatlanım”.

Yaxşı rahat olmaq üsuludur.

Bizdə də bəziləri kumir saydıqları, pornoqrafik romanlar müəllifi Sorokin “altımışıncılarla mübarizə yalnız onları fiziki cəhətdən aradan götürməklə aparıla bilər” sözlərini həyat devizləri seçmişlər. Normal ədəbi yarışda uduzacaqlarını öncədən bildikləri üçün ümidləri yalnız kimlərinsə ölməsinədir.

– Bir dəfə əvəzsiz tənqidçimiz Yaşar Qarayevin yubileyində aparıcılıq eləyəndə unudub yubilyara söz verməmisiniz. Bu qeyri-adi olayı necə xatırlayırsınız?

– Utanc hissiylə. Bilmirəm necə oldu ki, dərin hörmət bəslədiyim və yubiley gecəsini məmnuniyyətlə apardığım Yaşara tədbirin sonunda söz verməyi unutdum. Düzdür, Yaşar alicənablıqla bu “qəribəliyin” üstünü vurmadı, amma mən bunu həmişə xəcalət duyğusuyla xatırlayıram.

– Məncə, “Söz dünyası”nda ən işıqlı yazı “köhnə dostunuz”, “təzə düşməniniz” Əkrəm Əylisliyə, öz təbirinizlə desək, “Əki balaya” həsr elədiyiniz və 1969-cu ildə “Komsomolskaya pravda”da dərc olunan “İşıqlı pəncərə”dir. Məqalədə yazırsınız: “Ədəbiyyat hər növ insanın bəraət qazanmasıdır”. Əkrəm Əylisli də, sizcə, ədəbiyyatın bəraət verdiyi adamlar sırasına daxildirmi? Yazıçı olmaq kollaborasionizmə haqq qazandırırmı?

– Yaxşı bildiyin kimi, vaxtilə Əkrəm Əylisliylə yaxın dost olmuşuq. Dost olduğumuz illərdə belə o mənim heç bir yazım haqqında xoş bir söz deməsə də, mən onun ilk yazılarını bəyənmişəm və Əkrəm haqqında Moskva və Bakı mətbuatında tərifli yazılar yazmışam. Münasibətlərimiz pozulandan, hətta “Daş yuxuları”ndan sonra da onun təklənməsini istəmədiyimə görə çox illər qabaq rus dilində yazdığım və “Komsomolskaya pravda” qəzetində çap olunmuş məqaləni ərinməyib dilimizə çevirdim, “Azərbaycan” jurnalında dərc edildi. Əkrəmdən, təbii ki, heç bir səs çıxmadı. “Daş yuxuları” da başqa mətbuat orqanlarından çox sonra çıxan və Əkrəmin əvvəlki uğurlarını danmadan bu povesti qınayan yazı Yazıçılar Birliyinin bəyanatı oldu. Bütün olub keçənlərə rəğmən, şübhəsiz, Əkrəm əvvəllər yazdığı bir çox uğurlu əsərləriylə ədəbiyyat tariximizdə qalacaq. Amma adının ləkəsiz qalması üçün gərək “Daş yuxuları” yazmasından peşman olduğunu etiraf etsin və ən azı qaçqınlardan onlar haqqında dedikləri üçün üzr istəsin. Xalqımızın qəlbi genişdi. Belə bir etirafdan sonra, bəlkə də, bu dönüklüyü ona bağışlar. “Yazıçı olmaq kollaborasionizmə haqq qazandırmır” fikrində isə haqlısan.

– Tanınmış şairə, vaxtilə ekranların gözəli olmuş Nurəngiz Günə həsr elədiyiniz “Şeirimizin Nurəngiz günü” adlı yazınız “Yaddaşımızın Nurəngiz günü…” cümləsiylə bitir. Nurəngiz xanımla bağlı yaddaşınızda nələr var?

– Nurəngiz xanımı şairə kimi tanınmaqdan əvvəl radio-televiziyada işlədiyim illərdən onu mahir diktor və gözəl bədii qiraət ustası kimi dəyərləndirirdim. Sonralar nəsr və şeir sahəsində maraqlı əsərlər yaratdı. İşıqlı, üzügülər, ünsiyyətli qadın idi. Ölümü hamımızı kədərləndirdi. Allah rəhmət eləsin. Məmnunam ki, qızı Jalə xanım anasının xatirəsini, adını yaşatmaq üçün əlindən gələni edir.

– Sizin ümumən söz dünyanızın ən əsas məqamlarından biri, bəlkə də birincisi insan və zaman qarşıdurmasıdır. “Söz dünyası”nın dördüncü cildində Rafael Hüseynova həsr etdiyiniz “Vaxt və baxt haqqında düşüncələr” məqaləsində deyirsiniz: “Vaxtın sınağından şərəflə keçmək Baxtın qapısının əbədiyyətə açılmasıdır”. Əbədiyyət sizin üçün nədir – bu dünyada insanın adının əbədiləşməsi, onun heykəlləşməsi, yoxsa ruhun axirətdəki xilası, əbədi cənnət səadəti?

– Ədəbiyyatın baqiliyi həyatın faniliyinə üsyandır. Bu çox ciddi mövzuda əlavə bir söz deməyə ehtiyac duymuram.

– Bu kitabların quruluşunun fəlsəfi altyapısında zamana qalib gələn və ya məğlub olan insan durur. Üçüncü cilddə olduğu kimi, dördüncü cilddə də bu insanlar bütöv bir qalereyadır: Aydın Məmmədov, Nüsrət Kəsəmənli, Arif Əmrahoğlu, Nisəbəyim, Adil Mirseyid, Sabir Bəşirov, Nizaməddin Şəmsizadə, Çingiz Abdullayev, Mövlud Süleymanlı, Çingiz Əlioğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Afaq Məsud, Vaqif Bayatlı Odər, Kamal Abdulla, İsa Həbibbəyli, Vilayət Quliyev, Natiq Rəsulzadə, Elmira Axundova, Kamil Vəli Nərimanoğlu, Vahid Əziz, Nizami Cəfərov, Azər Turan, Elçin Hüseynbəyli, Tehran Əlişanoğlu, Rəşad Məcid, Elxan Zal Qaraxanlı, Salam, Əlizadə Nuri, Səlim Babullaoğlu, İlqar Fəhmi, Pərvin və nəhayət, övladlarınız – Günel və Tural! Kitabı oxuyub qapayıram və vəfatından artıq iki il keçən Nisəbəyimin səsi gəlir: “Ədəbiyyat sizə əmanət, Anar müəllim! Əlvida, ədəbiyyat, əlvida, Anar!”. Uzun sürən ağır xəstəlikdən tezliklə öləcəyini bilən, sanılı günləri qalan bir yazıçının digər yazıçıya ədəbiyyatı belə tapşırması nəinki Azərbaycan, bəlkə də, dünya ədəbiyyatında analoqu olmayan hadisədir. Bir təklifim var: dünyanı vaxtsız tərk eləmiş bu istedadlı şairənin xatirəsini yaşatmaq üçün onun adına poeziya mükafatı təsis etmək və bunu hər il ən yaxşı göstəricilərə nail olan şairələrə vermək olarmı?

– Nisəbəyim həqiqi qiymətini hələ də almamış çox istedadlı və nakam taleli şairə idi. O, ağır xəstə olan vaxtda yazdığı şeirlər çox təsirlidir. Təəssüratımı qələmə aldığım yazıda ifadə etməklə sağalmaz xəstəliyə düçar olmuş insana azacıq da olsa təsəlli vermək istədim. Onun ölümqabağı mənə ünvanladığı sözlər də, bəlkə, bu yazıma cavabdır. Təklifinlə razıyam, Nisəbəyimin adına nə şəkildəsə bir mükafat təsis etmək olar.

– “Söz dünyası”nı oxuyanda Rəsul Rzanın “İnsan şəkli” şeiri yada düşür. Amma bir fərqlə: o öz sərgisinə ancaq qəhrəmanların şəklini asırdı, siz isə həm də antiqəhrəmanları asırsınız. Bu antiqəhrəmanları bir neçə qismə bölmək olar: bəziləri nə vaxtsa sizinlə siyasi, bəziləri isə karyera müstəvisində qarşıdurmada olublar. Amma sırf ədəbi-estetik, uzaqbaşı ideoloji zəmində fikir ayrılığında olduqlarınız da var, məsələn, Kamal Abdulla, yaxud Azər Turan. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında Dədə Qorqudun başından müqəddəslik haləsini çıxarması, yəni postmodernist əsər yazması sizi təəccübləndirir. Bu romanın yazılmasından 20 il keçib, Dədə Qorqud öz Dədəliyindən nəsə itiribmi? Sizcə, hər hansı mətnə onun yazıldığı metodun şərtləri daxilində yanaşmaq lazımdır, yoxsa bütün əsərlərə vahid, ümumi bir rakursdan baxmaq?

– Haqqında yazdıqlarımın heç birini antiqəhrəman saymıram. İntəhası bəziləriylə öz üslublarında bir qədər sərt, bəziləriylə nisbətən mülayim şəkildə mübahisə edirəm. Həmişə yazıçı və alim kimi yüksək qiymətləndirdiyim Kamal Abdulla mənim ən etibarlı dostlarımdandır və onun tək mənə deyil, oğlum Turala da xeyirxah münasibətini heç vaxt unutmuram. Kamal haqqında iki yazımda onun nəsrini, dramaturgiyasını və şair-tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirmişəm, Kamalı mükəmməl realist yazıçı hesab edirəm və hətta özü qəbul etsə belə, onu heç vəchlə postmodernist, illah da bu cərəyanın Azərbaycan variantına aid edə bilmərəm. Məqalələrimdən birində Kamalın Dədə Qorqudla bağlı bədii yazılarında məqbul saymadığım məqamları qeyd etmişdim, bunu şişirdib ara vurmağa çalışanlar olsa da, Kamal yetərincə müdrik və ədalətli ziyalı kimi hər şeyi düzgün dəyərləndirdi. Qədim yunanlar demiş Kamal dostumdur, amma həqiqət daha üstündür. Dədə Qorqud obrazına yanaşması haqqında əvvəlki fikrimdə qalıram.

– Azər Turanın “Kamança kompleksi” məqaləsində Qarabağ məğlubiyyətimizin səbəbini ermənilərə qarşı ifrat humanizmdə görməsinə etiraz edərək yazırsınız: “Azər Turan heç bir erməni yazıçısı “Kamança” pyesi yazmır deyəndə bundan utanmaq yox, bununla qürur duymaq lazımdır demək istəyirsən”. Sizcə, biz nəinki Cəlil Məmmədquluzadənin “Kamança” pyesini, hətta ədəbiyyatımızın “Dədə Qorqud”, “Xəmsə”, “Leyli və Məcnun” kimi şah əsərlərini əlimizdə tutub, ermənilərlə danışığa getsək, Qarabağı azad edə bilərdikmi? Hətta sülh müqaviləsi imzalanandan sonra da ermənilərin silahı yerə qoymaması təsdiq etmirmi ki, “Quran” oxumaqla donuz darıdan çıxmaz?

– Savadını, qələmini layiqincə dəyərləndirdiyim Azər Turanın bir fikriylə razılaşmamışdım. Azər Birinci Qarabağ savaşında uğursuzluğumuzu “Kamança kompleksi” ilə əlaqələndirərək, hardasa milli mərhəmət hissini zərərli sayırdı. Onun bu, zənnimcə, səhv qənaətinə 44 günlük zəfər müharibəmiz cavab verdi. Aydın oldu ki, Mirzə Cəlilin “Kamança” pyesində ifadə olunmuş humanizm, insanlıq prinsipləri xalqın qələbə əzmi üçün Zori Balayanların hay-küyçü “patriotizmindən” daha kəsərli imiş. Azərbaycan ədəbiyyatının, Azərbaycan kinosunun yetişdirdiyi gənclər canları, qanları bahasına Şuşanın sıldırım qayalıqlarıyla durmaşaraq düşməni məhv etdilər. Raffinin, Sero Xanzadyanın, Silva Kaputikyanın əsərləriylə yetişmiş erməni gənclərinin fərariliklərinə imkan verməmək üçün onları zəncirlə səngərlərə bağlayırmışlar. Yalançı və saxta “vətənpərvərlik”, başqa xalqlara nifrət aşılamaq nəticədə öz xalqının başına bəlalar açır. 44 günlük zəfər savaşımız həm də Azərbaycan ədəbiyyatının daşnak ədəbiyyatı üzərində qələbəsidir.

Söhbətləşdi: Əsəd CAHANGİR

(Davamı gələn sayımızda)

Mənbə: https://edebiyyatqazeti.az/