QAYIT

Hələ ki, əvvəlki o ucalıqda,
Gözümdə həmənki çinarsan, qayıt.
Namərdin hər işi, əməli saxta,
Ən incə yerindən sınarsan, qayıt.

İblislər, şeytanlar dolar başına,
Hər dindən, imandan edərlər səni.
Çevirib bir kəntöy sapand daşına,
Sonuncu gümandan edərlər səni.

Son yarpaq kimidi son ümid… dedik…
İstisi, soyuğu, küləyi bəlli.
Fələyin əlində yaxamız didik,
Göydə fırım-fırım ələyi bəlli.

Görərsən bir quru adsan eləcə,
Şəst ilə girdiyin o dam yıxılıb.
Özün öz ömrünə yadsan eləcə,
Sən adda, biçimdə adam yıxılıb.

Dönüb baxarsan ki, körpülər yanıq,
Dönüb baxarsan ki… üz yeri… olmaz…
Qəlbində yüzünə yer ayıranın,
Kimsənin qəlbidə öz yeri olmaz.

Hələ ki, əvvəlki o ucalıqda,
Gözümdə həmənki çinarsan, qayıt.
Namərdin hər işi, əməli saxta,
Ən incə yerindən sınarsan, qayıt.

DAHA…

Sən gördüyün sobaların,
Tüstüsü çəkilib daha.
Od püskürən əllərimin,
İstisi çəkilib daha…

Arxların suyu yoxalıb,
Qazılan quyu çoxalıb.
Ürəyim yaman yuxalıb,
Bəstəsi çəkilib daha.

Nə istəyir dən bu teldən?
Çəkilməyir çən bu beldən.
Koroğlunun Çənlibeldən,
Dəstəsi çəkilib daha.