Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Sən yadıma düşəndə
günəşə göz atıram, gözlərimi yandırır.
O parıltı sənsənmi? qalan ağlımı alır.
Sən yadıma düşəndə
kəndimizin şəklini ürəyində daşıyır içimdəki boz divar.
O kənd sənə tanışdı? Səsin kəndə aparır, mənə tanış o civar.
Sən yadıma düşəndə
ay günəşlə yarışmır, günəş ayla öpüşür.
O ay sənin dostundu? Mənə səndən danışır, sözünü kəsməyəndə darıxmağım ötüşür.
Sən yadıma düşəndə
İçir gülür babalar, gözündə cavanlaşır ən deyingən qarılar.
O cürünü görmüsən?!
Elə bil çiçəklərdən toz daşıyır arılar.
Sən yadıma düşəndə
Dənizdə qayıq batır, əllərimdən yapışır kömək istəyən qollar.
O dənizi bilirsən? Necə xoşbəxt olurlar, neçə yuva qururlar on bir rəngli balıqlar…
Sən yadıma düşəndə
Düşür yadıma yollar. Yeridikcə hər küçə, səssiz dolanmış qollar.
O qolların ağrımır ələndikcə yağışlar?!
Mənəm də, Allah haqqı, sən yadıma düşdükcə sonunu dəyişırəm- xoşbəxt bitir nağıllar.